[b]Oya Ergün: “Xoşbəxt insan pis iş görməz”[/b]
...İnsanın formalaşması, əslində, ailədən gəlir. Mən musiqi ifa edilən, dinlənən bir ailədə dünyaya gəldim. Məncə, bu, böyük bir şansdır. O ailədə peşəkar musiqiçi olmadı, amma gələcəkdə olacaqmış ki, o da mən oldum. Bu işi peşə olaraq seçdim. Atam hüquqşünas idi, amma skripkada gözəl ifa etməyi bacarırdı. Anam orta məktəbdə rəsm müəllimi olub və həmçinin rəsm çəkmək istedadı olan bir xanımdır.
...Mən uşaq vaxtından valideynlərimi həmişə işləyən, çalışan xatırlayıram. Həftə sonlarında bizim evimizdə musiqi səslənərdi. Böyük qardaşım mandolina çalardı. Kiçik qardaşım da hüquqşünasdır, o da musiqini gözəl ifa edirdi. Atam skripka, mən blokflüt ifa edirdik, bir üçlük idik ailədə. Tətillərdə əmimə qoşulardıq, o da skripkada və mandolinada yaxşı ifa edə bilirdi. Onun qızı da musiqi istedadı olan xanımdır. O da mandolinada ifa edirdi, həmçinin gözəl səsi var idi. Onun da peşəkar musiqiçi olmağını gözləyirdik. Amma olmadı. O da əmisi kimi hüquqşünaslığı seçdi.
... Mən öz təhsilimi Hollandiyada aldım. Uzun illər Hollandiyada qaldım. Həm işlədim, həm də oxudum. Operalarda baş rollar almaq imkanım oldu. Hollandiyada, eyni zamanda Almaniyada, İsveçrədə, Fransada, İtaliyada və bir çox başqa Avropa ölkələrində çoxlu konsertlər verdim. Son illərdə Amerikada da konsert vermək imkanım oldu.
...Uşağın öz həyat yolunu düzgün seçməsi üçün dünyadakı bütün gözəllikləri ona göstərmək gərəkdir. Uşaq bunu öz qabiliyyətinə və istedadına görə seçəcəkdir. Mən öz övladımı, əsla, məcbur etmədim. Mənə deyirdilər ki, sən müəlliməsən, uşağın 4 yaşı var, amma hələ də nədəsə ifa etmir. Mən də “hər şeyin vaxtı, zamanı var” - dedim, gözlədim. 5 yaş yarım olanda özü pianoya yaxınlaşmağa başladı. Musiqiyə qulaq asmağı çox sevirdi. Onun pianoya həvəsi olduğunu aşkar etdik və özü pianoda ifa etməyə başladı. Hər şeyi uşağa göstərmək və məcbur etməmək lazımdır.
...Peşəkarlığın ən böyük sirri işə olan həvəsdir, işə könül verməkdir. Könlünüzü verdiyiniz zaman işdə qarşılaşdığınız çətinliklər sizə çox da çətin gəlmir. Misal üçün, hər hansı bir imtahana hazırlaşırsınız. Onunla yatıb, onunla durmaq, hər şeydən təcrid olmaq lazımdır. Amma bunu o qədər sevərək edərsiniz ki, sizə çətin gəlməz. Əgər o işin içində bir eşq varsa, peşəkarlığın əsas sirri o eşqdir.
... 4 il yarımdır Azərbaycandayam. Məncə, bu, mənim üçün böyük bir fürsətdir və taledir. Bu özü-özlüyündə oldu. Azərbaycan musiqisinə böyük məhəbbətim olmasına baxmayaraq, heç bir zaman Azərbaycanda yaşayacağımı düşünməmişdim. “Bir gün, turist olaraq, ziyarət edərəyəm”- deyə düşünürdüm. Həyat yoldaşıma bir gün Azərbaycanda çalışmaqla bağlı bir təklif gəldi. Mən bu illəri taleyimə verilmiş bir hədiyyə hesab edirəm. Çünki bu illərdə çox gözəl musiqiçilərlə tanış oldum.
...Azərbaycan musiqisinin gözəlliyi buranın adamlarının könlünün gözəlliyi ilə bağlıdır. Çünki insan könlünü musiqi ilə ortaya qoyar. Musiqi duyğuların dilidir. Bu insanlar ağrı-acılarla, gözəlliklərlə yoğrulublar. Bu coğrafiyanın genetikasına musiqi bacarığı oturub. Bu istedad 100 illərlə yaranıb. Azərbaycan musiqisinin möhtəşəm olduğunu bilirdim, ancaq buraya gəldikdən sonra düşündüyümdən də daha gözəl olduğunun şahidi oldum. Kaş ki, Avropada olduğum müddətdə Üzeyir Hacıbəyovu, Tofiq Quliyevi, Qara Qarayevi daha yaxşı tanımış olaydım. İstərdim ki, bu bəstəkarların mahnıları dünyada davamlı səslənsin və onları hər kəs eşitsin. Çünki bu əsərlər insanın ruhuna birbaşa təsir etmək qüdrətinə malikdir. Mən Avropada məzun olanda Azərbaycan mahnısını seçdim. “Yalqızam” mahnısı ilə məzun oldum. Hər kəsə dərin təsir etdi. Heç kim Azərbaycan dilini bilmirdi, amma musiqi onların qəlbinə birbaşa yol tapdı.
... Mən öz üzərimdə böyük məsuliyyət hiss edirəm. Sənətçi dediyiniz insan xalqın bir nümayəndəsidir. Uşaqlar təbii sənətçilərdir. Çünki toplumun təsirinə məruz qalmayıblar. Uşaqlarda sənət davranışlarını və orijinal sözləri daha çox müşahidə edirik. Çünki onlar hər şeyi içdən necə gəlirsə, o cür də ifadə edirlər. Mehribandırlar. Sənətçi də bu cür olmağın gərəkliliyini nümayiş etdirən bir insandır. Sənətçi hər şeyi olduğu kimi, bütün yanlışlıq və haqsızlıqlar daxil olmaqla, ifadə etmək istəyir. Amma toplum qarşısında olduğu üçün onu başqa üslubda ifadə edir.
...Sənətçi xoş görünüşlü olmalıdır ki, nə düşündüyünü anlada bilsin. Ona etibar edilsin, inanılsın. Mən, bəlkə, psixoloji təhsilimlə bağlı, bəlkə də, əxlaq mövzularına çox həssas bir ailədən gəldiyim üçün dediklərimə çox diqqət etməyə çalışıram. Musiqidə duyğularımı açsam da, sosial həyatda nümunə olmağın vacibliyini dərk edirəm. Çünki bir çox gənclər sənətçiləri özlərinə, nümunə olaraq, görürlər. Bu səbəbdən çox diqqətli olmaq lazımdır. Mənim məramım gələcək insanlara daha gözəl musiqiləri çatdırmaqdır.
...Dünyada daha gözəl musiqilərin qalması üçün qədim və yeni mahnılara diqqətlə yanaşmaq lazımdır. Bəlkə də, hüquqşünas ailəsindən olduğum üçün belə düşünürəm. Mənim atam hüquqşünas idi və ədalətə böyük hörməti olan insan idi. Hər kəsin eyni hüquqa malik olmasına xüsusi həssaslıqla yanaşırdı. Öz peşəsini də çox dürüst şəkildə yerinə yetirirdi. Bütün bu keyfiyyətlər mənim, yəqin ki, tərbiyə aldığım ailədən qaynaqlanır.
...8 yaşında olarkən bir uşaq mənə: “Evləndikdən sonra sənin soyadın dəyişəcək” - dedi və mən hıçqıra-hıçqıra ağladım. “Niyə qadınlarla belə davranırlar?” - deyə, qadın haqlarına qarşı xüsusi marağım oldu. Dünyada qadınların, sadəcə, qadın olduqları üçün əzab çəkdiklərini görmək mənə çox hüznlü gəldi. 12-13 yaşlarında özündən çox yaşlı insanlarla zorla evləndiriliblər, bir fəhlə arvadı olaraq, bələd olmadıqları bir ölkəyə gəliblər və çox çətin həyat yaşayıblar, çox ciddi, ağır çətinliklər çəkiblər. 15-16 yaşında ana olublar. Onlar Hollandiya vətəndaşları olublar, ancaq Hollandiyada aclıqdan uşaqlarını öldürüblər. Düşünürdüm ki, dünyanın ən mədəni ölkəsində aclıqdan uşağı ölən qadın var. Çünki əri hər səhər qapını kilidləyir, axşama qədər gəlmir, axşam haradasa içib qalır. Bu, ölkənin də günahıdır, çünki onları şəhər kənarına atıblar və məcburi təhsil verməyiblər. Təhsil zəruridir. Yəni, əgər siz təhsili məcburi etməsəniz, bu bir cinayətdir.
...Hollandiyadakı immiqrant qadınlarla görüşəndə bu insanlar üçün nə isə bir şey etməli olduğumu düşündüm. Mən özüm tələbə idim. Həm çox çətin idi mənim üçün, həm də çox da çətin deyildi, çünki orada çevrəmdə çox gözəl insanlar vardı. Mənim müəllimim Margaret Honig dünyaca məşhur bir xanımdır və onunla çalışmaq, ildə iki dəfə dərs almaq üçün dünyanın bir çox yerlərindən insanlar gəlirdi. Ancaq buna baxmayaraq, həmin məşhur müəllim cəmiyyətə inteqrasiyaya ehtiyacı olan xarici xanımlara pulsuz dərs keçirdi. “Posture and movement” “Duruş və hərəkət” dərsinin müəllimi İrti Ayahengelhel də immiqrant xanımlara pulsuz duruş dərsi keçirdi. Və tez-tez bir araya gəlib bu xanımlar üçün nə isə etməyə çalışırdıq. Bu xanımları həyatlarında ilk dəfə konsertə apardıq. Bu insanlar, evlərini, mənzil nömrələrini, telefon nömrələrini, oxumağı-yazmağı bilməyən insanlar idi. Əgər onları Amsterdamın ən işlək küçəsinə buraxsanız, evlərinə necə gedəcəklərini bilmirdilər. Yaşları 50-yə çatmış bu qadınlar heç nə bilmirdilər. Uşaqları böyümüş, nəvələri olmuş, uşaqları məktəbə gedə bilməmişdilər. Onlarla çox ağır və uzunmüddətli işlər gördük. Çox gözəl nəticələr aldıq, çox acıqlı şeylərlə, etirazlarla qarşılaşdıq. Amma belə bir həqiqətlə üz-üzəyik, insanlar arasında uçurumlar var. Mədəni bir ölkənin vətəndaşı, mədəni bir ölkədə həyatını keçirmiş, amma mədəniyyətdən heç bir pay almamış... Təbii ki, burada həm doğulduqları, həm də gəldikləri dövlətlərin ciddi məsuliyyəti var.
...İmmiqrant qadınların hüquqlarını müdafiə edərkən çox təzyiqlərlə üzləşdim. Məsələn, birlikdə işlədiyim bu xanımlardan bəzilərinin ərlərinin təhdidləri ilə qarşı-qarşıya qaldım. “Sən mənim yoldaşıma nə edirsən, necə bunu edə bilərsən, nə konsertdir elə, haradan çıxdı bütün bunlar?!” - deyə bizi təhdid edən insanlarla da üzləşdim. Bəzi insanların çox mənfi reaksiyaları ilə qarşılaşdım. Məsələn, bir xanıma “güzgüdə baxıb özünüzü sevirsinizmi”, “heç özünüzə qarşı bir sevgi hiss edirsinizmi” - dediyimdə, - “Sən nədən danışırsan?” - deyə düşünənlərlə üz-üzə gəldim.
...Mən də naşı idim, bəzi məsələlərə necə yanaşılmalı olduğumu mən də bilmirdim. Amma özüm də çox şeylər öyrəndim. Anladım ki, mən və o xanımlar, tamamilə, eyniyik. Sadəcə, o, haqlardan məhrum qalaraq böyümüş, mən isə haqlara sahib olaraq, böyümüşəm. Aramızda heç bir fərq yoxdur. Çünki onlar oxumaq-yazmaq öyrənib, sonra öz həyatlarının şeirini yazarkən, ortaya həddindən artıq sadə, möhtəşəm şeirlər çıxdı. Yəni o xanımlara bir şans verilsəydi, bəlkə, hər şey başqa cür ola bilərdi... Onlardan biri xalq mahnılarını o qədər yanıqlı, o qədər gözəl oxuyurdu ki, vaxtında təhsil ala bilmiş olsa idi, bu insanlarda heyrətamiz, hər kəsin çox sevəcəyi, təqdir edəcəyi bir çox keyfiyyətlər üzə çıxa bilərdi. Ancaq bu insanlar cəmiyyətdən kənarlaşdırılaraq böyümək məcburiyyətində qalmışdılar.
...Mən haqlarını müdafiə etdiyim qadınlardan həyat dərsi aldım və onlar mənə çox şey öyrətdilər. Öyrəndim ki, indi siz deyə bilərsiniz ki, sən niyə ərinə üsyan etmədin, niyə öz haqqını müdafiə etmədin, niyə özünü qurban etdin? İlk baxdığımda, özümdə bunu deməyə ehtiyac hiss edirdim. Bu, çox mənasız, səhv bir mövqedir. Çünki elə bir haqq yoxdur. 12 yaşında məni birisi alıb böyüdəcək olsa, 12 yaşında 50 yaşında bir insanın arvadı olsam, uşaq dünyaya gətirməyə məcbur olsam, necə olardım?... Bunu mən mühakimə edə bilmərəm, başa düşürsünüz, bunu yaşamadan bilə bilməzsiniz. Ona görə də, yaşamadan insanları mühakimə etməməyi həyatın özü mənə öyrətdi. Sonralar elə insanlarla işləmək məcburiyyətində qaldıq ki. Məsələn, pozğun qadınla. Amma “Bu işə necə başladınız?” - deyə soruşanda mənə elə bir cavab verdi ki, tüklərim ürpəşdi. “Əvvəlcə - dedi -, məni qardaşım dostlarına satdı”. Belə bir şeyə siz necə yanaşa bilərsiniz? “Ola bilməz, sən tərbiyəsizsən” - deyə bilərsinizmi? O zaman o uşaq olub. Uşağı belə bir şeydə günahlandıra bilərsinizmi? Həyat mənə öyrətdi ki, insanları mühakimə etmədən öncə min kərə düşün, min kərə özünü onların yerinə qoy. Bu, mənim ən çox, ən dərindən öyrəndiyim bir şeydir.
...İnsanın özünə ciddi yatırım etməsi lazımdır. Bunu da insana ailəsinin öyrətməsi vacibdir. Hər şey, həqiqətən də, ailədən başlayır. Mən elə düşünürəm. Ailə cəmiyyətin çox önəmli fundamentidir, ən kiçik, ən önəmli fundamenti. Ailə özünüzə yatırım qoymağın yollarını sizə açmalıdır. Nə deməkdir özünə yatırım qoymaq? Mənim nəyə istedadım var? Mən necə xoşbəxt və düz bir insan ola bilərəm, sadə ola bilərəm? Dünyada nə məni xoşbəxt edər, nə kədərləndirər? İnsan təbiətini öyrədə biləcək bir təhsil sistemi olsa, o zaman hər şey çox gözəl olar. Təhsil, məncə, dünyanın ən önəmli mövzularından biridir, çünki həkim də oradan gəlir, yəni sağlamlığımız oradandır, ədalət də orada yetişir. Odur ki, bütün sistemlərin təməlində təhsil olmalıdır. Pedaqoqları yaxşı yetişdirmək lazımdır. Mən buna inanıram.
...İnsanları ən çox birləşdirən dəyərlər insanın elə özündə olan sevgi, sənət, birgəlikdir. Sevgi və sənət, sevgi və musiqi də deyə bilərik. Mən musiqidən bəhs edirəm, amma bir rəssam rəsmdən bəhs edə bilər. Sevgi və musiqi çox ciddi beynəlxalq birləşdiricidir. Biz hamımız eyni dildə gülər, eyni dildə ağlayarıq. Bu çox bəsit, sadə bir cümlədir, amma çox vacib bir cümlədir. İnsan duyğularının dili sənətdən keçir. Bir rəssam ola bilərsiniz, Qarabağda, məsələn, insanlar nələr çəkdi, bir rəsmlə, sadəcə, bir əsərlə hər şeyi ifadə edə bilərsiniz. Bir mahnı oxuyarsınız, insanın bütün hər şeyini təsvir edə bilərsiniz. Bu, çox birləşdiricidir. Ayıran şeylər isə, özünü digərindən fərqli və üstün hiss etməkdir. Bu, bir insandan başlayar, dövlətlərə qədər gedər. Yəni mən daha üstünəm, o daha aşağıdır, o ailə daha aşağıdır, mən yüksəyəm... Bu, çox böyük ayrı-seçkilikdir. Çünki, dediyim kimi, insanları mühakimə edərək bir-birimizə yanaşanda, daim tənqid edərək yanaşmaq istəyəndə, özümüzlə müqayisə ehtiyacı duyarıq. Müqayisə etmək çox təhlükəli bir şeydir. Çünki hər kəsin öz gözəllikləri, öz səhvləri var. Və biz ancaq daha yaxşıya getsək, xoşbəxt və olarıq. Cəmiyyət və bəşəriyyət də xoşbəxt olar. Xoşbəxt insan pis şey etməz. Xoşbəxt insan pis ərzağı başqasına satmaz, pis ticarət etməz, pis mühakimə etməz. İnsan özünü gözəlləşdirməlidir ki, bu ayrı-seçkiliklər, bu səhvlər, bu müharibələr qurtarsın.
... Sağlamlığımı və səhnə görünüşümü necə qoruduğumu soruşursunuz... Mən, uzun illərdir, yoqa ilə məşğulam. Uzun illər boyu çalışıb özümü sevməyə nail olmuş insanam. Özünü sevməklə nasizm bir-biri ilə qarışdırılmamalıdır. Hər kəs özünü yavaş-yavaş, yenidən anasının-atasının sevdiyi kimi sevməyi öyrənməlidir. Ana-atalarımız hər zaman səhv edə bilərlər, mən də anayam, mənim də səhvlərim olur, ancaq insan öz içində axtardığı ananı öz içində yaratmalıdır. O zaman daha yaxşı qidalanmağa başlayır, yediklərini daha yaxşı seçər, o zaman bədəninə daha yaxşı baxmağa başlayar, idmanla məşğul ola bilər, musiqiyə qulaq asa bilər, gün ərzində sizə nə yaxşı təsir edirsə, seçərək bir-bir yaşamağa başlaya bilərsiniz. “Çox məşğulam, bunları etməyə vaxtım yoxdur” - deyən insan da bunu edə bilər. Məsələn, siz işinizdə hər gün stolun arxasında oturursunuz, işləyirsiniz, kompüterə baxırsınız, 5 dəqiqə boyun hərəkətləri etməyiniz, 6 dəqiqə ayaqlarınızı oynatmağınız sizə yaxşı təsir edən bir şeydir. Bunları bir-bir tapıb bütün insanların etməli olduğunu düşünürəm.
...Mənim bir şansım var ki, işimdə bədənim mənim alətimdir. Ona çox yaxşı baxmalıyam. Yaxşı yatmalı, yaxşı qidalanmalıyam, müəyyən bir saatdan sonra yemək yeməməliyəm, konsertdən əvvəl müəyyən qidalardan istifadə etməməliyəm. Məsələn, konsertdən əvvəl şirniyyat çox mane olur, çünki bədəniniz onsuz da orada adrenalin ifraz edir. Əgər konsertdən əvvəl bol şirniyyat yesəniz, bu sizə heç yaxşı təsir etməz. Məsələn, banan ürək döyüntülərinizi yavaşıdar, sizə yaxşı təsir edər. Kartof yaxşı təsir edə bilər. Sakitləşdirici içkilərdən, məsələn, çobanyastığı çayından istifadə edə bilərsiniz. Bütün dünya artıq hansı qidaların səhv, hansı qidaların düzgün və yaxşı olmağından danışır. Mən də yaxşılara doğru getməyə çalışıram.
251