Başı yaylıqlı qoyunlar, Sevdimalının gülləsi, İsmayılın “şəhəri”... – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ
29 aprel 2013 16:54 (UTC +04:00)

Başı yaylıqlı qoyunlar, Sevdimalının gülləsi, İsmayılın “şəhəri”... – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ

Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...

 

XI YAZI

 

Qoyun sağılıb qurtarandan sonra, atlar suya gedən vaxt, anam südə maya salan zaman Sevdimalı bizə gəldi. Atı da yalın minmişdi, əli də yalın idi, elə atın başındakı kəndiri o tərəfə, bu tərəfə tərpədərək atı sürürdü.

 

Sevdimalı atdan düşdü, əlindəki kəndirlə atın qabaq ayaqlarına çidar vurdu, ötürdü  alaçığın arxasındakı biçənəyə.

 

At tərli idi, atam dedi çər deyər ata, ona görə Sevdimalı bizim atın yəhərini aparıb qoydu öz atının belinə, quşqununu keçirdi atın quyruğunun altına, sinəbəndini düzəltdi, tapqırını çəkib möhkəm bağladı.

 

Atam onunla hal-əhval eləməmiş birbaşa dedi:

 

- Koramazla aran necədir?

 

- Lap yaxşı, aramızdan su keçmir.

 

Yəni bu, o deməkdi ki, koramaz su qatılmamış südlə hazırlansa, lap əla. Anam qatığa süd qatıb qarışdırdı, sonra böyük qablarda qoydu atamla Sevdimalının qabağına. Sevdimalnın hortlatmasına itlər çöldə qulaqlarını şəkləyirdi.  

 

Bir-iki qaşıqdan sonra atam dedi:

 

- Arvad uşaq necədir, qoyun-quzunun otdanacağı varmı? 

 

Sevdimalı mütəkkədən dirsəyini qaldırıb dik oturdu. Koramaz dolu qaşığı ağzına aparıb “hort” eləyib başladı sözə.

 

- Sən öl, Mirzə, bizim arvad bu saat küçükləmiş qancıq kimidir, nə deyirəm “hav” deyib  tutur yaxamdan. Südü çürüyür - günah məndə, qursağı it aparır - yenə günah məndə. Bir yandan da otdanacaq yox, at yıxılsa dişi çıxar, Novruzdan sonra yağış yağmadı, quru külək əsdi, torpağı sac kimi qovurdu.

 

- Sizin qoyunlar qışdan saz çıxmışdı.

 

- Çıxdığına baxma, qıl-qurd qoyunları yaman qırdı, çoxu  da quzu saldı...

 

- Yazlıq vaxtı qoyunlar qurdu çayırdan götürdü, qoyun çayır yedi, elə olur.

 

- Bəs neyləyək, harda otaraq? Yazlıq yerimiz oradı.

 

- Həm də sən  sürünü payızlıqda pıtrağa vurdurdun, heç onun yunu da əmələ gəlməz.

 

- Elə arvadın davasının biri də odur, niyə qoyunu pıtrağa vermisən? Öldürür məni. O günü əlimə tutma bir əmlik keçib, sən öl onu soydum, doğradım, doldurub samovara, qaynadıb soyutma elədim, tökdüm arvadın qabağına, deynən köpək qızı mənə bir sağ ol deyir? Qancığın qızı, dədən öyündə ətsizlikdən qursaq yeyirdin. Anam süfrəyə yaxınlaşan pişiyə yüngülcə acıqlandı, həm də bu, o demək idi ki, Mirzə, söhbəti dəyiş, nədi  Sevdimalı ağzını allah yoluna qoyub danışır.

 

Atam dedi, xeyir ola, ay Sevdimalı, səndən çıxmayan iş, günün bu vaxtı durub bizə gəlmisən, indi dölləyin çöldən gələn vaxtıdır, yəqin təzə doğan qoyunlar da var, balası çöldə qalar, qurd-quş yeyər.

 

Sevdimalı eyhamı çox gözəl başa düşdü, yəni bu o demək idi ki, qarnının məmmədalısını de, mənim də dölləyimin gələn vaxtıdır... Hələ oğursaq quzularım var, onları əmizdirməliyəm.

 

Sevdimalı ayağa dura-dura atama dedi:

 

- İsmayılı üç günlüyə ver mənə.

 

İsmayıl atamın subay çobanıdır, özü də subaydır, otardığı sürü də. Fermadan ayağını hələ kənara qoymayıb, bazarlığı, pal-paltarını həmişə anası alıb. 33 yaşı var. Turp kimi oğlandı, ayağını yerə vursa, yer yarılar. Heç vaxt dükan görməyib, bir dəfə Laçının  Minkəndində bir dükan görmüşdü, elə bildi şəhərdi, elə bildi dükanın rəfləri küçədir, araq şüşələri işıqlardı. İsmayıl heç nədən qorxmur, qorxduğu ancaq hökumətdi, ən əsas da  hökumətin adamı əsgər aparmağından yaman qorxur.

 

Atam dedi, İsmayılı neynirsən? Dedi, Laçın fermalarında qoyunları kralinləyəcəyik, əvəzinə hərəmizə bir tutma quzu verəcəklər. Atam da dedi, İsmayıl, dur get Sevdimalı əminə kömək elə.

 

Sevdimalı İsmayılı alır tərkinə, yəhərimiz də yaddan çıxır. Burda Sevdimalının əli yenə  gətirir.

 

Sevdimalı İsmayılı götürüb gəlir Boşcalar kəndinə. Sevdimalı girir dükana, yaxşı kolbasa, sosiska, araq alır. Gedib otururlar Bəhrəmtəpə ilə Boşcalların arasında, arxın üstündə, söyüdün altında. Əmlik əti yeməkdən bezmiş İsmayıl cumur kolbasaya, nə cumur, elə bilir şəhərdədir, Sevdimalı ilə yüz-yüz vurur. Ağıl çıxır başdan. Sevdimalı görür ki, məsələni açmağın məqamı gəlib. Deyir İsmayıl, bu gün gördüyün o dükan var ha, onu bu gecə yarmalıyıq. İsmayıl soruşur ki, dükan kimindir, deyir hökumətin. İsmayıl daş atıb başını tutur ki, mən qələt eləyərəm hökumətin dükanını yardığım yerdə. Kimi deyirsən, gedək dükanını yaraq, qoyununu, malını aparaq, amma hökumətin yox. Mən hökumətdən qorxuram. Sevdimalı görür İsmayıl yola gələn deyil, onu götürüb gəlir  Beyləqanın Binnətli kəndinə. Deyir bu axşam Binnətlidən dörd cöngə çıxartmalıyıq. Axşam düşür, saat olur üç, anası ölüb Sevdimalının, girir üç gün bundan əvvəl bələdlədiyi həyətə. Heç qorxub eləmədən, düz gedir itin üstə, it quyruğunu bulayır, elə bil Sevdimalını tanıyır. Sevdimalı itin zəncirini mıxdan açıb aparıb əl damının arxasındakı iydə ağacına bağlayır. İsmayıl Sevdimalıdan soruşur ki, it səni nə yaxşı tanıyır, deyir tanımır. Sevdimalı gənc oğruya başa salır ki,  itdən qorxanda, həyəcandan adamda pis qoxu əmələ gəlir, bunu dünyada yalnız it duya bilir, ondan sonra it o qoxu gələn adamı oğru hesab eləyir, cumur üstünə. Elə ki, qorxmadın, o qoxu gəlmir, it də olur hörmət və izzətlə oğrunu qarşılayan və ötürən. İsmayılın gözü çıxır kəlləsinə. Bir yandan da baxır ki,  Sevdimalı əməlli- başlı sırıqlını çıxarıb tövlənin kilidini sındırmaqla məşğuldur, elə arxayın işləyir ki, elə bil öz tövləsidir, təmir işi aparır. 20 dəqiqədən sonra tövləni açıb  içəridən dörd baş cöngəni çıxarırlar. Elə bu zaman hay düşür kənddə. Sevdimalı cöngələri qovur Sarıxanlı kəndinin aşağısından Əliqulular tərəfə. Kənd camaatı həmin  istiqamətə haylaya-haylaya gəlir. Arada bir tüfəng atırlar. Sevdimalı da tez-tez ağzını  hava ilə doldurur, sonra şəhadət barmağını ağzına salıb ucadan “part” eləyir. Guya bu da Sevdimalının gülləsidir. İsmayıl da ürəklənir. Sevdimalı baxır ki, kənd camaatı artıq bunların izini tutub gəlir, ona görə də cöngələri şor kanalın o üzünə ötürüb özlərini verirlər əks istiqamətdə olan xəsilliyə, uzanırlar yerə, özlərini vururlar yatmışlığa. Xəsillik də olur Əliquluların. Kənd camaatı gəlib xəsilliyə çatır, görürlər iki adam uzanıb yerə, baxırlar ki, şirin yuxudadırlar. Təpiklə nə qədər vururlar, Sevdimalı oyanmır ki, oyanmır. Axırda ayağından tutub sürüyürlər, İsmayılı da eynən. Sevdimalı oyanır, deyir siz kimsiniz? Onlar da deyir burdan dörd cöngə aparan oğru görmədiniz? Deyir, yox. Axırda kənd camaatı Sevdimalı ilə İsmayıldan  soruşur ki, siz gecə vaxtı, saat 4-də burda nə gəzirsiniz? Sevdimalı deyir ki, xəsilliyə qarovul çəkirik ki, gecə otarmasınlar. İndi gör, nə olsa yaxşıdır, Sevdimalı da başlayır bunlarla cöngələri gəzməyə. Hər yerdə Sevdimalı adamları əks istiqamətə aparır. Hərdənbir yerə əyilir ki, bax, burdan keçibdir. Camaat  daha da həvəslənir. Axırda gəlib çıxırlar Bəhrəmtəpəyə, cöngələr də qalıb Əliqulular tərəfdə. Camaat yorulub gedir evlərinə. Sevdimalı da gəlib həmin yerdə biçənəyə çidarlayıb ötürdüyü və yəhəri də bizim olan atı minir, cöngələri qovub gətirir Karrar yatağına, orda cöngələrin hamısını beş aşağı, beş yuxarı xırıd eləyir.

 

Sevdimalı işgüzar “marşrut”larını hərdən öz kəndlərinə - Əliqululara da salırdı.

 

Kənddən qoyunları oğurlayıb fermaya gətirirdi. Kəndlə fermanın arası 12 km-dir. 1980-ci ilin payızında Əliqulular kəndində mal-qoyun qalmadı, toyuq-quş qəhətə çıxdı, hamısını gecələr oğurlayırdılar. Camaat nə qədər ayıq-sayıq dayansa da, xeyri yox idi, hər gecə bir keçi də olsa aparırdılar. Kənd camaatı axırda rayon milis şöbəsinə şikayət etdi, yenə mümkün olmadı, uçaskovu gəlib kənddə qaldı, amma oğurluq öz ritmi ilə yenə davam edirdi, oğrunu heç cür tapa bilmirdilər. Axırda belə qərara gəldilər ki, bir gecə Əliqulular kəndini mühasirədə saxlasınlar. Hamıdan xəbərsiz. Görsünlər nə olur. Demək, kəndin ətrafında milislər sıx-sıx düzüldülər, maşınların işıqlarını söndürüb kətyənin, qarağanın arxasında gizlətdilər. Rəis də postları tez-tez yoxlayır. Hamı deyir, heç nə yoxdur. Saat 4- də rəis Əliqulular kəndinin Şirinqum ferması istiqamətindəki posta gəlir, soruşur ki, bir şey yoxdur, gəlib-gedən, adam-zad?  Deyirlər yox, milisin  biri sonradan  deyir ki, təkçə bir yedəkli motosiklet keçdi, içində başı qırmızı yaylıqlı üç arvad vardı. Rəis o saat başa düşür ki, sən öl qoyunları apardılar. Milislər üz tutur həmin istiqamətə. Sən demə, Sevdimalı qoyunların ağzını bərk bağlayıb, özlərini məftillə bərkidib kuzova, başlarına da qırmızı yaylıq örtübmüş.

 

Sevdimalı bilir ki, postu keçən kimi onun dalınca gələcəklər, bir az gedəndən sonra qoyunları sürüyüb atır bir xəndəyə. Gəlir fermaya, yedəyi açır, basır küzə. İkitəkərli motosikleti də salır vannaya, özü də sürünü çıxardır çölə guya qoyunları sidikləyir və guya heç nədən xəbəri yoxdur.

 

Milislər gəlib Sevdimalıdan soruşurlar ki, bu tərəfə içində 3 arvad oturmuş motosiklet keçdiyini görməmisən? Sevdimalı əvvəl anlamır, guya yuxuludur və həm də gülməlidir. Özünü elə aparır ki, guya onunla məzələnirlər. Düz on dəfə soruşur ki, siz nə deyirsiniz, onlar da məsələni izah etdikcə, Sevdimalını gülmək tutur, onlara heç əhəmiyyət vermir,  qoyunları sidikləməklə məşğul olur. Əlacsız qalan milislər çıxıb gedirlər o biri fermaya, səhər tezdən Sevdimalı gedib xəndəkdən qoyunları gətirir, burnuna dağ çəkib, belinə öz sürüsündəki kimi rənglə “s” hərfini basıb, qatır sürüyə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2536
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar