Onlar intihar və ya elə eyni formada təcavüz edə bilərlər
Azərbaycan Ordusunda baş vermiş dəhşətli hadisələr barədə “Yeni Müsavat” qəzetində dərc olunmuş materiallar insan qanını donduran səhnələrlə zəngindir. Hərbçilərimizin, hətta zabitlərin bu çirkin, utancverici əməlləri yəqin ki, uzun müddət yaddan çıxmayacaq. Söhbət Respublika Hərbi Prokurorluğu tərəfindən istintaqa cəlb edilən 5 nəfər hərbçinin işi üzrə cinayət işindən gedir.
Yekunlaşan istintaqdan sonra məlum olur ki, «N» saylı hərbi hissənin zabiti, leytenant Xəqanı Bəkir oğlu Cavadov kiçık çavuşlar - Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevlə əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib. Ermənilər də həmin əsgərlərdən istifadə edərək ordumuzun mövqeləri barədə məlumat almaqla yanaşı, onların əli ilə Azərbaycan ərazisində partlayışlar törətməyi planlaşdırıblar.
Cinayət işinin detalları, mahiyyəti barədə mətbuat artıq geniş materiallar yer almaqdadır. Bizi isə hadisənin başqa tərəfi, təcavüzə məruz qalan, təzyiqlərlə üzləşən əsgərlərin gələcəyi, onların normal həyata necə adaptasiya olacağı maraqlandırır: hərbi xidmətdə bu cür hadisələrlə üzləşən gənclərimiz hansı psixoloji zərbələrlə üzləşirlər? Biz bu gəncləri bir vətəndaş olaraq itirdikmi? Onları yenidən bir şəxsiyyət olaraq geri qazana bilərik?
Hərbi ekspert, psixoloq Azad İsazadə deyir ki, təcavüzə və zorakılığa məruz qalan hərbçi səbəbdən asılı olmayaraq həmən hərbi qulluqdan azad olmalıdır: “Onlar mütəxəssislər tərəfindən reabilitasiya proqramına cəlb olunmalıdırlar. Bu, birmənalıdır. İstər əsgər döyüş vaxtı əsir düşsün, istər də hansısa ayrı formada təcavüzə məruz qalsın, bunları mülki həyata normal şəkildə necə qaytarmanın yolları var. Bunun üçün xüsusi proqramlar var”.
Amma hələ ki, bu proqramlardan Azərbaycanda istifadə etmirlər. Bunu da bizə psixoloq bildirdi. Azad İsazadə deyir ki, bu cür hərbiçilərlə bizdə bəzi QHT-lər maraqlanırlar. Hazırda başqa məkan olmadığı üçün psixoloq məsləhət görür ki, təcavüzə məruz qalan əsgərlər elə həmin qeyri-hökumət təşkilatlarına müraciət etsinlər ki, bəlkə az-çox peşəkar yanaşma ilə rastlaşalar.
Hadisə artıq rəsmi orqanlar tərəfindən təsdiqlənib və bu barədə cinayət işi qaldırılırsa, demək, dövlət də bu məsələyə laqeyd yanaşa bilməz. Məsələnin həllini yalnız könüllü şəkildə fəaliyyət göstərən QHT-lərə buraxmaqla da problemi çözə bilmərik.
Psixoloq bildirir ki, günahkarların cəzalandırılması işin birinci etapıdır, sonra dövlət mütləq zərərçəkənləri reabilitasiya mərkəzlərinə göndərməlidir: “Bu insanlar ciddi psixoloji yardım almalıdırlar. Müdafiə Nazirliyinin və DİN-nin hərbi hospitallarında da bu məsələni həllə etmək mümkündür. Çünki bu hospitallarda psixoloji yardım xidmətləri mövcuddur. Əgər zərərçəkənlər artıq hərbi qulluqdan azad olunubsa, onda onların reabilitasiya məsələsini Səhiyyə Nazirliyinə tapşıra bilərlər”.
Avropada bu cür məsələlərə daha ciddi yanaşırlar. Psixoloq deyir ki, orada keçmiş hərbiçilərin ittifaqları belə vəziyyətdə işə qarışır. Bundan başqa, Avropa ölkələrinin əksəriyyətində hərbi obudsman institutu mövcuddur. Azad İsazadə deyir ki, həmin obudsmanlar da hərbiçilərin marağını dövlət səviyyəsində qoruyur. Eyni zamanda, həmkarlar ittifaqları da hüquqların qorunması ilə məşğul olurlar. Bizdə isə bu institutların heç biri olmadığına görə, işə mülki obudsman qarışmalı, bu problemi dövlət səviyyəsində həll etməlidir.
Mövzunun başqa bir cəhəti də var. Bu cür sındırılmış insanlar reabilitasiya proqramlarından keçməzsə, cəmiyyət üçün nə qədər təhlükəli ola bilərlər?
Azad İsazadə deyir ki, əgər təcavüz faktlarının üstü tezliklə açılmazsa və bu insanlar hərbi xidmətdə qalmaqda davam edərsə, vəziyyət daha təhlükəli ola bilər: “Bu insanlar özlərindən sonra gələn gənc əsgərləri eyni vəziyyətə salmağa çalışa, zorakılıqlar edə bilərlər. Eyni zamanda, intihara cəhd edə bilərlər. Bu insanların psixologiyaları ciddi zərər aldığından onlar mülki həyata qayıtdıqda da ətrafları və özləri üçün təhlükə mənbəyi hesab oluna bilərlər. Ona görə də zərərçəkənlər mütləq peşəkar reabilitasiya proqramlarından keçməlidirlər.”.
Səbinə Əvəzqızı
Ekspert: “Təcavüzə məruz qalan əsgərlər təhlükəlidirlər”
958