GÜNÜN ŞƏRHİ
Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra Türkiyə siyasəti yeni mərhələyə qədəm qoyub. Ərdoğan həm baş nazir vəzifəsini, həm də Ədalət və İnkişaf Partiyasının lideri postunu başqasına təhvil vermək məcburiyyətindədir. Hazırda Türkiyədə əsas müzakirələr bu iki önəmli kreslonu kimin tutacağı mövzusu ətrafında gedir. Çankaya köşkünü tərk etməyə hazırlaşan prezident Abdulla Gül AKP-yə dönəcəyini bəyan etməklə AKP lideri və baz nazir vəzifəsinə iddiasını ortaya qoyub. Lakin Ərdoğanın Abdulla Gülün hakim partiyanın və hökumətin başına keçməsində o qədər də maraqlı olmadığı bildirilir. Çünki o, Abdulla Gül kimi eqosu yüksək və nisbətən müstəqil siyasətçi yerinə, daha sözəbaxan və prezidentin kölgəsində qalmağa etiraz etməyəcək bir fiqurun ön plana çıxmasında maraqlıdır. 2015-ci ilin yayında ölkədə növbəti parlament seçkilərinin keçiriləcəyini də nəzərə alsaq, yaxın aylarda həm AKP-də, həm də ümumən Türkiyə siyasətində aktivliyin və dinamikanın getdikcə artacağını söyləyə bilərik.