Gülüstan müqaviləsinin imzalanmasından 202 il ötür  - <span style="color:red;">TARİXDƏ BU GÜN
12 oktyabr 2015 19:13 (UTC +04:00)

Gülüstan müqaviləsinin imzalanmasından 202 il ötür - TARİXDƏ BU GÜN

202 il bundan əvvəl sahilində yaşadığımız Xəzər dənizinin cənub sahillərindən ayrı düşdük. Araz çayı vətənimizi iki hissəyə ayırdı. Çar Rusiyası və İranın işğalçı siyasəti nəticəsində Gülüstan müqaviləsi imzalandı və torpaqlarımız iki imperiya arasında bölündü. 1813-cü ilin 12 oktyabr tarixində.

 

XVIII əsr ərzində kəsilmək bilməyən İran-Osmanlı müharibələri hər iki dövləti o qədər əldən salmışdı ki, Gülüstan və Türkmənçay müqavilələri imzalananda İran faktiki olaraq Qafqaz üzərində heç bir hakimiyyətə malik deyildi. Çar Rusiyasının Osmanlı imperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsinə əsasən, Osmanlı imperiyası rusların Qafqazı işğalını tanımış, bu torpaqlara iddiasından əl çəkmişdi. 1812-ci ildə Napoleonun Rusiya hücumundan yararlanmağa çalışan İran vəliəhdi Abbas Mirzə Qacar Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də, ruslar tərəfindən dəf edilir. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində I Rusiya-İran müharibəsinin yekunlaşdığını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adı ilə Gülüstan müqaviləsi kimi daxil olur.

 

Tarix elmləri doktoru Kərim Şükürovun dediyinə görə, Gülüstan müqaviləsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir: "O zaman Azərbaycan xanları vahid dövlət yaratmaq uğrunda mübarizə apardılar. Məsələn, bunların içərisində urmiyalı Fətəli xan, qubalı Fətəli xan, şəkili Hacı Çələbi xan, Qarabağlı İbrahim xan. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bunlar məntiqi sonluğuna çatmadı".

 

Tarixçinin sözlərinə görə, Gülüstan müqaviləsinədək olan dövr həm də Rusiya-Azərbaycan müharibəsi illəri kimi öyrənilməlidir: "Burada çox mühüm bir məsələ var. Uzun müddət bizim tariximiz 1804-1813-cü illər Rusiya-İran müharibəsi kontekstində öyrənilib. Amma biz 1803-cü ildə Rusiya imperiyası ilə Azərbaycan arasında müharibə aktının olmasını da qeyd etməliyik. Onda bizim tarix daha düzgün və obyektiv öyrənilə bilər".

 

Gülüstan müqaviləsinin şərtlərinə əsasən, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərti ilə yerdə qalan bütün xanlıqlar Rusiyaya verilir: "Tarixdə bir alternativlik məsələsi də var. Bu alternativlik nədən ibarətdir. Tutaq ki, hadisələr belə cərəyan etməsə və yaxud başqa cür cərəyan etsə, tarixin inkişafı necə ola bilərdi? Bunu biz ancaq idraki dərketmə vasitəsilə söyləyə bilərik. Təbii ki, Azərbaycan xanlıqları birləşsəydi, vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti yaransaydı, xalqın, dövlətin, ordunun qüvvələri ümumxalq problem ətrafında birləşsəydi, bunların şərtlərini elə o zaman aradan qaldırmaq mümkün ola bilərdi".

 

Tarixçinin dediyinə görə, Gülüstan müqaviləsi 13 maddədən ibarət idi. Amma İran tərəfi müqaviləyə separat akt əlavə etmişdi. Separat aktın mahiyyəti ondan ibarətdir ki, İran Rusiya ilə ərazi və sərhəd məsələlərinin müzakirə hüququnu özündə saxlayırdı.

 

Rusiya məqsədinə tam çata bilmədiyi üçün 1826-cı ildə müharibənin ikinci mərhələsi başlayır. Amma savaşa İran start verir. Çünki I Nikolay hakimiyyətə gələndə ölkədə dekabristlər hərəkatı baş qaldırır və İran Rusiyanın daxilindəki qarışıqlıqdan yararlanmaq istəyir. Yeni müharibənin başlanması ilə Gülüstan müqaviləsi əhəmiyyətini itirir. Amma sonda zəfər çalan ruslar olur və 1828-ci ilin fevral ayının 10-da Türkmənçay müqaviləsi imzalanır. Bu dəfə Gülüstan müqaviləsinin şamil olunmadığı Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya qatılır.

 

Tarixçi alim bildirir ki, Türkmənçay müqaviləsi 16 maddədən ibarətdir: "O müqavilə əvvəlkinə nisbətən çox diqqətlə imzalanmışdı. Burda mən bir faktı da demək istəyirəm ki, bu da tarixi hadisənin dərk edilməsinə kömək edir. Müqavilənin imzalanma vaxtını Abbas Mirzənin münəccimləri seçmişdilər. Onlar deyirdilər ki, fevral ayının 10-da gecə saat 00:00-da ulduzların düzülüşü elədir ki, uğurlu gün hesab olunur. Maraqlıdır ki, Türkmənçay müqaviləsinin şərtləri indiyədək qüvvədə qalır".

 

Kərim Şükürovun sözlərinə görə, 1921-ci ildə Rusiya və İran arasında bağlanmış dostluq və əməkdaşlıq haqqında müqavilə ilə Türkmənçay müqaviləsi qüvvədən düşüb. Lakin onun şərtləri yeni müqavilədə əks olunub. Xüsusən də Türkmənçay müqaviləsinin ərazilərin bölüşdürülməsi haqqında maddəsi...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar