Ekspert: "Erkən nikah probleminə qarşı mübarizəyə atalar da cəlb olunmalıdır"
“Erkən nikahlarla bağlı statistik rəqəmlər bir o qədər də narahatedici olmasa da, hər bir faktın olmağının özü belə bir narahatlıqdır. 2011-ci ilin rəsmi statistikasına görə 5138 erkən nikah qeydə alınıb. Amma aparılan tədqiqatlar, təhlillər, hazırlanan təklif və tövsiyələr nəticəsində Azərbaycan hökuməti bu məsələyə ciddi həssaslıqla yanaşdı və Ailə Məcəlləsində nikah yaşı bərabərləşdirildi. Məhz bu qanundan sonra, eyni zamanda Cinayət Məcəlləsinə nikaha məcburetmə maddəsinin əlavə edilməsindən sonra həqiqətən də erkən nikahların sayında azalma hiss olundu”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib.
Qonağın sözlərinə görə, Azərbaycanda 2012-ci ildə 295, 2013-cü ildə 229 erkən nikah faktı qeydə alınıb: “Bu, 18 yaşadək nikaha girən qızların sayıdır. Digər bir statistika 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlıdır. Burada statistika bir az fərqlidir. Məsələn, 2011-ci ildə bu yaş qrupuna daxil qızlar 4392 uşaq dünyaya gətirib. 2012-ci ildə bu rəqəm 3236, 2013-cü ildə 2855 olub. Yəni, bu kateqoriya üzrə də tendensiya azalmaqdadır. Amma 2014-cü ildə 17 yaşadək qadınlar 3098 uşaq dünyaya gətirib. Bu doğulan uşaqların sayına görə biz deyə bilərik ki, həmin il təxminən 3000-3500 arası erkən nikah olub. Hər bir halda bir faktın özü belə narahatlıq doğurmalıdır”.
Aynur Veysəlova dövlətin erkən nikahlar probleminin həlli istiqamətində gördüyü işlərdən danışıb: “Bu gün komitəmiz tərəfindən maarifləndirmə işləri ilə yanaşı qanunvericilik bazasının təkmilləşdirilməsi də nəzərdə tutulur. “Valideyn məsuliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır. Araşdırmalarımız göstərir ki, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Ailə Məcəlləsində müvafiq maddə olmasına baxmayaraq, valideynlər bir çox hallarda öz uşaqlarına qarşı çox məsuliyyətsiz və biganə yanaşırlar. 21-ci əsrdə, açıq, informasiya cəmiyyətində yaşayırıq, xüsusilə gənclərimiz çox savadlı, dünya görüşlü, bilikləri və bacarıqları insanlar olmalıdır. Bütün ailələr uğurlu olmur, bütün qadınlar ömrünün sonuna kimi həyat yoldaşları ilə birgə yaşamır. Ər əmək qabiliyyətini itirə bilər, gənc yaşda vəfat edə bilər. Bəs tək qalan qadın öz ailəsini necə dolandıracaq, uşaqlarını nəyin hesabına təmin edəcək? Əlbəttə ki, bacarıqlarının hesabına. Biz valideynlərimizə onu demək istəyirik ki, xahiş edirik ki, heç olmasa 10-15 il sonranı görsünlər. Vaxtından əvvəl qız uşaqlarını ailə qurmağa məcbur etmək olmaz, o uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olurlar. Erkən nikahların əsas fəsadları ana və uşaqlar arasında ölüm hallarının çoxalması, doğulan uşaqlar arasında xəstə və əlil uşaqların çoxalmasıdır”.
Komitə nümayəndəsi deyib ki, qız 18 yaşına çatanda şəxsiyyət kimi yetişir və o özünü tamam bir insan kimi hiss edir: “15-16 yaşında bir qızı 25-30 yaşlı kişi ilə evləndirmək nə deməkdir? Onların düşüncəsi belə bir-birinə uyğun gəlmir. Ailə çox tərəfli münasibətlərdir, xüsusi olaraq qadın və kişi, ər və arvad arasında olan münasibətlər var ki, çox zaman bu fizioloji, psixoloji uyuşma olmayanda ailədəki ab-hava çox pis olur, insanlar bir-birinə yadlaşır. Burada anlaşma, psixoloji münasibət, təlim tərbiyə, qazanılmış gəlirin idarə olunması var. Bizim əsas məqsədimiz maarifləndirmə işlərini aparmaq və bu işi daha da gücləndirmək, eyni zamanda effektiv maarifləndirmə aparmaqdır”.
Aynur Veysəlova deyib ki, təkcə şagirdlər, yuxarı sinif məktəbliləri arasında aparılan maarifləndirmə işi effekt verməyəcək: “Çünki məktəblinin şüuruna yeni bir informasiyanı daxil edirik, amma evdəki mühitdə yenə də valideyndən asılı vəziyyətdə qalır. Ona görə də biz həm də valideynlərlə iş aparmalıyıq. Burada xüsusi bir məqam var, maarifləndirmə işinə atalar cəlb olunmalıdır. Eyni zamanda hər hansı bir kəndə belə söhbətlər aparılırsa, mütləq həmin kəndin nüfuzlu adamları, xüsusilə din xadimləri, müəllimləri, hörmətli şəxsiyyətləri mütləq bu haqda insanlara düzgün məlumatlar çatdırmalıdır. Sözsüz ki belə olanda insan həm tibbi cəhətdən, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyini anlayır. Valideyn hərtərəfli məlumat alanda onda övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayır”.
Qonaq ailədə atanın rolunun düzgün qiymətləndirilməli olduğunu deyib: “Düzdü, əsas tərbiyə edən, uşaqların qayğısını çəkən anadır, amma çox vacibdir ki biz ataya gəlir mənbəyi kimi baxmayaq. Xüsusilə uşaqların keçid yaş dövründə atanın tərbiyəsi, rolu çox vacibdir. Bir çox hallarda ata var olduğu halda uşaqlar atanın varlığını hiss etmirlər. Mərdlik, kişilik, dözümlük obrazı model olmalıdır, bu baxımdan xüsusilə biz maarifləndirmə ataları cəlb edirik. Filmlərin, sosial çarxların nümayişi vacibdir. Nə qədər danışsaq da, söz görünmür, amma bir əyani vəsait, 3-5 dəqiqəlik filmə baxandan sonra film onları dəyişir”.
Aynur Veysəlov erkən nikah faktlarının bütün dünya ölkələrində qeydə alındığını deyib: “Erkən nikah problemi təkcə Azərbaycanda, Orta Asiyada yoxdur, dünyanın hər yerində erkən nikah problemi var. Mərkəzi, hətta Qərbi Avropanın özündə belə biz erkən nikahlara rast gəlirik. Bunun mənşəyi nə qədər müxtəlif olsa da, axırda gəlib bir neçə amildə toplaşır. Bunlar sosial, psixoloji, mədəni amillərdir. Bəzən qızlarını erkən nikaha maddi duruma görə məcbur edənlər olduğu deyilir, amma elə imkanlı ailələr var ki, onlar da öz uşaqlarını erkən ailə qurmağa məcbur edirlər”.
Qonaq erkən nikaha məcbur etməyə görə tətbiq olunan cəzalar barədə də məlumat verib: “Cinayət Məcəlləsinin 176-cı maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə 2000 manatdan 3000 manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Yəni kimliyindən asılı olmayaraq qadını heç kimsə nikaha məcbur edə bilməz. 2-ci bənddə isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə 4000 manata qədər cərimə və yaxud 4 ilə qədər həbs nəzərdə tutulur. Məcbur edən ata olsun, ana olsun, yaxud qəyyumlar olsun, fərqi yoxdur, Cinayət Məcəlləsində cəza müəyyənləşib”.
420