Hz. Məhəmməd müharibələrdə özü döyüşüb və kimisə öldürüb?
29 oktyabr 2016 10:40 (UTC +04:00)

Hz. Məhəmməd müharibələrdə özü döyüşüb və kimisə öldürüb?

Peyğəmbər kimə qarşı müşriklərlə birgə döyüşüb? Hz. Məhəmməd nə üçün məhz Mədinəyə hicrət edib?

“Hz. Məhəmməd Məkkədə dünyaya gəlib. 40 yaşında ona Allah tərəfindən peyğəmbərlik vəzifəsi verilir və o ətrafındakı insanları haqq dinə dəvət edir. İlk zamanlar məkkəli müşriklər Allah rəsulunun fəaliyyətinə çox müdaxilə etmirlər. Lakin Məkkədə müsəlmanların sayı çoxaldıqca qorxuya düşən müşriklər  peyğəmbərə və ailəsinə daha çox təzyiq göstərməyə başlayırlar”.

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Məmmədov “Yaşıl orta”  verilişində deyib. O bildirib ki, islama qədər Məkkədə 360-a yaxın büt olub: “O dövrdə bütpərəstlik hakim idi. Həcc mövsümündə ətraf bölgələrdən, qəbilələrdən insanlar Məkkəyə gəlir, təhrif olunan qaydada Həcc ibadətini yerinə yetirirdilər. Həmin müddətdə bazarlarda alış-veriş edir, bundan da Məkkənin zəngin insanları xeyli qazanırdılar. Onlar yeni yayılan dinin, yəni islamın qurduqları düzəni pozacağından qorxurdular. Odur ki, var gücləri ilə islama və Allah rəsuluna qarşı çıxırdılar. Məkkədə peyğəmbər və ailəsi, digər müsəlmanlar çox böyük təzyiqlərə məruz qalırdılar. Məcburən ilk hicrət gerçəkləşir və müsəlmanlardan ibarət bir heyət Həbəşistana hicrət edir. Amma hicrətlə də təzyiqlər bitmir. Əksinə daha da ağırlaşır”.

R.Məmmədov peyğəmbərin Mədinəyə hicrəti haqqında da məlumat verib: “Gün keçdikcə şiddətlənən təzyiqlər nəticəsində 150 müsəlman ailə, o cümlədən də Hz. Məhəmməd peyğəmbərliyin təxminən 7-8-ci illərində Məkkədən Mədinəyə hicrət edir.  O zaman Mədinədə 8 minə yaxın əhali yaşayırdı. 3 yəhudi, 2 ərəb qəbiləsi vardı. Əhalinin yarısı yəhudi, yarısı isə ərəb idi. Peyğəmbər hicrət edəndə Mədinədə artıq təxminən 1000 nəfər müsəlman vardı. Müşriklər hicrət zamanı da Hz. Məhəmmədi təqib edir, onu öldürmək istəyirlər. Lakin peyğəmbər sağ-salamat Mədinəyə çatır və fəaliyyətinə orada davam edir”.

İlahiyyatının bildirdiyinə görə hicrət illərində də müşriklər müsəlmanlardan əl çəkmir, yenə də onlara təzyiq göstərməyə davam edirlər: “ Məkkə fəthinədək müsəlmanlarla müşriklər arasında müharibələr baş verir. Peyğəmbər bir sərkərdə olaraq döyüşlərdə iştirak edir. Amma Allah rəsulu nə peyğəmbərlikdən öncə, nə də sonra bir insanı öldürmür. Məkkənin fəthində 10 min nəfərlik ordu iştirak edir. Şəhər dinc şəkildə, döyüşsüz təslim olur. Müsəlmanlar Məkkəyə bir neçə qapıdan girir. Yalnız bir qapıdan keçərkən müşriklər tərəfindən silahlı hücuma məruz qalırlar. Qarşıdurmada hər iki tərəfdən 20 nəfərin həlak olduğu bildirilir. Peyğəmbər və müsəlmanlar Məkkəyə daxil olub, Kəbəyə üz tuturlar. Kəbənin içi bütlərdən təmizlənir və Bilal dama çıxaraq azan oxuyur. Beləliklə, Məkkə döyüşsüz fəth olunur və islam dini ilə şəhərin çöhrəsi dəyişir”.

İlahiyyatçının sözlərinə görə, Məkkə fəth olunandan sonra peyğəmbər ona qarşı döyüşən müşrikləri, hətta doğmalarını öldürən insanları da bağışlayır. Heç kimə islama etiqad etməsi üçün təzyiq göstərilmir və tədricən müşriklər də islamı könüllü şəkildə qəbul edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar