“2014-2015-ci tədris ilində Azərbaycan universitetlərinin Jurnalistika fakültələrində ümumilikdə 47 nəfər təhsil alacaq”. Lent.az-ın xəbərinə görə, bunu modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildiriblər.
47 nəfərdən 26-ı dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsillərini davam etdirəcək. 40 nəfər Bakı Dövlət Universitetində, 4 nəfər Azərbaycan Dillər Universiteti, 2 nəfər Bakı Slavyan Universitetində, 1 nəfər isə Naxçıvan Dövlət Universitetində təhsil alacaq.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə modern.az-a açıqlamasında qabiliyyət imtahanı nəticəsində “məqbul” qiyməti alanların ixtisas seçimi etdiklərinə üçün ixtisas seçimində hər hansı bir problemin yaşanmadığını bildirib: “Yazı işlərinin yoxlanmasının müəyyən vaxt tələb edirdi və həmin nəticələr elan olunduqdan sonra məqbul qiyməti alanlar öz ərizələrində həmin ixtisası qeyd etmək hüququ qazanıblar. Hər bir abituriyentin test imtahanı nəticələrini öyrəndikdən sonra ixtisas seçimini dəqiqləşdirmək üçün kifayət qədər vaxtı var idi, ixtisas seçimi prosedurunu internetlə yerinə yetirmək üçün isə cəmi bir neçə dəqiqə vaxt sərf etmək lazım gəlir. Nəzərə alsaq ki, jurnalistikaya qabiliyyət imtahanı nəticəsində “məqbul” qiyməti alanların hamısı ixtisas seçimi etmişdilər. Ona görə də bu məsələdə hər hansı problem yoxdur”.
Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər iyulun 31-də qabiliyyət imtahanı verib və onlar ixtisas seçimi etməyə avqustun 1-dən etibarən başlayıblar. Digər ixtisasları seçənlər isə iyulun 24-dən başlayaraq ixtisas seçimi edə bilərdilər. Jurnalistika qabiliyyət imtahanından cəmi 51 nəfər “məqbul” qiymət alıb. Bu isə o deməkdir ki, ali məktəblərdəki jurnalistika fakültələrinin əksəriyyəti boş qalacaq.
E.Nağızadənin sözlərinə görə, həmin yerlərin doldurulması üçün yenidən imtahan götürüləcəyi nəzərdə tutulmur: “Yenidən imtahan olacağı nəzərdə tutulmur. Həmin yerlər boş qalacaq”.
Bu ildən etibarən Jurnalistika fakültəsinə ixtisas seçimi müsabiqə yolu ilə aparılıb.