Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini söyləyib, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə məlumat verib.
Daha sonra Hüseyn Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə nazirliyin 10 əməkdaşını “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edib. Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə prezidentinə müraciəti qəbul olunub.
Bu gün ekoloqların bayramıdır
657