Bu gün Su çərşənbəsidir
26 fevral 2013 10:51 (UTC +04:00)

Bu gün Su çərşənbəsidir

Bu gün Novruz bayramının gəlişini yaxınlaşdıran ilk çərşənbədir. Lent.az-ın məlumatına görə, tarixən xalqın müşahidələrinə əsasən, qış fəsli üç çilləyə ayrılır. Böyük çillə, kiçik çillə və boz ay. Böyük çillə 40, kiçik çillə 20, boz ay isə 30 gün çəkir. Boz ay - Azərbaycanda xalqın keçmiş adət-ənənəsinə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilmiş addır. Boz aya "yazın qırxlı çağı" da deyilir. Bu ayda hava gah günəşli, gah yağıntılı keçir. "Çoban aldatdı" yağışı da bu ayda çox görünür. Xalq arasında ağlayan-güləyən, alaçarpo ayı kimi tanınan boz ayın dörd çərşənbəsi var. Bunlar su, od, yel və torpaq çərşənbələridir. Sonuncu, həm də "ilaxır çərşənbə" adlanır.

Novruz bayramından 4 həftə öncə xalqımız bu çərşənbələri xüsusi təntənə ilə qeyd edir. İnanclara görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır. 
 

Su çərşənbəsi boz ayın ilk çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr rəvayətlər var. Bu günlər ərəfəsində hamı ev-eşiyini səliqəyə salar, təmizlik işləri həyata keçirər.

 

 

Qeyd edək ki, bu il su çərşənbəsi 26 fevral Xocalı soyqırımı ilə eyni günə təsadüf etdiyi üçün qeyd olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1778
avatar

Oxşar yazılar