Arayış üçün arada qalanlar...
05 mart 2014 16:04 (UTC +04:00)

Arayış üçün arada qalanlar...

Yol polisinin əlindəki kağız parçası üçün əsəb sərfiyyatı

 

Yol-nəqliyyat hadisələrindən sonra zərərçəkmiş tərəfləri ən çox düşündürən məsələlərdən biri də sığorta ödənişləridir. Amma sığorta şirkətinin qapısına getməzdən əvvəl aşılması daha çətin olan bir baryer var – yol polisindən alınmalı olan arayış. Bu arayış olmasa sığorta şirkəti sığortaçını “qapıdan içəri buraxmır”.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkən tərəflərin yol polisindən almalı olduğu arayışın gec verilməsi və ya qəsdən gecikdirilməsi artıq adi hal hesab olunur. 2013-cü ilin may ayında Bayıl qəsəbəsində, Dövlət Bayrağı meydanı yaxınlığında idarə etdiyi “Mitsubishi Airtreck” markalı avtomobillə piyadanı vurmuş paytaxt sakini Mahir Əsədovu da “arayış qurbanı” hesab etmək olar. Qəza zamanı avtomobilinə ciddi ziyan dəyən sürücü sığorta şirkətinə arayış təqdim etmək istədikdə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində süründürməçiliklə üzləşib. şikayətçi M.Əsədov bildirir ki, işi aparan müstəntiq sığortaçını xeyli yubadıb və süründürməçilik edib: “Həmin arayışı müstəntiq verməli, xəstəxanada isə təsdiqlənməli idi. Amma xeyli yubatdılar. Düzünü deyim, pul istəyirdilər. Başqalarına baxanda hələ mənə qarşı insaflı oldular deyə bilərəm. Hadisədən 30-40 gün sonra da olsa arayışı ala bildim”.

Mahir Əsədov bildirir ki, sığorta şirkəti ona müvafiq arayışın çatdırılması üçün 3 ay vaxt limiti qoyub. Əgər həmin vaxt daxilində arayışı apara bilməsəydim, sığorta məbləğini də ala bilməyəcəkdim: “Yol polisi müstəntiqi də bunu yaxşı bilirdi. Ona görə də maksimum dərəcədə bu vəziyyətdə istifadə etməyə çalışırdı. Halbuki sənədi qəzadan sonrakı bir neçə gün ərzində verməli idilər”.

Şikayətçi onu da bildirir ki, qəza haqqında arayışı məhkəmə yolu ilə də almaq mümkündür. Lakin bu proses xeyli vaxt aparır və yol polisinin mövqeyindən çox asılıdır: “Mənə Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi ilə iş başlanmışdı. Amma yaralanan piyadanın dilindən notariusda təsdiqlənmiş formada izahat almışdım. Bütün bunları heç saydılar və işi məhkəməyə göndərərək ağır cəza almağıma səbəb oldular. Həm sığorta məbləğini alarkən, həm də məhkəmə qərarı nəticəsində xeyli əsəb və maddi ziyana düşdüm. Hələ də maaşımın 7 faizi məhkəmə qərarı ilə tutulur.”

Təcrübə göstərir ki, yol-nəqliyyat hadisəsi zamanı olay yerinə sığorta şirkətinin nümayəndəsi gəlibsə və müvafiq akt tərtib edilibsə sonradan zərərçəkəninin yol polisinə arayış üçün müraciət etməsinə lüzum qalmamalıdır. Lakin bu praktika hələ ki, tətbiq edilmir və insanlar zaman-zaman yol polisi idarələrində sığorta şirkətinə təqdim edəcəyi sənədi almaq üçün günlərlə vaxt və əsəb sərf edirlər.

Bu tip şikayətlər həddindən çox olduğu üçün Bakı Şəhər Baş Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik. İdarə rəsmisi arayışın verilməsi zamanı baş verə biləcək gecikmələri müxtəlif səbəblərlə izah etdi. “Prosesin uzanmaması üçün arayışların tez verilməsində DYP əməkdaşları daha çox maraqlıdır. Dəfələrlə sürücülərə xəbərdarlıq edilib ki, qəza baş verərsə, digər sürücü ilə razılıq olmasına baxmayaraq, bu barədə icbari qaydada polisə məlumat verilməli və müvafiq arayış alınmalıdır. Yalnız arayışın olduğu halda avtomaşının təmiri mümkündür. Əks halda hadisə yerindən qaçmaqda təqsirləndirilən həmin sürücülər cinayət məsuliyyətinə cəlb olunacaq, həmçinin cərimə balı alacaqlar. Elə qəza hadisələri var, aylarla məhkəməsi çəkir. Hansı səbəbdən törədildiyini aydınlaşdırmaq üçün uzun müddət tələb edən qəzalar da az deyil. Ona görə hər hadisəyə miqyasına və araşdırıldığı zamana görə sənəd verilir ”.

 

Vaqif Əsədov onu da bildirdi ki, Azərbaycanda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədikdə və dəymiş zərərin həcmi 1000 manatdan çox olmadıqda, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) müvafiq arayış da tələb olunmur: “Yəni, hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti sığortalanmış olduqda, həmçinin hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda BDYPİ tərəfindən arayış tələb olunmur.

 

Müxtəlif növ sığorta xidmətləri göstərən “A Qrup” sığorta şirkətinin əməkdaşı Təbriz Vəliyev Lent.az-a bildirdi ki, hadisə baş verdikdən sonra müştəri, yəni sığortaçı onlara müraciət etməlidir: “Əvvəlcə müştəri gəlir və ərizə yazaraq hadisənin baş verməsini təsdiq edən ərizəni yazaraq şirkətə müraciət edir. Biz də dərhal hadisəni araşdıran yol polisi bölməsinə sorğu göndəririk. Əgər müştəri tələsərsə bu sorğunu əli ilə yol polisinə aparıb təsdiqlədə bilər. Ümumi qayda isə sorğunun poçtla göndərilməsi yoludur. Daha sonra isə yol polisindən sorğumuza arayışla cavab gəlməlidir. Düzü praktikada bu arayışların çox yubadılması ilə rastlaşmırıq. Bəzən olur ki, möhürün rəisdə, komandirdə olmasını əsas gətirərək müstəntiq müəyyən yubanmaya yol verə bilər. Lakin bu uzun çəkmir və gün ərzində həllini tapır.”

 

Bu arada qəza barədə arayışı DYP-dən internet vasitəsi ilə də almaq mümkündür. Bu elektron xidmət ödənişsizdir, xidmətdən istifadə etmək istəyən sığorta şirkətləri internet səhifəsindən ərizə formasını dolduraraq[email protected] və ya [email protected] ünvanlarına göndərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar