Urmiya gölü quruyarsa, İranın dörddə bir hissəsində toz və duz fırtınaları baş verəcək. Bunu İranın Okeanoqrafiya Milli İnstitutunun prezidenti Vəhid Çegini deyib.
Onun sözlərinə görə, gölün quruması nəticəsindən Mazandaran, Gilan, Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Tehran, Qəzvin və başqa əyalətlərdə ekoloji fəlakət baş verəcək.
Lent.az-ın İRNA agentliyinə istinadən məlumatına görə, Çegini əlavə edib ki, quraqlıqlar Urmiya gölünün suyunun azalmasında böyük rol oynayıb.
"Hazırda İranın Ekologiya və Energetika nazirlikləri, ətraf əyalətlərin icra aparatları bu problemin həlli istiqamətində işlər görür. Ümid edirik ki, görüləcək işlər gölün qurumasının qarşısını alacaq",- Çegini deyib.
Rəsmi statistikalara əsasən, Urmu gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər bir litr suda 400 qram duz mövcuddur.
Gölün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən ara məntəqə kimi istifadə edir. Fasiləsiz quraqlıq ucbatından Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.
İran hakimiyyəti göldəki böhran vəziyyəti aradan qaldırmaq məqsədilə Araz çayının suyunun Urmiyaya axıdılması layihəsi üzərində işlədiyini bəyan etsə də indiyə kimi əməli bir iş görülməyib. Həmin plana əsasən, Arazdan gölə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin gerçəkləşdirilməsi üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırıldığı deyilsə də indiyə kimi İslam Respublikasının parlamenti bu məsələnin müzakirəsinə laqeyd yanaşıb.
İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmu gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı.
BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmu gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.
Beləliklə, Urmiya gölü quruyur, rəsmilər bəyanat verir, çeşidli bəhanələr gətirir.