Beş ay İsveç düşərgəsində: “Quşun sehrli nəğməsi və çin çıxan pul arzularım” – 21-ci YAZI
29 yanvar 2015 14:57 (UTC +04:00)

Beş ay İsveç düşərgəsində: “Quşun sehrli nəğməsi və çin çıxan pul arzularım” – 21-ci YAZI

Mən pul tapmaq işinə sistemli şəkildə girişməyi qərara aldım. Telefonumdakı nömrələri və yaddaşımı vərəqləyərək pul istəyə biləcəyim dost-tanışların adını siyahıya yazdım və növbə ilə hər birinə zəng eləməyə başladım.

 

Yadıma ən birinci, uşaqlıq dostumun kiçik qardaşı, Moskvada xırda kommersiya ilə məşğul olan Nəriman düşdü. Zəng eləyən kimi məmnuniyyətlə yardım edəcəyini bildirdi və həmin günün sabahı Bakıda yaşayan bir dostu vasitəsilə mənə 1000 dollar çatdırdı.

 

Birinci “əməliyyat”ın uğurlu olması bizi yenidən ruhlandırmağa başladı. Mən bunun arxasınca Rusiyada yaşayan başqa bir dostuma, Səfərə zəng eləyib “müalicəm üçün” yardım istədim. Bu zəng də uğurlu oldu, Səfər dərhal mənə 1000 dollar pul göndərdi.

 

Rusiyadakı dostların çəkinmədən kömək əlini uzatması məndə qəribə bir duyğu yaratdı, düşündüm ki, bəlkə də insanları korlayan, onları xəsisləşdirən  Azərbaycandakı mühit imiş. Belə bir düşüncənin ötəri olduğunu nəzərə alaraq növbəti dəfə Bakıda olan dost-tanışa zəng etməyi qərara aldım. Həmişə xətrimi istədiyini deyən, məşhur universitetlərdən birinin rektoruna zəng eləyib? görüşmək üçün vədələşdim. Səhəri gün onunla görüşdüm və Avropaya getmək arzumu reallaşdırmaq üçün yardım etməyini xahiş etdim. Geniş maddi imkanını nəzərə alıb, bir də kimlərəsə ağız açmamaq üçün, ondan birdəfəlik 4 min manat istədim. Aramızda olan uzun söhbətdən sonra məni fikrimdən daşındıra bilməyəcəyini görüb? istədiyimin yarısını, yəni 2 min manat verəcəyinə söz verdi: “Yaxın günlərdə özüm səninlə əlaqə saxlayacam”. Müəllimin yanından çıxanda özümü quş kimi hiss edirdim. Demək, yaxın günlərdə maaşımı və müəllimin vəd elədiyi pulu da alsam çiynimdəki ağırlıq götürüləcək!

 

Ordan çıxan kimi, dar otaqda var-gəl edərək bu görüşün nəticəsini səbirsizliklə gözləyən xanımıma zəng eləyib: “Narahat olma, hər şey yaxşıdı, işimiz düzəlib artıq! Gəlirəm!” - dedim.

 

Mən sevinə-sevinə evə gələndə üzümü göylərə tutub belə deyirdim: “Ey möhtəşəm kosmos, bizim problemi belə rahat həll etdiyinə görə sənə sonsuz məhəbbətimi bildirir, indiyə qədər verdiyin əzablarını isə bağışlayıram!” Lakin günlər keçir, müəllimdən bir xəbər çıxmırdı ki, çıxmırdı. Riqadan bizə viza göndərəcək tanışımız Rəşid internet vasitəsilə işimizin nə yerdə olduğunu tez-tez soruşur, Avropadakı dostlar isə səbirsizliklə yolumuzu gözləyirdi. Dözülməz anlar təzədən cücərməyə başlayır, həyəcanlı günlər biri-birinə qoşularaq içimizdən ağır vaqonlar qoşulmuş kədər qatarları keçirirdi.

 

Bu arada yadıma, bir vaxtlar rayonda uğursuz ailə həyatı yaşamış, sonralar Bakıya gəlib özünə yavaş-yavaş müğənnilik karyerası quran qadın həmyerlim düşdü. Həmin xanım özünəməxsus ifa tərzi və bəstəçilik qabiliyyəti ilə paytaxt televiziyalarında parlamağa başlarkən onun barəsində rayon televiziyasında olmazın böhtanlar söyləyir, mərkəzi mətbuatda xoşagəlməz şayiələr yazdırırdılar. Birdən-birə rayonumuzdan qalxınaraq paytaxt səhnələrində parlayan bu tənha qadının həyatına, karyerasına mane olmaq istəyənləri “Azadlıq” qəzetində ifşa etdim. Bu məqalədən sonra ictimai qınaqdan qorxan həmin qüvvələr səslərini birdəfəlik kəsdilər. Yazı çap olunandan sonra xanım müğənni ilə tanış olub, cəmiyyətimizin tənha qadın üçün nə qədər ağır olduğunu anladığımı və istədiyi vaxt ona təmənnasız mətbuat dəstəyi göstərməyə hazır olduğumu bildirdim. Bu görüşdən bir müddət sonra isə həmin xanımın sənəti və şəxsiyyəti haqda yeni məqalə yazdım. Məqaləyə görə zəng eləyib mənə sonsuz təşəkkürünü bildirdi. Bu yazıların, qismən də olsa, hörmətindən çıxmaq üçün “Azadlıq” qəzetinin “Cazklub”da keçirilən yubileyinə gələrək bir neçə mahnı da oxudu.

 

Düşündüm ki, indi mənə taleyimizi həll edəcək maddi vəsait lazımdı, müğənni dostum xanım olanda nolar ki? Fakt budu ki, dostum elə də kasıb yaşamır, min manat onun üçün heç nədi! Beləcə, özümə bəraət qazandırıb, artıq əməkdar artist adını qazanmış xanım dostuma zəng eləyib hal-əhval tutduqdan sonra onunla görüşmək istəyimi bildirdim. Sıx səfərlərdən və işlərinin çoxluğundan gileyləndikdən sonra təxminən on gün sonraya görüş üçün vaxt təyin elədi. Fikirləşdim, elə yaxşı oldu, o, səfərdən qayıdana kimi müəllimlə də görüşərəm. 

 

Artıq müəllimi gözləməkdən səbrim tükənmişdi. Bir gün, “özüm səni arayacam” sözünün sərhədini pozaraq ona zəng eləmək məcburiyyətində qaldım. Müəllim gözlənilməz səs tonu düzəldərək yersiz bəhanələr gətirib mənə pul verməkdən imtina elədi. Onun bu hərəkəti məni çox məyus elədi.

 

Günlərin bir günü, hər səhər pəncərəmiz yaxınlığındakı hündür ağacların birinə qonaraq oxuyan quşun bizim üçün oxuduğunun fərqinə vardım. Mən çaşqın halda sevimli xanımımı da quşun nəğməsinə qulaq asmağa dəvət elədim: “Diqqətlə qulaq as, gör nə deyir! Kosmos öz sözünü bizə bu quşun nəğməsi ilə çatdırmaq istəyir. Qulaq as, indicə yenə təkrarlayacaq!” O, quşun səsinə qulaq asıb: “Mən heç nə anlamıram” - dedi. Biz susaraq quşun nəğməsini yenidən birlikdə dinlədik. Mən: “Başa düşdün, nə deyir?”- soruşdum. Xanımım gülərək: “Heç nə anlamadım, deyəsən, ikimizin də başımız xarab olur”, - dedi. Yox, - dedim, - diqqətlə qulaq as! Quş “gedəssən, gedəssən!” oxuyur. Xanımım quşun nəğməsinə yenidən diqqət kəsilib sevincək: ““Doğrudan aa, “gedəssiz, gedəssiz!” oxuyur”” – dedi.

 

O gündən sonra hər səhər evimizin qarşısındakı ağaca qonaraq bizə ürək-dirək verən, sonra da uçub gedən quşun yolunu gözlədik. Quşun hər gün həmin ağaca qonub oxuması bizə olmazın enerji verirdi. Biz o nəğməni kosmosun göndərdiyi öncəbilmə yardımı kimi qəbul edirdik. Lakin o nəğmənin içində Şəlalə xanımdan gizlətdiyim bir detal vardı. Sevimli quş onun dediyi kimi “gedəssiz” yox, “gedəssən” deyirdi. Quşun nəğməsi hər dəfə məni haldan-hala salır, “olmaya, kosmos bizi ayıracağına işarə edir?” deyə, həyəcanla düşünürdüm.

 

Müəllimin imtinasından sonra fikirləşdim, quş dilini bilən adam üçün pul tapmaq problem olmamalıdı. Beləcə, quşun o sehrli nəğməsi vasitəsilə kosmosun bizim tərəfimizdə olduğuna əmin olduq və göylərin bu yardımını özümüzə istinad nöqtəsi bilərək rahatca pul axtarışına davam eləməyə başladıq.

 

Mən barmağımı, kommersiya işləri ilə əlaqədar olaraq Azərbaycana təsadüfi hallarda gələn, uzun müddətdir Rusiyada yaşayan köhnə dostum Falahın siyahıda qeyd etdiyim telefon nömrəsinin üstünə qoydum və rəqəmləri yığıb zəng elədim. Bəxtimdən, təsadüfən Bakıda olan dostumun mənim zəngimə şad olduğunu hiss eləyən kimi problemi ona danışdım. Danışa-danışa düşünürdüm, bir vaxtlar mənə xırda maddi yardımlar edən dostumun, görəsən, indi istədiyim min manatı verməyə ürəyi gələcəkmi? Falah məni dinlədikdən sonra nə söyləsə yaxşıdı? “Ayə, min azlıq eləyər, sabah köməkçimlə sənə iki min göndərəcəm!” Onun bu sözləri telefondan qulağıma, qulağımdan isə şüuruma süzülüb beynimin cənnətini oyatdı. Biz sevindiyimizdən səhərə qədər yatmayıb onun köməkçisinin zəngini gözlədik. Səhəri gün saat on iki radələrində “Nərimanov” metrostansiyası yaxınlığında dostumun köməkçisinin gətirdiyi iyirmi ədəd təzə yüz dollarlıq əskinası alıb, cibimə qoydum.

 

Artıq bizim dörd min dollar pulumuz vardı. Topladığımız məbləğ bizə lazım olan dörd min avrodan xeyli az idi. Bu arada işimizi yubatmamaq üçün əldə olan pula arxayın olub internet vasitəsilə Rəşidin bizə viza göndərməsinə start vermişdik. Düşünürdüm ki, indən belə lazım olacaq məbləği də bayaq haqqında danışdığım müğənni dostumdan alaram.

 

Görüş vaxtının tamamında müğənninin köməkçisinə zəng vurdum. Axşamüstü zəngin bir kafenin çay süfrəsi arxasında görüşdük. Problemimi, burada qalıb yaşaya bilmədiyimi, həyatımın yeni düzümünü, depressiyanın məni intihara sürüdüyünü geniş şəkildə anlatdım və lazım olan məbləği ona dedim. Pul sözündən sonra özünü narahat hiss eləyən xanım mənə xüsusi rəğbət bəslədiyini bildirərək tamam imkansız olduğunu dedi. Mənə yardım edə bilməyəcəyini, imkansızlığını dilə gətirdikcə hər dəfə sözlərinə prodüserini şahid göstərirdi. Prodüseri də təkrarən mənə böyük hörmət bəslədiyini və xanımın doğrudan da imkansız olduğunu tutuquşu kimi ötürdü.

 

Nə etmək olardı? Artıq gec idi. Xanımın bahalı avtomobilində metroya kimi gəlib, onlarla sağollaşdım…

 

(davamı olacaq)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Murad Köhnəqala

Oxşar yazılar