Diş çəkdirəndə ölməmək üçün həkim <span style="color:red;">MƏSLƏHƏTİ
14 sentyabr 2019 17:45 (UTC +04:00)

Diş çəkdirəndə ölməmək üçün həkim MƏSLƏHƏTİ

İki gün əvvəl Neftçala rayonu, Cəngən kəndi sakininin Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərkən dünyasını dəyişməsi barədə məlumat yayılıb.
 
Məlumata görə,  41 yaşlı Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulan keyidici iynədən şoka düşərək dünyasını dəyişib.
Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.
 
Diş həkimi Zəlimxan Məmmədli bu hadisə ilə bağlı Lent.az-a deyib ki, xəstəxanada baş verən hadisələrin bir çoxu həkimlərin məsuliyyətsizliyi səbəbindən olur: 
 
“Həkim əvvəlcə müraciət edən pasiyentin analizlərini tələb etməlidir. Ümumiyyətlə, cərrahi müdaxilə edilən yerlərdə analgetiklərdən, eləcə də antibiotiklərdən ölüm halları baş verə bilər. Buna səbəb isə pasiyentin bədəninin həssaslığının yerində olmaması və bununla bağlı həkimin lazımi tədbirləri görməməsidir. Professional həkim əvvəlcədən xəstənin analizlərinə baxıb sonra müdaxilə etməlidir. 
 
Məsələn, elə xəstəm olub ki, müalicədən 10 il sonra yenidən digər dişi üçün müraciət edib. İynə vurmağıma, dişini müalicə etməyimə baxmayaraq, aradakı fasiləyə görə yenidən o xəstəyə lazım bilmişəm ki, yenidən analiz versin, sonra müdaxilə edim. Çünki bir neçə ay ərzində də orqanizmdə dəyişiklik baş verə bilər. Buna görə mütləq müdaxilədən qabaq xəstənin analizlərinə baxılmalıdır. Pasiyentin həyatı ilə risk etmək olmaz. Xəstənin psixologiyasından asılı olaraq özündən gedə və ya ürəyi sıxıla bilər. Bu zaman həkim peşəkar olmalıdır ki, xəstəyə kömək edib, onu vəziyyətdən çıxarda bilsin”.
 
Həkimin sözlərinə görə, insanların qeyri-peşəkar həkimə müraciət etməsinə səbəb səhiyyədəki problemlərdir: “Bizim səhiyyəmiz bərbad vəziyyətdədir. Həkimlər xəstənin ürəyindən, ciyərindən öncə onun cibinə baxırlar.  Buna görə insanlar çalışırlar ki, ucuz xidmət göstərən həkimə getsinlər. Bu zaman düşürlər qeyri peşəkar həkimin əlinə və xoşa gəlməyən hadisələr baş verir. Düşünürəm ki, səhiyyə sistemimiz təzədən qurulmalıdır. Yeni fərqli səhiyyə sistemi qurulsa, hər kəs öz yerini bilər. Həkimin xəstəyə münasibəti, xidməti dəyişər. Səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır”. 
 
Z.Məmmədli oxuculara məsləhətlər də verib: “Xəstə həkimə gedərkən onun ağ xalatına baxsın, həkimin özündə səliqə olub-olmadığını görsün. Əgər həkimin əynindəki xalatda bütün xəstələrin qan ləkəsi varsa, o həkimdən təmiz iş gözləmək olmaz. Həkim vicdanla necə özünün sağlamlığını qoruyursa, eləcə də xəstənin sağlamlığı üçün bütün alətləri düzgün sterilizə edib, təmizliyə riayət etməlidir. Xəstə isə ucuz xidmət göstərən deyil, peşəkar həkim axtarmalıdır”.
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2249
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar