<b>Kastro ilə “Gəncə” konyakı, Brejnevə gedən qovluq, Kennedinin uşaqları</b> – <span style="color:red;">V hissə
30 aprel 2015 15:45 (UTC +04:00)

Kastro ilə “Gəncə” konyakı, Brejnevə gedən qovluq, Kennedinin uşaqlarıV hissə

 (Əvvəli bu linklərdə)

 

http://news.lent.az/news/200175

http://news.lent.az/news/199284
http://news.lent.az/news/198631

http://news.lent.az/news/198739

 

 

Qəribə bir xasiyyəti varmış. Deyilənə görə, o nəhənglikdə ölkənin, o nəhənglikdə televiziyasında, o nəhənglikdə vəzifədə işləsə də…arxivlərdə onun çox nadir görüntüləri qalıb. Sevmirmiş özünü gözə soxmağı. Hətta qeyri-rəsmi qadağan da edibmiş. Heç müsahibə-filan da verməyə həvəsli deyilmiş. Buna görə də, o dövrün jurnalistləri arasında ona ləqəb də vermişdilər: “Mister iks”. Amma dünyanın harasından SSRİ-yə jurnalist gəlirsə gəlsin, onunla mütləq görüşərmiş. Bir maraqlı haşiyə.

Sən demə, Ənvər Məmmədov hələ ABŞ-da sovet səfirliyində işləyərkən Kennedi ailəsiylə yaxından tanış olur, münasibətlər qurur.

 

“O vaxt mən həm səfirin müşaviri, həm də “USSR” jurnalının baş redaktoru idim. Kennedilərlə, xüsusi ilə prezidentin qardaşı Robertlə tez-tez görüşürdüm. Kuba ətrafındakı gərginliyə baxmayaraq Kennedilərdə SSRİ - yə xüsusi maraq vardı. Prezidentin qardaşı ilə də həmişə ölkəmiz haqda söhbətləşirdik”.

 

***

 

Günlərin bir günü onu yenə Kremlə çağırırlar. Eşitdiyi xəbərdən az qala şoka düşür: “Kennedi ailəsindən bir neçə uşaq Moskvaya gəlir. Gəzməyə. Vaşinqtondan bildiriblər ki, onları ancaq Ənvər Məmmədov müşayiət etməlidir”.

 

Uşaqlar SSRİ-də bir neçə gün qalırlar. Moskvada, Leninqrada olurlar. Geri ABŞ-a qayıdanda isə sonuncu dəfə şam yeməyində uşaqlar etiraf edirlər: Biz SSRİ-ni belə təsəvvür etmirdik.

“Onlar SSRİ haqda az bilirdilər. Sanki vəhşi bir cəmiyyət barədə fikir formalaşmışdı onlarda.  Sovet uşaqları ilə təmasda olmaları, muzeylər, tarixi abidələr onlarda SSRİ haqda tamam başqa bir fikir yaratdı. Sonradan mənə Ağ Evdən təşəkkür məktubu da gəldi”.

 

Ümumiyyətlə, onun xaricdə çoxlu dostları vardı. Çoxu da rəsmi şəxslər. Xaricdən Moskvaya gələn dostları Ənvərlə görüşü mütləq protokola saldırırmışlar.

Kuba lideri Fidel Kastronun qardaşı Raulla isə möhkəm dost olublar.

 

“O SSRİ-yə gələndə mütləq mənimlə görüşürdü. Düzdür, bəzən onun mənimlə qeyri-rəsmi görüşünə can dərdi icazə verirdilər. Amma verməyə də bilmirdilər. Çünki Raul buna çox təkid edirdi. Ən sevimli içkimiz də “Gəncə” konyakı idi. Xudmani məclis qurardıq, bir şüşə konyakla səhərəcən xatirələrə dalardıq”.

 

 

***

 

 

Amma Ənvərin bu kimi uğurlarını gözü götürməyən o qədər idi ki… Bircə Suslov, SSRİ-nin “boz kardinalı” onu himayə edirdi.

 

Təsəvvür edin, onun imzası olmadan heç bir veriliş efirə çıxmazmış, amma bircə özü verilişdə belə görünməyib. Onu "Sovet televiziyasının siması adlandırırmışlar. Televiziyada hər şeyə, ən xırda məqamlaradək o nəzarət edirmiş. Bunu Kremldə də bilirdilər. Onu da gözəl bilirdilər ki, Komitənin sədri Sergey Lyapin nə qədər təcrübəli jurnalist olsa da,  SSRİ-nin virtual simasını məhz Ənvər Məmmədov müəyyənləşdirir. Bunu Suslov da gözəl bilirdi. 78-ci ildə Suslov onu yenidən yanına çağırır. Ölkənin baş ideoloqundan eşitdiyi təklif Ənvər Məmmədovu, necə deyərlər, şoka salır: “Mən səni SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin etmək istəyirəm". Ənvər heç nə demir. Sadəcə, necə deyərlər, protokol qaydasında bildirir ki, partiya və dövlətimiz məni hara göndərsə, orada işləməyə hazıram.

 

Məmmədovun təqdimatı, sənədlərindən ibarət qovluq bir neçə gündən sonra artıq Brejnevin stolunun üstünə gedir. Suslov bir ay gözləyir. Və nəhayət, sovet liderindən təqdimatla bağlı cavab istəyir. Brejnevin cavabı qısa olur: “Həmin qovluq arxivə göndərilib”. Məsələ ayıdın idi. Brejnev yaxın dostu Lyapini azərbaycanlı müavinlə əvəzləməkdən vaz keçmişdi…

 

***

 

 

Amma baş verənlər Ənvər Məmmədovun heç qayğılandırmır da. O, yenə öz işində idi. Çoxları bilmir ki, sovet televiziyasının məşhur “Vremya” proqramının son nöqtəsinə qədər özü redaktə edirdi. Hər bir sözü, ifadəni bir-bir özü nəzərdən keçirirdi. Xırda bir səhv, o dövr üçün fəlakət demək idi.

 

Bir vaxtların çox populyar olan və sovet tamaşaçısının bir buraxılışını belə buraxmadığı “Kabaçok-13 stulyev”, “Oçevidnoye-neveroyatnoye”, “Çto? Qde? Koqda?” kimi verilişlər məhz Ənvər Məmmədovun ideya müəllifliyi və dəstəyi ilə efir üzü gördü. Maraqlıdır ki, “Çto? Qde? Koqda?” nəinki sovet məkanında məşhurlaşdı, hətta beynəlxalq miqyas aldı. Elə KVN-nin özü. 23 ildən çoxdur SSRİ dağılıb, KVN hələ də postsovet məkanında oynanılır, sevilir.

 

Müxtəlif idman yarışlarının, sovet klublarının Avropa kuboklarındakı oyunlarının xaricdən birbaşa yayımı da onun vaxtından vüsət aldı

 

***

 

Hə, az qala qadağan olunacaq sovet filmlərindən danışırdıq axı...

 

Onun “Baharın 17 anı” filmini necə müdafiə edib ekranlara çıxmasına nail olması barədə ötən dəfə yazmışdıq. Eynilə “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filminin nümayişi üçün də Ənvər Məmmədov çox zülm çəkib.

Təsəvvür edin, film hazırdır, amma rejissor Ryazanovu qəzetlər kəskin tənqid edir. Səbəbi isə odur ki, guya filmdə alkoqolizm təbliğ olunur. Az qala qadağan olunacaq filmə yenə Məmmədov qahmar çıxır. O, hamını inandırır ki, bu komediyadır, burada əsas motiv sevgidir, bayram günü, yəni 31 dekabrda isə hamımız içirik.

 

“Mən elə beləcə də dedim. Məgər Yeni İl axşamı hamımız içmirik? Bir söz demədilər”.

 

Bütün bəhanələr kəsilir. Bu dəfə isə deyirlər ki, filmin titrində niyə mahnıların ifaçısı Alla Puqaçovanın və Sergey Nikitinin adları yoxdur. Məmmədov bunun texniki məsələ olduğunu bildirir. Əmin edir ki, səhvi düzəldəcəklər. Yeri gəlmişkən, həmin səhv hələ də düzəlməyib. Mahnı müəlliflərinin adı hələ də titrdə yoxdur. Film ekranlara çıxandan sonra isə Teleradio Komitəsinə o qədər tamaşaçı məktubu gəlir ki…

Deyilənə görə, sovet vətəndaşlarının məktublarını - hə, məhz bu film barədə - oxumaq üçün 10 nəfərlik xüsusi qrup yaradılıbmış. Təsadüfi deyil ki, hər il dekabrın 31-i nəinki Rusiya, elə Azərbaycan telekanalları da bu filmi ekranlara daşıyırlar. Çünki bu 31 dekabrla bağlı əsil ovqat filmidir.

 

***

 

Zaman 1985-ci il. Qorbaçov idarəçiliyi, yenidənqurma başlayıb. Günlərin bir günü Ənvər Məmmədovu Kremlə çağırılar… 

(Ardı olacaq)

Səbuhi Məmmədli, Moskva 

 

(Bu yazı Səba Şirkətinin dəstəyi ilə hazırlanıb )

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar