İngiltərənin aparıcı oyuncaq mağazası “The Entertainer”-in Azərbaycanda ilk mağazasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilmişdir.
Yeni açılmış mağaza “Paşa İnşaat” tərəfindən inşa edilmiş “Port Baku Mall”-un üçüncu mərtəbəsində yerləşir.
“The Entertainer” mağazasına daxil olan uşaqlar sanki möcüzələr dünyasına daxil olur, sevdikləri bütün oyuncaqlara və qəhrəmanlara rast gələ bilirlər. Yeni mağazaya səfər edən valideyn və uşaqlara gülərüz satıcılar xidmət edirlər.
Mağazanın açılışı zamanı uşaqlar, digər tədbirlər ilə yanaşı, sevdikləri qəhrəmanlar (Hello Kitty, “Power Rangers” və “Star Wars” personajları) ilə foto-şəkil çəkdirmək, “üzün rənglənməsi”-ndə iştirak etmək imkanı qazanmışlar. Valideynlər ilk “The Entertainer” mağazasının açılışından məmnuniyyətlərini bildirmiş, mağazanın tərtibatı və çoxsaylı sərfəli təkliflərdən razı qalmışlar.
Böyük Britaniyanın Azərbaycandakı Səfiri, cənab İrfan Siddiq mərasimə fəxri qonaq kimi qatılmış, ənənəvi qırmızı lenti kəsməklə və açılış nitqi söyləməklə tədbiri açıq elan etmişdir. Nitqində cənab səfir demişdir: “Britaniya əsilli brendlərin Azərbaycana gəlişinin şahidi olmaq çox xoşdur – bu Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha bir təzahürüdür”.
“The Entertainer” şəbəkəsini təsis etmiş ailəni təmsil edən cənab Dankan Qrant brendin tarixi, inkişafı və məramı barəsində məlumat təqdim etmişdir. O, qeyd etmişdir: “Bu fantastik dərəcədə mükəmməl qurulmuş bir mağazadır. Şübhə yoxdur – mən bu mağaza ilə fəxr edirəm. Mağazada olarkən, siz harada – Azərbaycanda və ya İngiltərədə olduğunuzun fərqini görə bilmirsiz”.
“The Entertainer” mağazalar şəbəkəsi 1981-ci ildə İngiltərənin Amerşam şəhərində ilk oyuncaqlar mağazasının açılması ilə yaradılmışdır. 1981-ci ildən bu günə qədər, “The Entertainer” Böyük Britaniyanın ən böyük oyuncaq mağazalar şəbəkəsinə çevrilmişdir. Hazırda, şəbəkəyə 98 mağaza daxildir və, orta hesab ilə, hər ay bir yeni mağaza açılır.