Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun APA-ya müsahibəsi
- Bayram müəllim, may ayında Şuşanın işğalının 25 ili tamam olur. Şuşa yaddaşınızda necə qalıb?
- Şuşanın bütün daşları, qayaları, gözəl binaları, küçələri, on yeddi məhəlləsi indi də mənim xatirəmdədir. Bu gün də gözlərimi yumub Şuşanın hər qarışını xatırlaya bilirəm.
- 1988-ci ildən əvvəl Şuşada ermənilərlə azərbaycanlıların münasibətləri necə idi? Ermənilərlə aranızda açıq və ya gizli bir qarşıdurma yaşanırdı?
- O vaxt hamımız SSRİ adlı dövlətin vətəndaşları idik. Deməzdim ki, bizim aramızda hər hansı bir konflikt vardı. Bizim həyətdə bir neçə erməni ailəsi yaşayırdı. Həmin həyətdə ümumilikdə yeddi ailə yaşayırdıq. Bir yerdə böyümüşdük, qonşu olmuşduq. O zaman bizə elə tərbiyə verilməmişdi ki, biz düşmənik. Sovet vaxtı mahnılar vardı: “Bütün xalqlar qardaşdır”. 15 respublikanın hamısı bir-birinə doğma qardaş kimi baxırdı. O cümlədən də biz.
Biz ailədə 10 uşaq olmuşuq. İstər məktəbdə, istərsə də ailədə bizə tərbiyə verilərkən insanlara kömək etmək, əl tutmaq aşılanırdı. Mən də bu cür böyümüşəm. Biz uşaqlıqdan ermənilərlə futbol oynamışıq, məktəbdə oxumuşuq, ünsiyyətimiz olub. Mən nə bilərdim ki, nə vaxtsa erməni belə bir şey törədəcək? Bunlar da ermənilərin işi deyil. Ermənilər də Şuşaya, Qarabağa sonradan gəliblər.
- Erməni dilini bilirsiniz?
- Az-maz bilirdim. Şuşada, şəhərdə erməni dilində danışılmırdı. Təbii ki, ermənilər aralarında öz dillərində danışa bilərdilər. Lakin onlar bizimlə erməni dilində yox, Azərbaycan dilində danışırdılar. 1987-ci ildə Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri seçildim. Vilayət İstehlak Cəmiyyəti o vaxt Stepanakertdə, indiki Xankəndində yerləşirdi. Mən də həmişə ora gedib gəlirdim. Orada erməni dilində danışılırdı. Dildir də, müəyyən sözlər yadımda qalırdı. Amma sizə deyim ki, Qarabağda yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilərin dilləri fərqlidir. Qarabağ ermənilərinin eləsi vardı ki, Ermənistan ermənilərinin dilini başa düşmürdü. Şuşada yaşayan ermənilərin danışıqlarında çoxlu Azərbaycan-türk sözü vardı.
- Bir ara Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri təşkil olunurdu. İndi sizə belə bir təklif versələr, işğal altındakı Şuşaya səfər edərsiniz?
- Belə bir təklif olsa, qəbul edərəm. Günü bu gün Şuşaya gedərəm. Şuşa mənim vətənimdir. Mənim ora getməyə haqqım var! Şuşa üçün darıxıram. Həqiqətən darıxıram ha... Söz xətrinə demirəm. Azərbaycanda gözəl yerlər çoxdur. Amma Şuşa tamam ayrıdır. Mən bunu şuşalı olduğuma görə demirəm.
- Şuşa işğal altındadır. Şuşalılar da respublikanın müxtəlif rayon və şəhərlərində yaşayır. Şuşalıların adət-ənənələrinin, folklorun unudulmasından qorxmursunuz?
- Camaatımızın adət-ənənələrinin unudulmasından çox qorxuruq. Çünki bu adət-ənənələr ancaq Şuşada yaşaya bilər. Bu gün şuşalılar respublikamızın 60-a yaxın rayonunda, 220 kəndində məskunlaşıb. Azərbaycan bizim vətənimizdir, bizim üçün çox əziz, çox doğmadır, Azərbaycanı canımızdan da çox istəyirik. Amma mənim vətənim Şuşadır. Hər bir adamın vətəni doğulduğu yerdir. Kim harada anadan olubsa, vətən ordan başlayır. Doğulduğu yerin, kəndin, şəhərin qədrini bilməyən adam vətənin qədrini bilməz. Şuşa əhalisinin başqa adət-ənənəsi var idi. Şuşada ədəbiyyat, folklor, zarafatlaşma, qonaq qarşılama bir ayrı idi. İndi istər-istəməz Sumqayıtda yaşayan şuşalı ora uyğunlaşmalıdır. Ancaq mən belə olmağını istəməzdim. İstərdim ki, doğma Şuşamıza qayıdaq, adət-ənənəmizi orada yaşadaq.
- Münaqişənin nizamlanmasına dair danışıqları yəqin ki, yaxından təqib edirsiniz. Danışıqlarda ilkin mərhələdə ətraf rayonların qaytarılması və o rayonlarının əhalisinin qayıdışı nəzərdə tutulur. Ümumilikdə, danışıqlar barədə nə deyə bilərsiniz?
- Yəqin ki, biz ətraf rayonlar qaytarıldıqdan sonra Qarabağa qayıdacağıq. Biz doğma torpaqlara qayıdacağıq. Mən Şuşaya hökmən qayıtmalıyam! Övladlarım ora qayıtmalıdır. Mən orada doğulmuşam, orada da ölməliyəm. Münaqişənin həlli üçün isə ətraf rayonların qaytarılması çox vacib şərtdir. Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Cocuq Mərcanlı kəndində bərpa-tikinti işləri gedir. Bu, ermənini narahat edir.
- Müharibədən sonra ermənilərlə birgə sülh şəraitində yaşamaq mümkün olacaq?
- Niyə mümkün olmur. Avropada ingilislər, fransızlar, almanlar bir-biri ilə müharibə etməyib? İndi necə yaşayırlar? Biz niyə yaşamayaq? Mən sizə şəxsi fikrimi deyim. Düzdür, bəziləri buna görə məni qınayırlar. Hətta bir nəfər axmaq bu fikrimə görə yazıb ki, Bayram erməni əsillidir. Məni tanıyanlar, bütün Şuşa bilir ki, mənim atam kimdir, anam kimdir. Sözüm onda deyil. Bu ermənilər iki əsr Azərbaycan torpaqlarında yaşayıblar, hara getməlidir? Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Seçim onların özünündür. 1991-ci ilə qədər Dağlıq Qarabağda azərbaycanlılarla birgə yaşamış ermənilər bizimlə yaşaya bilərlər. Lakin bir şərtlə. Azərbaycan Konstitusiyasını qəbul etməli, Azərbaycan bayrağı altından keçməli və Azərbaycan xalqına hörmət etməlidirlər. Bəyənir, buyurub yaşasın, bəyənmir, yol açıqdır, çıxıb getsin.
- Serj Sarkisyanın “İsgəndər” raketləri ilə Azərbaycanı hədələməsinə münasibətiniz necədir?
- Bəyəm Sarkisyanın "İsgəndər" raketi var?!
- Deyir varıdı.
- Onun deməyi ilə deyil ki. “İsgəndər”in açarları Sarkisyanın əlində deyil. “İsgəndər” raketləri Rusiyanındır, Rusiya ona cavabdehdir. Deyir, “İsgəndər”i var, bizim də “İsgəndər”dən güclü raketlərimiz var. Bacım oğlu Gəncə tərəfdə hərbi xidmətdədir. Heç bir ay olmaz gəlmişdi. Soruşdum ki, yeməyiniz-içməyiniz, geyiminiz necədir? Dedi, ay dayı, bizim isti suyumuz ayrı, soyuq suyumuz ayrı. Yeməyimizi aşpazlar bişirir, bizə verilən yeməyi heç yeyib qurtara bilmirik. Bacıma zarafatla dedim ki, deyəsən uşaq orda qalacaq. Bunun hamısı möhtərəm prezidentin orduya, Azərbaycan əsgərinə olan diqqət və qayğısının nəticəsidir.
- Bir müddət əvvəl məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılması prosesinə başlanması etirazla qarşılanmışdı. Bu problem həll olundumu?
- Məcburi köçkünlər üçün yüzə yaxın qəsəbə salınıb. Bu qəsəbələrdə yaşayan məcburi köçkünlərin hamısının bir istəyi var: Vətənə qayıdış. Təbii ki, 25 il pansionatda yaşayan insan nədən razı qala bilər?! Pansionatda yaşayan insan necə də olsa razı ola bilməz. Qəsəbələrdə o qaydaları tətbiq etmək olar. Amma pansionatlarda çox çətindir. Çünki orada hər şey elektrik enerjisiylədir. Su, çay, yemək, yuyunma - hamısı elektrik enerjisi ilə görülür. Balaca, nəm otaqlar elektrik enerjisi ilə qızdırılır. Allah Heydər Əliyevə rəhmət etsin! Dünyada milyonlarla qaçqın, miqrant var və onların sayı günbəgün artır. Lakin bu gün dünyada ancaq Azərbaycanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bir də hamını razı salmaq olmur. Mən Bakıya gələndə ailəmiz altı nəfərdən ibarət idi - mən, həyat yoldaşım və dörd övladımız. Mənim iki oğlum, iki qızım var. Bir oğlum və iki qızım ailəlidir. Kiçik oğlum hələ subaydır. Deməli, biz artıq dörd ailəyik. Oğlum da ilə qurub ayrı yaşasa, beş ailə olacağıq. İndi bir ailə hara, beş ailə hara? Mənim 8 nəvəm var. Üstündən bir müddət keçəndən sonra onlar da ailə olacaq. Dövlətin hamını razı salmağa gücü çatmaz. Məcburi köçkünlərlə görüşəndə də bir insan orada cənab prezident haqda xırda da olsa, narazılıq etmədi. Bunun hamısı prezidentə olan sevginin göstəricisidir. Məcburi köçkünlərin yeganə problemi mənzildir. Məcburi köçkün özünə iş də qurur, yaşayır da, yaradır da. Dövlət hər cür qayğı göstərir. Yəni zəhmət çəkən adam dolana bilir.
- Jurnalistlərlə də arada sözünüz düz gəlmir. Bunun səbəbi nədir?
- Mənim jurnalistlərlə münasibətlərim çox yaxşıdır. Jurnalist sənəti elə-belə sənət deyil, hamıya da jurnalist demək olmaz. Jurnalistlər var ki, onlara can qurban. Ortada təxribatla məşğul olan jurnalistlərdən isə danışmağa dəyməz. Mənə bəzən elə suallar verilir... Deyirəm, ay qardaş, mənə aid sual ver də. Sən mənim əvəzimə cavab verə bilərsən? Heç mən də sənin əvəzinə cavab verə bilmərəm. Belə məsələlərin üstündə görürsən ki, dəymədüşər jurnalistlərə sözüm toxunur. Amma bir məsələni də deyim ki, üç-dörd dəfə jurnalistlərin özləri etiraf edib ki, Bayram müəllim, sizi düzgün başa düşməmişik. Mən icra başçısı olmamışdan qabaq da jurnalistlərlə ünsiyyətim yaxşı olub. Jurnalist sənəti, sənətin çətinliyi, obyektiv, qərəzsiz jurnalistlər barəsində fikrim həmişə müsbətdir. Mənim tərəfimdən konflikt yarana bilməz. Lakin məni buna vadar edirlər. Cəbhədən mənə sual verirlər. Yaxud elə şeydən sual verirlər ki, bizim onu danışmağa ixtiyarımız yoxdur. Cəbhə zonasına cavabdeh şəxslər, Müdafiə Nazirliyi var. Elə sual verir, mən ona cavab verə bilmirəm axı, bu məndən asılı deyil. Mən Şuşa Rayon İcra Hakimiyyətinin başçısıyam, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədriyəm. Rəhbəri olduğum sahələrə cavabdehəm. Adam gücü çatan daşı qaldırmalıdır. Səmimi deyirəm, ucundan tutub, ucuzluğa gedirlər. Sanatoriyada sayğacların quraşdırılmasına etiraz edən məcburi köçkünlərlə görüşdə bir jurnalist qız mənim səksən dəfə şəklimi çəkdi. Axırda dedim ki, kino çəkirsən? Mən ora camaatımla danışmağa gəlmişəm. Bir dənə şəklimi çəkdin, bəsdir. Səsimi yazırsan yaz. Amma o tərəfə keçib, bu tərəfə keçib, o rakursda, bu rakursda nə qədər şəkil çəkərlər? Jurnalist qız mənə nə bir söz deyir, nə gəlib özünü təqdim edir. Bir özünü təqdim et, de ki, filan yerdən gəlmişəm, fotoqrafam, operatoram, ya da müxbirəm. Guya mən ona nə deyəcəkdim. Bir xeyli məni çəkdi. Camaatın da hirsli vaxtı. Dözdüm-dözdüm, axırda dedim ki, film zad çəkmirsən ha, icazə ver camaatla danışım.
- Mətbuatda haqqınızda neqativ yazılar yazılır. Heç reaksiya da vermirsiniz…
- Mən zəhmətkeş ailədə böyümüşəm. Əllərimin qabarları indi də durur. Bir dəfə yaxın bir yoldaşın övladının nişan mərasimi idi. Maşını onların həyətində saxlayıb yaşadığı mənzilə qalxmışdım.
- Övladlarınız hərbi xidmətdə olub?
- Bir oğlum polis bölməsinin rəisidir. Uşaqlarım, bacım, qardaşım uşaqları hamısı hərbi xidmətdə olub. Hərbi xidmətdən yayınmağa yol vermək yaramaz şeydir. Lazım olsa, bu gün silahlanıb döyüşə getməyə hazıram.