Kitab-adam: [b]“Əsərdə doktor içdikcə, mən də burda özümə süzürdüm...”[/b] - ƏYALƏTDƏ KİM VAR, KİM YOX?
30 iyul 2015 11:44 (UTC +04:00)

Kitab-adam: [b]“Əsərdə doktor içdikcə, mən də burda özümə süzürdüm...”[/b] - ƏYALƏTDƏ KİM VAR, KİM YOX?

 

 

Lap uşaqlığımdan həmişə əlində kitab gördüyüm adamlardan biri də Ziyad adlı kəndçimizdi. Belə nadir insanlara hər bir bölgədə rast gəlmək olar. Ziyad məndən təxminən 4-5 yaş böyükdü.

 

Yaşlılar xatırlayar, sovet vaxtı, demək olar, bütün evlərdə ailə kitabxanası olardı. Danışacağımız bu kitab-adam – Ziyad dost-tanışın evinə gedər, özündə olmayan  kitablardan götürüb oxuyardı. Maraqlı burasıdı ki, o, orta məktəbdə yaxşı oxuyan şagirdlər sırasında deyildi.

 

Son zamanlar mətbuatda və sosial şəbəkələrdə kitabın təbliğatı, kitab oxumaq həvəsi haqda çoxlu sayda yazılar yazılır. Ona görə bu dəfə kəndə gedəndə sonsuz sayda bədii kitab oxumuş Ziyadla görüşüb söhbətləşmək qərarına gəldim.

 

- Ziyad, mən səni həmişə əlində kitab tutan görmüşəm. Yadımdadı, çox vaxt kitabı kəmərin altına taxıb gəzərdin. Bədii ədəbiyyat oxumağa haçandan başlamısan?

 

- Bilirsən ki, mənim atam dülgər idi.

 

- Hə, Məhəmmədəli dayını yaxşı tanıyırdım, sakit təbiətli adam idi. Bizim evin döşəməsini də o vurmuşdu.

 

- Doğrudu, atam təbiətən çox mülayim adam idi. Axşamlar evə yorğun gələndə taxtda uzanar, mənə “Koroğlu” dastanından oxutdurardı. Sonra mən ona “Qaçaq Kərəm”i də tapıb oxudum. Əlimə keçən sevgi dastanlarından, nağıllardan oxuyar, atamın zövqünü oxşayardım. Bir dəfə “Dədə Qorqud”u tapıb gətirdim. Dastanı oxumağa başlayanda atam yerindən dikəlib təəccüblə üzümə baxdı, çünki bu dastan əvvəlkilərə bənzəmirdi. Ancaq zaman keçdikcə atam mənə Dədə Qorquddan tez-tez oxutdurardı. Dastanın yaxşı anlaşılmayan yerlərini təkrar oxutdurar, unudulmuş qədim sözlərimizin mənasını yaddaşından eşələyib üzə çıxarmağa çalışardı. Beləcə, kitab oxumağa aludə oldum və bir də gördüm ki, kitab oxumasam havam çatışmır.

 

- Bəs, kitab azarkeşliyinə hansı əsərlə yoluxdun?

 

- Əvvəlcə Salam Qədirzadənin bir neçə sevgi romanını tapıb oxumuşdum. Ədəbiyyata bu ehtirasımı duyan tarix müəllimimiz Teymur Zeynalov Çəmənzəminlinin “Qan içində” romanını mənə oxumağa verdi. Əvvəlcə kitabın adından üşəndim, ancaq sonradan yavaş-yavaş oxuyub əritməyə başladım.

 

- Demək, sistemsiz oxuyursanmış. Yaşına uyğun olanını da, olmayanını da...

 

- Hə, kitab adına əlimə keçəni oxuyurdum. Oxumadığım kitabları görəndə özümü onların qarşısında suçlu sayırdım. Ona görə əlimdə olan kitabı sürətlə oxuyub bitirirdim. Yəni, dəli kimi, gecə-gündüz kitab oxuyurdum. Tay-tuşlarımla oynayanda da kəmərimin altında mütləq bir kitab olurdu. Mal otarmağa gedəndə daha rahat oxuyurdum. Sonralar qonşumuz Mehman müəllim mənə sistemli şəkildə oxumağı öyrətdi.

 

- Həə, Mehman müəllim də kitab oxuyandı. Hələ kiçik qardaşı Telman! Mən həyatımda Telman qədər kitab oxuyan adam görmədim.

 

- Telman məndən kiçik olsa da onun arxasınca oxuyub çatdıra bilmirdim. O, məndən də çox oxuyurdu. Atası Aslan dayının şəxsi kitabxanası vardı. Oxumaq üçün həmişə ondan kitab almağa gedirdik. İri bir qeyd jurnalı vardı, götürdüyümüz kitabın adını ora yazıb qarşısından bizə qol çəkdirirdi. Kitabın qaytarılma müddətini ötürsəydik kənddə bizi axtarıb tapar, qaytarılmasını tələb edərdi. Kitabı oğlu Telmana da qol çəkdirib verirdi. Onun kitabxanası rayon kitabxanasından zəngin idi. Bizə olan etimadını doğrultmaq üçün götürdüyümüz kitabları həmişə vaxtında qaytarmağa çalışırdıq. Hə, söhbət sistemli oxumaqdan düşmüşdü, axı. Telmanın böyük qardaşı Mehman Bakıda tələbə idi, yayda kəndə gəlmişdi. Bir gün məndən oxuduğum kitabları soruşdu. Mən oxuduqlarımı sadalayanda gülüb dedi ki, düzgün oxumursan, sənə bir siyahı verəcəm, ordan başlayarsan. Oturub, hardasa, on kitabın adını yazdı. “Robinzon Kruzo”, “Qulliverin səyahəti” “Kiçik şahzadə”, “Tom Soyerin macəraları”, “Başsız atlı”, “Kapitan Qrantın uşaqları”, “Baskervillərin iti”, “Bəyaz gecələr”, “Sonuncu mogikan”, “Qarqantua və Pantaqruel”... Təxminən bu səpkidə. Dedi, əvvəlcə öz yaşına uyğun olan kitabları oxumalısan, yoxsa oxuduqlarını yaxşı başa düşməyəcəksən. Özü də siyahıdakı kitabların hamısı atamın kitabxanasında var.

Mən bu siyahıdan sonra Aslan dayının kitabxanasına dadandım. Aslan dayı çox vaxt götürdüyümüz kitabı qaytaranda əsərin məzmunu haqda bizə suallar verirdi ki, görsün, doğrudan da oxuyuruqmu. Oxuyan uşağa kitabı çox həvəslə verirdi.

Sonralar Telman Universitetin kitabxanaçılıq fakültəsinə qəbul oldu, mən isə əsgərliyə getdim. Rusiyanın Kalininqrad vilayətində daxili qoşunlarda qulluq eləyəsi oldum. Dustaqlara nəzarətçi durduğumuza görə bizə mütəmadi idman məşqləri keçirdilər. Həftədə üç dəfə silahdan atəş açmağa aparırdılar. Orda uzun müddət oxumağa imkan olmadı. Əsgərliyin ikinci ilinə keçdikdən sonra kitab oxumaq imkanı yarandı. Mən artıq ruslardan kitab alıb rusca oxuyurdum. İlk oxuduğum Şukşinin hekayələr kitabı oldu. O hekayələr elə bil bizim kənd haqda yazılmışdı. Ona görə Şukşini çox sevdim. Sonralar onun “Qırmızı kalina” və “Mən sizə azadlıq verməyə gəldim” adlı romanlarını da elə əsgərlikdə oxudum. Tolstoyun “Hərb və sülh”ünü, Dostoyevskinin “İdiot”, “Kabuslar”, “Karamazovlar”ını da əsgərlikdə oxumuşam. Əsgərlikdən sonra da rus ədəbiyyatı oxumağa davam etdim. Nabokovdan: “Edama dəvət”, “Vergi”, “Bəyaz alov”, “Karol, dama, valet”, “Sehrbaz”, Bunindən: “San-Fransiskolu cənab”, “Saf birinci gün”, Pasternakdan: “Lüversin uşaqlığı”, “Mənim bacım – həyat”, “Doktor Jivaqo”. Düzdü, deyirlər, Rusiyada fəlsəfə yoxdu, amma, Rozanov, Danilevsk, Merejkovski kimi mütəfəkkirləri də oxumuşam. Belə də, indi xatırladığım bunlardı.  

 

- Ən çox hansı səpkidə yazılan əsərləri sevirsən?

 

- Müharibə mövzusunda olanları daha çox üstünlük verirəm. Şoloxovun “Sakit Don”u, Vadim Kojevnikovun “Qılınc və qalxan”ı dəqiqliyi ilə yadımdadı.

Nə isə, əsgərlikdən gələndən sonra Bakıya getdim, gördüm Telman tələbə ola-ola gecələr Axundov kitabxanasında qarovulçuluq eləyir. Həm ordakı xüsusi otaqda gecələyir, həm də ürəyi istədiyi kitabı götürüb oxuyurdu. Telman həmin vaxtlar mənə fantastikanı sevdirdi. Onda məşhur Amerika fantast yazıçısı Ayzek Azimovu oxuyurdu. Bu fantastın kitablarını ona Moskvadan Elçin adlı dostu göndərirdi. Ayzek Azimov 1920-ci ildə Rusiyada doğulub, sonradan 1923-cü ildə ailəsi ABŞ-a köçüb. Kolumbiya universitetini bitirib. Sonra biokimya üzrə müdafiə eləyib. ABŞ-ın hərbi dəniz donanmasının gizli eksperimental laboratoriyasında işləyib. Bu kiberinsan əsərlərində kosmologiya, futurologiya, kibernetika, kimya, biologiya, fəlsəfə, tarix, dini bilgilərindən geniş istifadə eləyib. İnsanların robotlaşma prosesindən, planetlərin toqquşmasından, qalaktikaların yeni düzülüşündən və s. bəhs edən əsərləri adamı dəli eləyir. Baxırdım ki, Telman Ayzeki oxuduqca ayaqları yerdən üzülür.

Mən onun “Polad mağaralar”, “Mən robotam”, bir də “Lütlənmiş günəş” əsərlərini oxuya bildim. Başım şişmişdi, az qalırdım havalanam. Sonra Telman “Əbədiyyətin sonu” adlı bir əsərini kəndə gətirmişdi, dedi, bunu da oxu. Dedim, qardaş, onu məndən kənar elə, qoy rahat yaşayım. 

“Polad mağaralar”ı mənə də oxutdurub Telman. Ayzekin sonradan “Toz kimi ulduzlar” əsərini də oxudum. Ağlasığmaz şeylər yazır. Düşünürəm ki, müasir elmi-fantastik filmlər də onun əsərlərindən doğulub. 

 

- Yaxşı, bəs son zamanlar hansı janrlara üstünlük verirsən?

 

- İndi əsasən detektiv oxuyuram. Bildiyin kimi, atamın sənətini özümə götürmüşəm, dülgərlik eləyirəm. Ailəm böyükdü, dörd övladım var, oxumağa vaxtım az olur. On ilə yaxın olar içkini buraxmışam. 1972-ci ildən siqaret çəkirdim, onu da bu ilin mayında atdım.

 

- Bəs içən vaxtlar kitab oxuyurdunmu?

 

- Əlbəttə. Onda kitabı daha ləzzətlə oxuyurdum. Məsələn, Remarkın “Zəfər tağı”nı oxuyanda doktor Raviklə çox içmişəm. Əsərdə doktor özünə süzdükcə mən də burda özümə süzürdüm. Hər dəfə sevgilisi Joan Madu ilə barışanda onların sağlığına vururdum.

 

- Detektiv deyirsən, əsasən kimi oxuyursan? 

 

- Rusca oxuya bildiyimə görə mütaliə şansım çoxdu. Çingiz Abdullayev sevdiyim yazıçılardandı.

 

- Hazırda hansı əsəri oxuyursan?

 

- Axırıncı oxuduqlarım da Çingizin Abdullayevdəndi. Bir ay içərisində onun “Divarın sonuncu daşları”, “Getmək və qayıtmamaq” əsərlərini oxumuşam. İndi əlimdə yarımçıq qalan “Bumeranq zərbəsi” əsəridi.

 

- Bəs şeir kitabı oxuyursanmı?

 

- Demək olar ki, yox. Bir dəfə məclisdə doxdur Elxan Əli Kərimin “Daş”, bir də “Qaytar ana borcunu” şeirlərini əzbərdən demişdi, çox xoşuma gəldi. Dərhal Əli Kərimin şeirlər kitabını tapıb oxudum. Çox gözəl şairdi. Bir vaxtlar Nazim Hikmətin də şeirlər kitabını (Rəsul Rzanın çevirməsində) sevə-sevə oxumuşdum.

 

- Bizim gənc yazarlar Kafkanı çox sevir, səncə o necə yazıçıdı?

 

- Vaxtilə Kafkadan da  çox oxumuşam. “Qəsr”, “Çevrilmə”, “Körpü”, “Milenaya məktublar”, “Bir davanın təsviri”, “Atama məktub”, “Çin səddi necə tikildi”... Xatırladığım bunlardı. Ağır yazıçıdı, heçnədən əsər düzəldir. Ancaq onun “Aclıq ustası” adlı hekayəsi mənə ləzzət eləyib.

 

- Səncə, kitab oxumaq sənə nə verib?

 

- Kitab mənə planetimizi, insanları, təbiəti və heyvanları sevməyi öyrətdi. Düşünürəm ki, geniş mütaliəmə görə bu sevgidə kamiləm.

 

Murad Köhnəqala

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Murad Köhnəqala

Oxşar yazılar