İçərişəhər «Cümə» məscidi dini icması Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirəcək. Lent.az-ın məlumatına görə, İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli soyqırımın ildönümü ilə bağlı bildirib ki, bəzən bütün cəmiyyətimizə yad olan və hansısa başqa ölkələrin mənafeyini güdən ünsürlər belə bir şaiyə yayırdılar ki, guya vətəni və onun müstəqilliyini qorumaq üçün öldürülənlər şəhid hesab olunmur. Bu ya dinimizi dərindən başa düşməməyin və yaxud onu təhrif etməyin və başa düşmək istəməməyin nəticəsidir: “Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində faciənin ildönümü ilə bağlı böyük toplantı keçirilib, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar bəyanat qəbul edib, respublikamızın bütün məscidlərində, dini icmalarında matəm tədbirlərinin keçirilməsi tövsiyə olunub. Bununla əlaqədar hər il olduğu kimi İçəri şəhər «Cümə» məscidində müvafiq hazırlıq işləri görülüb. Fevralın 26-da məsciddə faciə qurbanlarının, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə dualar oxunacaq, ehsan mərasimi təşkil olunacaq”.