<span style="color:red;">Həyat yoldaşını dörd dəfə qaçıran Xan : <b>“Səhərə qədər meşədə qaldım” </b>- <span style="color:red;">ƏYALƏTDƏ KİM VAR, KİM YOX
18 sentyabr 2015 13:25 (UTC +04:00)

Həyat yoldaşını dörd dəfə qaçıran Xan: “Səhərə qədər meşədə qaldım” - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

Dəqiq yadımdadı, Sürət Hüseynovun qiyamı vaxtı idi, mən də Bakıda idim. Atam kənddən ismarıc göndərmişdi ki, təcili kəndə gəlim. Axşam qatara bilet alıb rayona getdim. Atam dedi, kiçik qardaşını Rusiyada dava üstündə tutublar, oralarda tanışın çoxdu, gedib uşağı çıxartmalısan.

Məlum oldu ki, kiçik qardaşım Xabarovskda ruslarla yumruq davasına çıxıb və onu tutub içəri basıblar. Gəncədən getmək mümkün olmadığından mən Bakıdan Moskvaya, ordan da Xabarovska uçası oldum.

Bakı hava limanında kəndçimiz Qara Aydınla rastlaşdım. Sən demə, kəndçim də mənim günümdə imiş, onun da qardaşını Xabarovskda tutublarmış. Səbəbini soruşdum, Aydın dedi, eşitdiyimə görə polislər qardaşım Ziyadxanın üstündə saxta pul tapıblar.

Uzun sözün kəsəsi, biz bir yerdə Xabarovsk şəhərinə gəlib çıxdıq. Baxdım ki, kəndimizin və qonşu kəndlərin cavanları bu şəhərin bazarında meyvə alveri ilə məşğuldular. Onların alverlərinin tipi belədi, səhər durub meyvə bazalarına gedir, ordan nisbətən ucuz aldıqları malları gətirib bazarda satırlar. Bazarlara meyvə-tərəvəz malları əsasən, Çindən, Özbəkistandan, Qazaxıstandan və Tacikistandan gətirilirdi.

Mən şəhərə çatanda kəndçilərim dedi, məhkəmə qardaşına yüksək cərimə kəsmişdi, yığıb verdik və azadlığa buraxdırdıq. Bu xəbərə çox sevindim. Aydının qardaşı Ziyadxan isə hələ “içəridə” idi.

Üç gündən sonra Aydın gəlib mənə söylədi ki, vəkillə danışmışam, qardaşımı yüksək cərimə ödəməklə xilas etmək olar. Sonra dedi, bazarda uşaqlardan siyahı ilə pul yığmaq istəyirəm, sanballı çıxsın deyə sənin adından istifadə etməliyəm, yəni siyahının başında birinci sənin adını yazmaq istəyirəm. Mən dərhal razılaşdım və kəndçilərimdən borc pul götürüb ona verdim.

Beləcə, Aydın bazarda tanışlardan pul toplayıb Ziyadxanı məhkəmə ilə azadlığa buraxdırdı.

O vaxtlar mən Ziyadxanı elə də yaxından tanımırdım. Azadlığa çıxan kimi dost-tanış yığılıb bir məclis qurduq və o gündən Ziyadxanla Rusiya günlərimiz başladı. Ondan sonra mən Xanla haralarda olmadım? Tümendə, İrkutskda, Çitada, Nijniy Vartovskda, Urenqoyda... Məndən bir neçə yaş kiçik olsa da, onun hərtərəfli dünyagörüşünün köməkliyi ilə istənilən çətinlikdən asanlıqla çıxa bilirdik. Xan çox baməzə adam olduğundan, ayrı-ayrı şəhərlərdə yaşadığımız kirayə evdə həmişə qonaq-qaramız olar, soydaşlarımız onun söhbətlərinə, “tamaşa”larına yığışardılar. Qanımızın qara vaxtlarında mahnı oxuyar, bizi şənləndirərdi. Kənddə olan əhvalatlardan söz salar, müxtəlif adamların roluna girər, hadisələri bəzəyib danışardı. Hər dəfə ən ağlagəlməz şeylərdən mərc gələr, məzəli oyunlar çıxarar, pozitiv enerji yayardı.

Bugünlərdə Ziyadxanla təsadüfən rayonda görüşdük, oturub keçmişləri yada saldıq, indiki güzəranımızdan söz açdıq.

- A Xan, saxta pul nə məsələ idi, kimdən almışdın o pulları?

- Yadındamı, o vaxtlar da danışırdım, demək, sən demə, bir dəstə rus saxta dollar alveri ilə məşğul imiş. Onlar saxta dolları nəyin bahasına olsun istənilən malla dəyişirlərmiş. Gəlib məndən də külli miqdarda mal aldılar və qeybə çəkildilər. Mən də gedib dolları xırdaladanda dedilər, bu  saxtadı. İkincini çıxartdım, dedilər, bu da saxtadı. Başa düşdüm ki, mənə beş min atıblar. Həmin məntəqədən bir az aralanmışdım, bir də gördüm, yanımda polis maşını dayandı, içərisindən iki polis üstümə atılıb qollarımı qandalladılar. Onda anladım ki, məni satıblar.

 

- Bayaq baxıram, deyəsən, yenə bir balaca axsayırsan, Rusiyadan qalmadır bu?

 

- Hə, qardaş. Yadındadımı, sən 1996-cı ildə kəndə qayıtdın, evləndin, elə o vaxtdan da Rusiyadan yığışdın. Onda mənim iki körpə övladım vardı. Sən Bakıya getdin, mən qaldım kənddə, neyniyim, nağayrım? Dolanışıq yox idi, əlacsızlıqdan qayıtdım yenə o xarabaya. Bilirsən ki, mənim başımdan sərgüzəşt əskik olmur. Ayağımı soruşdun. Qış vaxtı idi, Tümen vilayətində polislər arxamca düşdülər. Vəhşi kimi idim, mənim arxamca çatmaqmı olardı? Gördüm yox ee, təntidib tutacaqlar, özümü yaxınlıqdakı qarlı meşəliyə verdim. Şər qarışan vaxt idi, meşənin ortalarında qurşağıma qədər duran  qarlıqda qalıb gecəni gözlədim. Qar, su çəkmələrimdən içəri dolmuşdu. Fikirləşdim, yavaş-yavaş yola çıxmaq lazımdı, yoxsa burda qalsam ayı-zad gəlib məni parçalayacaq. Bu fikirlə meşədən yola tərəf gəldim. Şaxtadan ayaqlarım tamamilə keyimişdi. Gecədən xeyli keçmiş, meşə kənarından keçən yolda məni şübhəli adam zənn edib heç kim maşın saxlamırdı. Axırda məcburən şosse yolunun tən ortasında dayanıb  əllərimi yuxarı qaldıraraq bir yük maşınını əylədə bildim. İki nəfər idilər, xeyli söydükdən sonra məni maşına götürdülər. Şəhərin mərkəz küçələrindən birində düşüb bir taksiyə mindim və gecəykən tanış uşaqların yanına gəldim. Sabaha qədər ayaqlarım zoqquldadı, səhər tezdən məni xəstəxanaya yerləşdirdilər. Yüngülvari müalicədən sonra xəstəxanadan çıxıb Azərbaycana qayıtdım. İndiyə qədər də ayağımdakı fəsadlar bitmir, gah qabıq qoyur, gah şişir, gah ağrı verir. İndi fikirləşirəm, nə qədər axmaq olmuşammış, kaş elə onda polislərə təslim olaydım.

 

- Bəs, indi necə dolanırsan, nə ilə məşğulsan?

 

- Bilirsən ki, mənim atam usta idi, uşaqlıqdan ona fəhləlik eləmişəm. İndi özüm həmin sənətdəyəm. Bu boyda dünyanı hərləndim, axır yenə gəlib bənnalığa girişdim. Dövlətdən sosial yardım da alırdım, sonradan yardımı kəsdilər.

 

- Niyə?

 

- İkinci qızıma toy eləyəndə, bankdan kredit götürmüşdüm, həmin ay yardım fondundan dedilər, ta sənə pul verməyəcəyik. Soruşdum, niyə? Dedilər, kredit aldığına görə. Hələ də başa düşmürəm, kreditdə olmağın sosial yardım almağa nə dəxli var? Bankdan kredit almaq varlanmaq deməkdi bəyəm? Qardaş, səndən xahiş edirəm, bunu mütləq yazarsan...

 

- Yazacam, mütləq yazacam. Xan, sən canın, yadındamı, bir vaxtlar deyirdin ee, mən yeganə adamam ki, pitini boşqaba tökəndə küpün dibinə baxmıram, indi də eləsən?

 

- İnan ki, hələ də piti yeyəndə dibinə baxmıram. Həmişə ətrafımda piti yeyənlərə göz qoyuram, görürəm, hamısı işığa tutub qabın dibinə baxır. Ürəyimdə deyirəm, ay bədbəxt, onun dibində yapışıb qalmış üç dənə noxud olmasa qarnın doymayacaq?

 

-Bayaq toydan danışdıq, yadındamı, bir vaxtlar evlənməyin haqda danışanda deyirdin, həyat yoldaşımı dörd dəfə götürüb qaçırtmışam. Bu, necə olmuşdu?

 

- Həyat yoldaşım bacımın ərinin bacısıdı. Yeznəmiz bacımı götürüb qaçanda özümə söz verdim ki, bu heyfi səndə qoymayacam, mən də sənin bacını alacam. Özü də tərslikdən, getdikcə onun bacısını sevməyə başladım. Onda qız Bakıda texnikumda oxuyurdu. Bir gün eşitdim ki, Bakıdan evə gəlir. Səhər tezdən Qovlara qatarı qarşılamağa gəldim. Qızı evlərinə aparmaq adı ilə götürüb bir qohumumgilə qaçırtdım. Sonradan qardaşları axtarıb yerimizi tapdılar və gəlib qızı apardılar. İkinci dəfəsi belə oldu, demək, Rusiyaya getməli idim, gəldim ki, qızla sağollaşam. Söhbət əsnasında öyrəndim ki, qız sabah paltar almaq üçün rayona gedəcək. Beynim oynadı, fikirləşdim, qızı qaçırdım evlənək, sonra onu da özümlə Rusiyaya aparım. Sabah onların kəndindən rayona gedən avtobus sürücüsünə dedim, yolda o qızdan başqa heç kimi götürmə, pulunu mən verəcəm. Özüm də uzaqdan durbinlə izlədim avtobusu. Sonra dostumun “Jiquli”si ilə avtobusun qabağını kəsib qızı düşürtdük və onu ikinci dəfə qaçırtdım. Yenə özünün və qardaşlarının razılığı olmadığına görə qızı geri qaytarası oldum.

 

- Deyirsən, qız da səni sevirdi, bəs niyə evlənməyə razılaşmırdı?

 

- Birincisi, qız deyirdi, mən hələ ailə qurmağa hazır deyiləm, qoy heç olmasa, texnikumu bitirim. İkincisi də, bacım onların ocağında gəlin olduğuna görə qardaşları bu işə qəti  razılıq vermək istəmir, qıza təzyiq edirdilər.
Bütün qohum-əqrəba deyirdi, bu sevdadan əl çək. Ancaq artıq qız da məni sevirdi.

Üçüncü dəfəsi belə oldu, qız Bakıya getmək istəyən vaxt onu Tovuzun vağzalından            götürüb Qırıqlı kəndinə, qohum evinə qaçırtdım. Bu dəfə də qardaşları, qohum-əqrəbası yerimizi təxmin edib olduğumuz evi tapdılar və dava-dalaşla qızı alıb apardılar.

Nəhayət, sonuncu dəfə götürüb qaçanda dedim, ta boğaza yığılmışam, bir də bizə mane olanı tüfənglə güllələyəcəm. Bu dəfə mənə çox girişə bilmədilər, məhkəməyə verdilər. Qız öz razılığını rəsmi bildirdikdən sonra hamının bəhanəsi kəsildi. Yetim oğlan olduğuma baxmayaraq, özümə yaxşı bir toy elədim.

 

- Sağlıq olsun, bu dəfə oğlunun toyuna yığışarıq.

 

- Təki sağlıq olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar