Bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmamasının səbəbi bəlli oldu
12 oktyabr 2016 17:12 (UTC +04:00)

Bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmamasının səbəbi bəlli oldu

Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmaması ilə bağlı iddialara münasibət bildirib.

 

MTRŞ-nin Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya bildirib ki, televiziya yayımçıları audio və video siqnalı formalaşdıraraq “Teleradio” İstehsalat Birliyinə ötürür, digər əməliyyatlar isə “Teleradio” İstehsalat Birliyində həyata keçirilir.

 

O qeyd edib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində bütün ümumölkə televiziya yayımçıları 2 paketdə yayımlanır: “İki ildən artıqdır ki, Azərbaycan əhalisinin 99 faizini əhatə etmək şərti ilə bütün ölkədə rəqəmli TV yayımı analoq TV yayımı ilə paralel aparılır. Ona görə burada hər hansı bir televiziya yayımçısının rəqəmli yayıma keçidə hazır olub-olmamağından söhbət gedə bilməz. “Teleradio” İstehsalat Birliyində ayrıca televiziya yayımçısı üçün yox, paketdə olan bütün televiziya yayımçılarından daxil olan siqnallar üçün MPEG-4 standartı üzrə analoq-rəqəm çevrilməsi yerinə yetirilir. Ona görə də ayrılıqda hansısa telekanalın rəqəmli yayıma keçidə hazır olub-olmamasından söhbət gedə bilməz”.

 

Qeyd edək ki, bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmadığı haqda məlumat yayımlanıb.

 

Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

APA Baycan

Oxşar yazılar