Avtobuslara “gps” izləmə cihazları quraşdırılacaq
25 oktyabr 2016 13:16 (UTC +04:00)

Avtobuslara “gps” izləmə cihazları quraşdırılacaq

 

Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair yeni tələb qoyub.

 

Agentlikdən Lent.az-a verilən məlumata görə, daşıyıcılar qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə təchiz edilməsi ilə bağlıdır. “GPS” izləmə cihazlarının quraşdırılması Bakı Nəqliyyat Agentliyinin qarşısında qoyulan tapşırıqların icrasının təmin edilməsi, həmçinin avtobuslarla müntəzəm sərnişindaşımalarında keyfiyyətin, səmərəliliyin, o cümlədən yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində görüləcək işlərin sürətləndirilməsi baxımından məqsədəuyğun hesab edilir.

 

Belə ki, bu avadanlıqlar vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaqdır. Beynəlxalq təcrübədə geniş istifadə edilən “gps” izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcəkdir. 
Bundan əlavə, gün ərzində şəhər mərkəzinin küçə və prospektlərindən, eləcə də kənd və qəsəbələrdən keçən 2000-dən artıq avtobusda quraşdırılacaq “gps” izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcək. Eyni zamanda, “gps” izləmə cihazları vasitəsi ilə müntəzəm sərnişindaşımalarda istismar edilən avtobusların gün ərzində dövrələrinin sayına, sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamalarına, avtobusları hansı sürətlə idarə etmələrinə dair statistik məlumatlar qeydə alınacaq ki, həmin məlumatlar əsasında müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcıların, onların sürücülərinin qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə hansı səviyyədə riayət etmələri müəyyənləşəcək. Aşkarlanacaq qayda pozuntularının (sürət həddini aşma, dayanacaqdan saxlamadan keçmə, kənar dayanacaq və.s) növünə görə daşıyıcılar, sürücülər inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, həm də ehtiyac yarandığı halda sərnişindaşıma qaydalarının pozulmasına görə müvafiq qaydada daşımalardan kənarlaşdırılacaq. 


Bundan başqa qeyd edək ki, gələcəkdə müntəzəm marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsində, onların göstərdikləri xidmət səviyyəsinin qiymətləndirilməsində “gps” izləmə cihazlarından əldə olunan statistik məlumatlar mühüm rol oynayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Oxşar yazılar