Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.Gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir.
Həmçinin, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.
Azərbaycan Respublikasının son dövrlərdə keçdiyi sürətli inkişaf yolunun qazanılmasında Azərbaycan gənclərinin də müəyyən xidmətləri olmuşdur. Bu ilk növbədə dövlətin gənclərə böyük inamının və güvəncinin təzahürüdür. Son illər ərzində Azərbaycan gənclərinin müasir dövrün elmi biliklərindən və nailiyyətlərindən bəhrələnməsi, xarici ölkələrin ali məktəblərinə təhsil almağa göndərilməsi, ixtisaslı kadrlar kimi yetişməsi üçün mühüm addımlar atılmışdır.
Azərbaycan gənci ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünməli, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirməlidir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayır. Məhz buna görə də millətimizin problemlərini müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin təşkilatlanması, zamana uyğun aktivliyi vacib məsələdir. Milli mənafeləri müdafiə etmək prosesində qarşıya çıxan problemləri həll etmək üçün iradə, siyasi dözüm, vətənpərvərlik, siyasi məsuliyyət kimi xüsusiyyətləri formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir.
Nailə Məmmədova
Azerbaijan Realities