“1993-cü ildən peşəkar səhnədəyəm. 1995-ci ildən qastrollara getmişəm. Uşaqlıqdan arzum idi ki, öncə Azərbaycanı qarış-qarış gəzim. Rayonların adını eşitmişdim, amma heç birində olmamışdım. Arzum idi ki, öncə Azərbaycanı gəzim, sonra Rusiyaya, daha sonra Avropaya çıxım. Belə də oldu. 2 il ərzində bütün rayonlarda oldum. Amma sərhəddən kənar ilk səfərim Rusiyaya olub. Avropada isə ilk olaraq İsveçdə, Malmö şəhərində çıxış etmişəm. Qastrollara xalq artisti Kamil Vəzirovun rəhbərliyi ilə Mahnı Teatrının ansamblının tərkibində gedirdik. Bu ənənə dahi sənətkar Rəşid Behbudovdan qalmışdı – qastrol olmayanda darıxırdıq”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, xalq artisti Gülyanaq Məmmədova deyib.
Qonaq, 2015-ci ilin onun üçün uğurlu olduğunu bildirib: “2014-cü ilin sonunda xalq artisti adına layiq görüldüm. 2015-ci ilin fevral ayında isə arzusunda olduğum Leyli obrazını canlandırdım. Mart ayında ABŞ-da səfərdə oldum. Novruz bayramı ərəfəsində yaddaqalan çıxışım oldu. Ümumiyyətlə, tək ötən il yox, ondan öncəki illər də mənim üçün uğurlu olub”.
Xalq artisti ən yaddaqalan qastrol səfərlərini xatırlayıb: “Ən yaddaqalan səfərim İsveçin Malmö şəhərində olub. 40 ölkədən olan musiqiçilərin iştirak etdiyi festivala qatıldım. Festivalda yer olmur, amma ən çox hansı iştirakçı bəyənilirsə, o da birinci hesab olunur. O festivalda çox axın Azərbaycan musiqisinə oldu. Proqram elə qurulmuşdu ki, hər ölkənin təmsilçiləri ayrı-ayrı saatlardan çıxış edirdilər. Səhnəyə çıxanda gözümə inanmadım. 10-15 dəqiqə ərzində 25-30 min tamaşaçı toplandı. Hətta konsertdən bir gün sonra gəzməyə çıxanda küçədən səsimizi eşitdik. Məəttəl qalmışdıq ki, insanlar səsimi necə yazıblar? Strasburqdakı çıxışımız da yaddaqalan olmuşdu. Mərhum prezident Heydər Əliyev və ailəsi, eləcə də bir çox ölkələrindən olan nümayəndələrin qarşısında çıxış etdik”.
Gülyanaq Məmmədova böyük bacısı Rəhimə xanım haqqında da etiraflar edib: “O zaman indiki kimi müsabiqələr yox idi. Sənətkarlar bölgələrə səfər edir və istedadları seçirdilər. Yaşı düşənləri Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edirdilər. Digərləri isə yekun konsertdə iştirak edir, diplomla təltif olundular. Şövkət Ələkbərova hər zaman saçlarımı oxşayar, “bu qızın gələcəyi var” deyərdi. Böyük bacımız Rəhimə Asəf Zeynallı adına Texnikumda təhsil alırdı. Amma 2-ci kursda ikən ailə qurdu. Müəllimi Nəriman Əliyev bilmirdi ki, biz onun bacılarıyıq. Soruşdu ki, “Şəkidən Rəhimə adlı qızı tanıyırsız? Ona deyin ki, dərsə gəlsin”. Biz deyəndə ki, “evə çatanda deyərik” əsəbiləşdi, əlini masaya çırpdı və dedi: “Gedin ona deyin ki, onun səsindən yoxdur. Heyfdir, valideynlərinizə deyin qoyun o, dərsə gəlsin. Biz iki bacı da onun sinfini bitirmişik. Hətta maestro Niyazi də ona imtahansız qulaq asıb, bəyənmişdi. Möhlət Müslümov, Fəxrəddin Dadaşov deyir ki, biz iki bacı Rəhimənin yanında heçik. Rəhimə təhsilini bitirib diplomunu aldı, amma onu səhnəyə çıxmağa qoymadılar. İndi biz oxuyanda kövrəlir. Hər dəfə biz muğam oxuyanda ağlayır”.
Xalq artisti bildirib ki, böyük hədəflərə çatmaq üçün mütləq özünə inam olmalıdır: “Hər zaman deyirdim ki, “mən bu kənddən çıxacam, oxuyacam”. Məqsəd, inam olmalıdır. Uşaq vaxtı o qədər də gözəl səsim olmayıb. Həmişə Gülyaza sığınırdım. Bəlkə də məndən yaxşı oxuyanlar var idi. Ola bilər şanslı olmuşam. İnadkar insanam. Qarşıma məqsəd qoyanda mütləq ona nail olmalıyam. Leylini canlandırmağım da inadkarlığım sayəsində olub. Getdim, müraciət elədim, qəbul etdilər. Hər zaman bu rolun arzusunda olmuşam, amma qastrollarım çox olduğuna görə hər dəfə təxirə salınırdı”.