Azyaşlıların uşaq bağçasına getməsi niyə vacibdir? - ARAŞDIRMA
21 noyabr 2015 13:41 (UTC +04:00)

Azyaşlıların uşaq bağçasına getməsi niyə vacibdir? - ARAŞDIRMA

Uşaqların düzgün inkişafında, gündəlik rejimlərinin formalaşmasında, məktəbə hazırlıqlarında bağçalar böyük rol oynayır. Uşağın ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət məktəbə hazırlığında bağçaların rolu əvəzsizdir.

 

"Heç kimə sirr deyil ki, bu gün Bakıda və  bölgələrdə müasir standartlara cavab verən bağçalar tikilib istifadəyə verilib. Müasir bağçalar köhnə bağçalardan tamamilə fərqlənir". Bu açıqlamanı APA TV-yə 303 saylı uşaq bağçasının tərbiyəçisi Sənəm Kərimova deyib. Onun sözlərinə görə, bağçada hər qrupun özünəməxsus məşğələ proqramı var. Adətən, bağçalarda kiçik, orta, böyük və məktəbə hazırlıq qrupu olur. Kiçik qrupda 2-3 yaş arası uşaqlar, orta qrupda 3-4 yaş arası uşaqlar, böyük qrupda 4-5 yaş arası uşaqlar, məktəbə hazırlıq qrupunda isə 5-7 yaş arası uşaqlar olur.

 

" Bəzən elə olur ki, tərbiyəçi məşğələni kiçik qruplarla uşaqla da keçirə bilər. Məşğələlərin vaxtında keçirilməsi olduqca vacibdir. Ana dilində keçirilən məşğələlər uşaqlarda ilkin dilin inkişafında, səslərin sözlərdən fərqləndirilməsində, düzgün cümlələr qurulmasında böyük rol oynayır. Artıq məktəbə hazırlıq yaşına çatanda isə demək olar ki, şifahi şəkildə hərfləri əzbərdən bilirlər. İlkin riyazi biliklər isə uşaqlar əşyaları saymağı, hansının çox, hansının az olduğunu, 10 dairəsində ədədləri, 20 dairəsində ədədləri öyrədirlər. Məktəb yaşına çatanda isə elə uşaqlar var ki, artıq 1000 dairəsində ədədləri saymağı bacarır".

 

Mütəxəssis Səbinə Kurmakayeva isə hesab edir ki, bağçada hər qrupun özünə aid məşğələsi olur. Musiqi dərsi zamanı uşaqlar artıq uşaq mahnılarını bilir və onların havası ilə rəqs etməyi öyrənir. Bağçaya gedən uşaq birgə fəaliyyəti, oyun zamanı yoldaşına mane olmamağı, tərbiyəçi ilə davranış qaydasını öyrənir və məktəbə tam hazır vəziyyətdə gedir.

 

"Bu gün bağçada məktəbə hazırlıq üçün kifayət qədər vəsait var. İndi işləmək rahatdır. Kompüter proqramları zəngindir. İnternetdən istifadə imkan verir ki, proqramları tez-tez yeniləyək , təzə şəkil və plakatlardan yaralana bilək. Məktəbə hazırlıq o demək deyil ki, uşaqların təkcə bilikləri inkişaf etsin. Məqsəd odur ki, bağçada uşağın estetik zövq aşılansın".

 

Kiçik qruplarda məşğələlər 5-10 dəqiqə, orta qrupda 10-15 dəqiqə, böyük qrupda 15-20 dəqiqə, məktəbə hazırlıq qrupunda isə 20-30 dəqiqə arasında keçirilir. Təbiətlə tanışlıqda isə uşaqlar bağçanın həyətindəki bitkilərlə, yarpaqlarla, onlara qulluqla, fəsillərlə tanış olurlar. Sensor tərbiyə isə uşaqların əqli cəhətdən inkişafına təsir edir. Uşaqlar rəngləri fərqləndirir, əşyaların formasını deyir, rəngli kərpiclərdən müxtəlif əşyalar düzəldirlər.

 

Maraqlıdır, valideynlər məktəbə hazırlıq üçün uşaqların bağçada öyrəndikləri bilik və bacarığa güvənirlərmi?
 

"Mən bir valideyn olaraq çox güvənirəm. Ailədə hamı işləyir. Demək olar ki, uşaqla fərdi məğğul ola bilmirik. Amma qızım bağçada həm sərbəst yazmağı, yaxşı şer söyləməyi, sərbəstliyi , özünü ifadə etməyi tam mənimsəyib".

 

"Mənim də nəvəm bağçaya gedir, burada artıq rəsm çəkməkdən başlayaraq hərfləri yazmağa, sərbəst rus dilində danışmağa kimi hər şeyi öyrənib"

 

Bu gün Bakıda müxtəlif sayda məktəbəqədər təhsil kursları da fəaliyyət göstərir. Mütəxəssis Təranə Nəsirova  isə deyir ki, məktəbəqədər təhsil  uşaqların intellektual, fiziki və psixoloji inkişafı sürətləndirmək üçündür. Bunun üçün də baxçanın da , məktəbəqədər hazırlıq kurslarının öz önəmi var. Çünki, hər ikisi uşağın potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında böyük əhəmiyyətə malikdir.

 

"Əgər bağçada uşaqların, oynamağına , yatmağına, gəzməyinə üstünlük verilirsə, məktəbəqədər hazırlıq kursunda biliklərə daha çox üstünlük verilir. Uşaqlara həftədə 3 dəfə və 3 saat həcmində dərs keçirik".

 

Məktəbəqədər hazırlığa gələn uşaqlar da bilik və bacarıqları ilə digər həmyaşıdlarından geri qalmırlar.

 

Təhsil Nazirliyinin məktəbəqədər təhsil üzrə mütəxəssisi Günay Bədəlzadə hesab edir ki, təhsilin ilkin mərhələsi məktəbəqədər hazırlıqdan başlayır.

 

"Uşaqlarda 3-6 yaş dövrü məktəbə hazırlıq dövrü sayılır. Şəxsiyyətin hərtərəfli inkişafının da dövrü məhz bu dövrdə qoyulur. Buna görə uşağa həm yaşına, həm də fərdi xüsusiyyətinə görə təlim keçilməsi çox vacibdir".

 

Mütəxəssislərin fikrincə övladı məktəbə hazırlaşan hər bir valideyn uşağın fiziki inkişaf, sağlamlına, sosial-emosional inkişafına, nitq, savad təlimi və ünsiyyətinə, mədəni-estetik və yaradıcı inkişafına diqqətlə yanaşmalıdır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983
avatar

Oxşar yazılar