[b]Nyutonun üçüncü qanunu və yaxud qloballaşmaya müqavimət[/b]
23 oktyabr 2017 14:40 (UTC +04:00)

[b]Nyutonun üçüncü qanunu və yaxud qloballaşmaya müqavimət[/b]

Təsir əks təsirə bərabərdir

İ.Nyuton

Müasir dünya siyasətini anlamağa çalışan hər kəsin qarşılaşdığı əsas problem informasiya çoxluğudur. Bu, yeni dünyanın ayrılmaz gerçəkliyidir, amma onun ucbatından nəyin əhəmiyyət kəsb etdiyini, nəyin boş şey olduğunu və dünyanın hara baş alıb getdiyini anlamaq çox çətin olur.

Bir tərəfdən, tərəqqi qeyd-şərtsiz göz qabağındadır: aclıq, epidemiyalar və müharibələr kimi ümumbəşəri problemlərin kökü kəsilməsə də, nəzarət altına alınıb. Məsələn, 2012-ci ildə təxminən 56 milyon insan dünyasını dəyişib. Amma onlardan yalnız 620 min nəfəri bilavasitə insan zorakılığı nəticəsində (120 nəfər müharibələrin, 500 nəfər isə kriminal qətllərin qurbanı olub) ölüb. Eyni zamanda 800 min nəfər intihar edib, 1.5 milyon nəfər isə diabetdən vəfat edib. Bəli-bəli, şəkər bu gün barıtdan daha təhlükəli olub və bu da təəssüf ki, yeni dünyanın gerçəkliyidir (Noah, 2017).

Başqa statistikaya görə, ucdantutma qloballaşma, robotlaşdırma və süni intellekt məsələləri yaxın 15 – 20 ildə insan həyatına güclü təsir göstərəcək. İş yerlərinin sayı ağlasığmaz dərəcə azalacaq. Artıq bu gün bir çox sahələrdə insan süni intellektə uduzur (Ford, 2015). Gözlənilir ki, süni intellekt insanları dillərdən tərcümə (2024-cü ilə), esse yazma (2026-cı ilə) və yük avtomobilini idarə etmə (2027-ci ilə) kimi məsələlərdə insanları ötüb keçəcək (WEF, 2017). Artıq bu gün Uber, Amazon, Facebook, Google, Apple və bir çox digər şirkətlər öz təxribatçı innovasiyaları mövcud sənayeni yerlə-yeksan etməklə yanaşı yeni industriyalar, indiyə qədər məlum olmayan, reallığın hüdudlarında yerləşən yeni imkanlar yaradırlar.

Nəhəng məlumat massivi barədə və bu massivin “yeni neft” olması barədə demək olar ki, hamının xəbəri var. Amma hər hansı məqalə ilə bağlı “layk” işarəsi qoyduğunuz zaman, üstəlik həmin məqaləni öz sosial şəbəkə səhifənizdə bölüşdüyünüz zaman cinsinizin, siyasi baxışlarınızın və hətta seksual təmayülünüzün yüz faiz dəqiqliklə müəyyən olunması üçün şərait yaratdığınızı bilirsinizmi? (Das Magazine, 2017)

Bu həqiqətdir, amma tam yox. Əslində siz məqalənin üzərinə “klik” vurub onu oxumağa başladığınız anda artıq hər şey müəyyən olunur, çünki bizi bir fərd kimi oxumaq çətin də olsa, kollektiv halda biz açıq bir kitabıq. Yəni, kütlənin nə edəcəyini qabaqcadan müəyyənləşdirmək çox asandır, bəzi fərdlərin kənara çıxmasına əhəmiyyət verməmək də olar (Pentland, 2014). Biz hər gün gələcəkdə şüurumuzu yönəltmək və davranışımızı idarə etmək üçün istifadə olunacaq milyonlarla rəqəmsal izlər qoyuruq (Mayer, 2017).

Bu və ya digər hadisələrin baş vermə səbəblərini anlamaq üçün yaxşı olar ki, bütün yuxarıda sadalananların meydana gəlməsinə səbəb olmuş prosesi – qloballaşma fenomeninin araşdırılmasından başlayaq.

Qloballaşmanı tam sadələşdirilmiş formada cəmiyyətlər arasında qarşılıqlı əlaqələrin dünyanın bir tərəfində baş verən hadisələrin əksər hallarda uzaqda yaşayan xalqların və cəmiyyətlərin həyatına təsir edəcək qədər artması kimi şərh etmək olar. Qloballaşmış dünya siyasi, iqtisadi, mədəni və sosial hadisələrin getdikcə bir-biri ilə bağlı və bir-birinə qarşılıqlı təsir etdiyi dünyadır. Başqa sözlə desək, bəzi cəmiyyətlər başqa cəmiyyətlərin daha geniş və daha dərin təsirinə məruz qalır. Bu hadisələr üç tipə bölünür: sosial, iqtisadi və siyasi.

Hər bir halda adama elə gəlir ki, dünya getdikcə “kiçilir”. İnternet bunun bariz nümunəsidir, siz evdən çölə çıxmadan dünyanın çoxsaylı veb-saytlarına ani giriş imkanı əldə edirsiniz. Amma bu, sadəcə göz qabağında olan nümunələrdəndir. Başqa nümunələr də var ki, onlardan ümumdünya televiziya rabitəsini, ümumdünya qəzetləri; Amnesty International və yaxud Greenpeace kimi beynəlxalq hərəkatları; McDonald’s, Coca-Cola və Mac kimi dünya franşizalarını; dünya iqtisadiyyatını və çirklənmə, iqlim dəyişməsi və HİV dünya risklərini qeyd etmək olar.

Çoxlu başqa nümunələr də var, amma ümumi mənzərə aydındır. Bu ixtiralar dünya siyasətinin xarakterini dəyişib. Və burada dünyanın dəyişməsi o qədər mühüm deyil, mühüm odur ki, bu dəyişikliklər kəmiyyət yox, keyfiyyət xarakteri daşıyır. Və bu proseslərin nəticəsində “yeni” dünya siyasi sistemi meydana gəlib.

O da mühümdür ki, qloballaşma dünya siyasətinin yeni formasıdır, yaxud əsrin özəlliklər sırasının yeni adıdır, ya başqa bir şeydir, amma dəqiq demək olar ki, kompleks, ziddiyyətli və qavranması müşkül olan fenomendir. Və dünyada heç də hamı qloballaşmanın dünya siyasətinin mütərəqqi gücü olduğu barədə fikirlə razılaşmır. Qlobal dövrün siyasəti barədə bizim düşündüklərimiz təkcə bizim bu və ya digər nəzəriyyəni dəstəkləməyimizi deyil, həm də qloballaşmış dünyadakı yerimizi əks etdirir. Bizim dünyada baş verən hadisələr reaksiyamız son nəticədə sosial, mədəni, iqtisadi vəziyyətimizdən asılıdır. Başqa sözlərlə, dünya siyasəti qəflətən çox şəxsiləşdi: sizin iqtisadi vəziyyətiniz, etnik, cinsi, mədəni və dini mənsubiyyətiniz qloballaşmanın sizin üçün nə olduğunu müəyyən edir.

Tanınmış fransalı marketoloq Kloter Rapay özünün “Mədəni kod. Biz necə yaşayırıq, nə alırıq və niyə alırıq” adlı kitabında yazır: “Siz ətrafınızda dünyanın, şəhərlərin və cəmiyyətlərin necə dəyişdiyini daha yaxşı anlamaq istəyirsinizsə, növbəti nəsillə ünsiyyət bunun üçün ən yaxşı nümunə ola bilər”. bizim halımızda bu “milleniallar” və ya “Y nəslidir”. Bu gün doktor Rapayın gəldiyi nəticəyə görə, gənclik vətənpərvərlik hissini bizim başa düşdüyümüz anlayışda itirib. O, bir şəhərdən digərinə, bir ölkədən digərinə keçir. Sinqapur, Dübay, London, Los-Anceles  və s. kimi müəyyən mərkəzlər var ki, gənclər orada yığışmağı xoşlayır və onları öz evi adlandırır. Bugünkü gənclik bir neçə dildə danışır, son texnologiyalardan istifadə edir və özünü hər hansı bir ölkənin deyil, dünyanın vətəndaşı hesab edir. onun üçün qəti fərqi yoxdur, ölkədə monarxiya üsul-idarəsidir, yoxsa demokratiya. Daha mühüm olan qanunun aliliyi və ardıcıllıqdır: oyun qaydaları şəffaf, anlaşılan və hamı üçün eyni olmalıdır. Bununla gənclik öz yeni “evinin” bütün risklərini qabaqcadan proqnozlaşdıra bilər. Məhz bu, qərar qəbul edərkən əsas meyar hesab olunur. Kimsə təhlükəsiz həyat və təmizlik naminə söz azadlığını qurban verir, kimsə də əksinə. Bu və ya digər ölkənin nə təklif etdiyi, həmin ölkədə hansı qanunların qəbul edildiyi vacib deyil, vacib budur ki, o qanunlar hamı üçün işləsin.

Amma bütün yuxarıda deyilənlər müstəqil dövlətlər tənəzzül edəcəyi mənasına gəlmir. Suveren hakimiyyət və milli hökumətlərin nüfuzu öz əraziləri daxilində transformasiya edəcək, amma heç bir halda məhv olmayacaq. Dövlət hakimiyyətinin bölünməz, ərazi baxımından bölünmüş dövlət hakimiyyəti forması kimi suverenlik haqqında Vestfal təsəvvürü öz yerini suverenliyin bölünərək həyata keçirilən dövlət hakimiyyəti və nüfuzu kimi qəbul olunduğu yeni suverenlik rejiminə verəcək.  Bu baxımdan biz post-vestfal  dünya nizamının yaranmasının şahidi oluruq.

Bundan əlavə, qloballaşma dövlətin aktivləşməsinə gətirib çıxarır. Səbəbi bundadır ki, qlobal tor dünyasında milli hökumətlər daxili məqsədlərinə çatmaq üçün geniş çoxtərəfli qarşılıqlı münasibətlərdə və əməkdaşlıqda daha aktiv iştirak etməyə məcburdur. Amma qlobal və regional idarəetməyə daha çox inteqrasiya şəraitində  dövlətlər çox ciddi problemlə üz-üzə qalır: daha effektiv dövlət siyasəti aparmağa və bu siyasəti vətəndaşlarının tələbatına uyğunlaşdırmağa can atarkən dövlətin özünü idarə etmə qabiliyyəti, yəni dövlət müstəqilliyi riskə məruz qalır. Bu gün effektiv idarəetmə ilə yerli özünü idarəetmə arasında çox mürəkkəb kompromis mövcuddur.

Amma nəzəriyyədən bir az uzaqlaşıb hal-hazırda dünyada baş verən konkret nümunələrə qayıdaq. Tomas Fridmanın 2005-ci ildə işıq üzü görmüş “Yastı dünya:  XXI əsrin qısa tarixi” qloballaşmanın bütün dünyanı tutacağını bəyan etmişdi. Biznes sahibləri hesab edirdi ki, dünya getdikcə “yastılaşır” və ölkələrin sərhədlərinın sıxıntısını hiss etməyən qlobal şirkətlər tezliklə dünya iqtisadiyyatında dominant mövqe tutmağa başlayacaq. Lakin bu bəyanatların yumşaq desək, şişirtmə olduğu üzə çıxdı (HBR, 2017). Bu gün artıq bir çox aparıcı ekspertlər və analitiklər yeni proteksionist təzyiqlər qarşısında qloballaşmadan kütləvi şəkildə uzaqlaşmanın baş verdiyini qeyd edir. Böyük Britaniya boş yerə Brexitin lehinə səs vermədi, Amerika Birləşmiş Ştatları Amerikanın maraqlarını hər şeydən önə çəkən Donald Trampı prezident seçdi, Almaniyada isə İkinci dünya müharibəsindən sonra ultrasağlar ilk dəfə parlamentə seçilərək Bundestaqın üçüncü partiyası oldu. Nəzərə alın ki, bu üç ölkə Böyük yeddiliyin ən aparıcı ölkəsidir!

Burada bir sual yaranır: bəs onda demokratiyanın başına nə gəlir? Axı qloballaşma demokratiyanın məhsuludur. “Məhsul” sözü burada təsadüfi işlənməyib. Dərindən fikirləşsək, son nəticədə istənilən sistemin mərkəzində istehlakçı durur. Sistemin də hər bir konkret əmtəə kimi xalqın öz iradəsini ifadə etməsi vasitəsilə tarazlıq nöqtəsini tapdığı tələb və təklif əyrisi mövcuddur. Hər bir əmtəədə olduğu kimi sistemin də yeni dövrün və dəyişikliklərin təsiri ilə əlaqələnən öz həyat tsikli  var. Daha əyani şəkildə anlamaq üçün məhsulun, yəni demokratiyanın həyat tsikli qrafikinə nəzər salaq.

Bu qrafik ən uğurlu məhsulların həyat tarixçəsini – onların aşağıdakı qaydada göstərilən müəyyən mərhələlərdən keçmə tarixini əks etdirir (HBR, 1965):

 

I mərhələ. Bazarın inkişafı

Bu mərhələ yeni məhsulun ona sübuta yetirilmiş tələb aşkar olunmamışdan əvvəl, çox vaxt da onun lazımlığı tam sübut olunmamışdan əvvəl ilk dəfə bazara çıxdığı mərhələdir. Bu mərhələdə satışlar zəif olur və ağır-ağır artır. Bizim halda Amerika inqilabını və 1776-cı ildə Müstəqillik haqqında Bəyannamənin qəbul olunmasını belə mərhələ hesab etmək olar.

 

II mərhələ. Bazarın inkişafı

Tələb sürətlə artmağa başlayır, bazarın ölçüsü sürətlə genişlənir. Bu mərhələni “uçuşa qalxma” adlandırmaq olar. Demokratiya üçün həmin mərhələ İkinci Dünya müharibəsi başa çatdıqdan, BMT-nin və Avropa Birliyinin yaradılması ilə başladı.

 

III mərhələ. Bazarın yetkinləşməsi

Tələb səviyyəsi aşağı düşməyə başlayır, satış həcmi kifayət qədərdir, amma inkişafın davam etməsi müşahidə olunmur. Təkcə 1972-ci ildən 2005-ci ilə qədər 67 ölkə demokratik ölkə olmuşdur. Bu gün artıq dünyanın hər bir dövləti demokratikdir, yaxud da özünü belə göstərir.

 

IV mərhələ. Bazarın zəifləməsi

Məhsul istehlak cazibədarlığını itirməyə başlayır, satış səviyyəsi isə getdikcə aşağı düşür. Məsələn, vaxtilə populyar marka olan BlackBerry və Nokia artıq Apple və iPhone şirkətinin məhsulları ilə sıxışdırılmış durumdadır. Liberal demokratiya da bu gün özünün istehlak cazibədarlığını itirir.

Fikir versək, bütün XX əsr iki əsas məhsulun: iqtisadi nöqteyi-nəzərdən sosializmlə kapitalizmin, ideoloji nöqteyi-nəzərdən kommunizmlə demokratiyanın ideoloji mübarizə dövrü olmuşdur. Soyuq müharibə başa çatdıqdan və SSRİ dağıldıqdan sonra bir çox ekspert yekdilliklə liberal dünyanın və onun dəyərlərinin qalib gəldiyini demək olar ki, yekdilliklə bəyan etdi.

Frensis Fukuyamanın bu dəyərlərin qələbəsini bəyan edən “Tarixin sonu” adlı əsəri Yer kürəsində əmin – amanlıq və asayiş olacağının müjdəsini verdi. Həm də Amerikaya yeni dünya nizamında müstəsna rol verilirdi. Axı son nəticədə demokratiya məhsulunu istehsal edən əsas şirkət ABŞ idi.

Lakin müasir dünya tendensiyaları əksini deyir. ABŞ-ın İraqdakı səfiri R.Xill belə yazır: “İyirmi beş il bundan əvvəl Soyuq müharibə başa çatdıqdan sonra Amerikanın xarici siyasətinin əsas məqsədi demokratiyanın bütün dünyada yayılması idi. Amma bu uca məqsədi gerçəkləşdirmə zamanı ABŞ bəzən özünü çox iddialı aparırdı. Amerikanın demokratiyaya dəstək verməsi bu ölkənin mələklərlə bir sıraya qoysa da, siyasət özü çox vaxt təkəbbür və hətta qəzəb hissi ilə həyata keçirilirdi. Bu dövlət başqa ölkələrin özünü oxşatmağa can atması üçün gözəl nümunə idi, amma heç bir nümunə zorla tətbiq edilə bilməz. Bütün ölkələrin mütləq Amerikaya oxşamalı olması barədə bütün söhbətlər qeyri-rasional strategiyadır”. Düzdür, Trampın gəlişi ilə ABŞ-ın strategiyası hiss olunacaq dərəcədə dəyişib.

Amma məsələnin kökü tamam başqa yerdədir. Niyə heç bir analitik Donald Trampın qələbə çalacağını, Böyük Britaniyanın Avropa Birliyindən çıxacağını, bütün Avropada millətçilərin və ya ultrasağların hakimiyyətə gələcəyini qabaqcadan görə bilmədi?  Axı bir-iki bundan əvvəl ağlı başında kimsə dünyanın bu qədər dəyişəcəyini güman belə edə bilməzdi!

Biz belə hesab edirik ki (bir çox ekspert də bununla həmrəydir), bu, internetin yayılması və informasiyanın sosial şəbəkələr vasitəsilə ötürülməsi ilə əlaqəlidir. Məsələ burasındadır ki, isteblişment çox vaxt sadə xalqın iradəsinə əhəmiyyət vermir, sadəcə sosioloji sorğulara, analitiklərin və ekspertlərin rəyinə əsaslanan siyasi kurs isə gerçəkliyi əks etdirmir. Ağ ev administrasiyası “yalan xəbər” və ya “Fake News” terminini boş yerə tez-tez işlətmir.

Öz mətbuatı və yüksək əxlaq haqqında düşüncələrlə basdırılmış əhalinin əsas kütləsinin fikri  “azad” mətbuatda öz əksini tapa bilmir. Hətta bu ölkələrdə söz azadlığının səviyyəsinə baxmayaraq əhali (medianın öz senzurası, süni şəkildə təlqin olunan dəyərləri və yabançı məqsədlərin ucbatından) öz fikrinə görə “utanmaq” məcburiyyətində qalır. Beləliklə,  bu ölkələrdə konfliktogen amillərin yüksək dərəcədə toplanması baş verir, həm də son zamanlar bu, ciddi sosial toqquşmalara gətirib çıxaracaq multiplikasiya effekti kəsb etməyə başlamışdır.

Son zamanlar liberal demokratiya bir siyasi model kimi, getdikcə daha çox qəzalara məruz qalır. Aİ ölkələrində millətçi əhval-ruhiyyənin artması, ABŞ-da irqi zəmində münaqişələrin baş verməsi və bir çox başqa hallar növbəti dəfə demokratiyanın kamil olmadığını və deqradasiyaya uğradığını nümayiş etdirir.

Bir neçə yüzilliklər ərzində demokratiya millətçilik, separatizm və terrorizm təhlükələrini azaltmağa imkan verirdi, amma “islam amili” adı qoyulmuş tendensiyanın aktivləşməsi və multikulturalizmin faktiki olaraq məğlubiyyətə uğradığı son dövrdə qərbin liberal demokratiyaları, bütün qərb cəmiyyəti yeni nizamın problem və təhdidləri ilə üzləşir. Bunlar liberal demokratiya modelinin cavab verə bilmədiyi problem və təhdidlərdir.

Bununla belə, bu, durmadan artan problemlər qərb demokratiyalarının öz dəyərlərini translyasiya etmələrinə qəti mane olmur. Onlar diametral əks sosial və siyasi sistemə malik ölkələrdə (Liviya, Suriya, Əfqanıstan və s.) o ölkələrin milli spesifikasını, bu ölkələrdə liberal demokratiyanın formalaşa bilməsi üçün nə mental, nə də institutsional bazanın olmadığını nəzərə almadan öz qlobal kütlə mədəniyyətlərini sırımağa, tətbiq etməyə can atırlar.

Liberal demokratiya bütün digər dünyaya yayılmağa cəhd etməklə özü özünü sabah qarşısını ala bilməyəcəyi yeni daxili təhdidlərlə və sosial partlayışlarla üz-üzə qalmaq riskinə məruz qoyur. 

Bütün problemlər də buradan başlayır. Bunu Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer də təsdiq edir: “Bu qədər problem avropalıları artan təhlükələri nəzarət altına alaraq yumşaltmaq üçün Aİ möhkəmləndirilməsi ilə məşğul olmağa məcbur etməli idi. Amma bunun yerinə bir çox avropalı populist şüarların ardınca geriyə, XIX əsrin sonu və XX əsrin əvvəli üçün səciyyəvi olan millətçilik və təcrid siyasətinə üz tutdu. Bunun nəticələri Avropa üçün yaxşı olmayacaq. Biz necə gəlib buna çatdıq? 26 il geriyə boylanaraq etiraf etməliyik ki, SSRİ-nin dağılması (onunla birlikdə Soyuq müharibənin başa çatması) heç də tarixin sonu olmadı. Bu, daha çox qərb liberal nizamının son aktının başlanğıcı idi. Qərb ekzistensialist düşmənini itirməklə fonunda əxlaq üstünlüyünü bəyan etdiyi təzadı itirdi”.

Şübhəsiz ki, tələsik nəticə çıxarmaq və “demokratiya ölüb” deyə bəyanat vermək lazım deyil. Bəlkə də bu məhsul bazarda ən yaxşı olmasa da zamanın sınağından uğurla çıxa bilmişdir. Diktatura, monarxiya, avtokratiya, totalitarizm və s. kimi digər alternativlərlə rəqabətdə demokratiya həyat qabiliyyətli olduğunu sübut edə bilmişdir. Bunu Uinston Çörçillin sözləri bir daha təsdiq edir: “Bu günahkar dünyada bir  çox idarəetmə formaları tətbiq edilib və gələcəkdə ediləcək. hamı anlayır ki, demokratiya kamil deyil. Çox doğru deyilib ki, demokratiya zaman - zaman sınaqdan keçirilən bütün digər idarəetmə formalarını istisna etməklə, ən pis üsuli-idarədir”.

Bugünkü demokratiyanın ən başlıca problemlərindən biri siyasətçilərə lazım olan idarəetmə bacarıqları və xassəsi olmayan namizədlərin seçilməsidir. Onlar gerçəkləşdirilməsi qeyri-mümkün olan hədəfləri vət etməklə və populist şüarlarla cəmiyyətin şüurunu manipulyasiya edir. Hətta texnologiyaların inkişafı və informasiya əldə etmə kanallarının genişlənməsi də bəzən xoş məqsəd üçün istifadə olunmur. Məhz buna görə Y nəsli və onun ardınca gələn bütün nəsillər siyasətdən və siyasətçilərdən uzaqlaşır. Amma bu o demək deyil ki, o siyasətçilərin düşüncəsi və fəaliyyəti bu gəncliyə təsir etmir. Smartfonlarla böyümüş nəsil istənilən zaman qeyri-məhdud miqdarda informasiya əldə etmə imkanına malikdir, bu da onu “narahat” elektorata çevirir.

Lakin problemin kökü daha dərindədir. Texnologiyaların kütlələri birləşdirəcəyi ehtimal olunsa da reallıqda tamam başqa şeylər baş verir. Nə qədər paradoksal səslənsə də, texnologiyaların inkişafı həm nəsillər arasında, həm də müxtəlif baxışlara malik insanlar arasında parçalanmanı daha da dərinləşdirir. Bu gün həmin texnologiyalardan insanların şüuruna təsir etmək üçün istifadə edilməsi insanları daha da radikallaşdırır və onların arasında ədavət yayır.  İnformasiyanın miqdarı o qədər artıb ki, onun ötürülməsi o qədər qərəzli şəkil alıb ki, adi adam üçün informasiyanı süzgəcdən keçirmək çox çətin olub, ona görə də sistemdən məyusluq hissi və dünyanın tezliklə məhv olub gedəcəyi gözləntisi yaranır.

İnsanların şüurunda vakuum əmələ gəlir, nəsillər arasında əlaqə qırılır, hadisələrin bir-birini sürətlə əvəz etməsi nəticəsində itkinlik, baş verənlərin səbəbini anlamama hissi və bunun nəticəsi kimi naməlum gələcək qarşısında hamını çulğayan qorxu hissi yaranır. Bütün bu amillər bir yerə yığılaraq insanları həqiqət axtarışında ya dinə üz tutmağa. Ya da əlinə silah götürməyə vadar edir. Məhz bu səbəbdən də problemin ən gözəl həlli ola biləcək tərəqqiyə müqavimət meydana gəlir.

Bütün yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar: demokratiya (onunla birlikdə qloballaşma) dünyadakı hər bir şey kimi təbiət qanunlarına tabedir. Həmin qanunlardan biri də Nyutonun Üçüncü qanunudur. Qloballaşmanın təsir gücü ona müqavimət qüvvəsi ilə rastlaşmışdır. Qələbə kimin tərəfində olacaq, məlum deyil. Artur Klark “Cənnət fəvvarələri” kitabında yazır: “Mən həmişə qarşısıalınmaz qüvvənin dağılmaz səddə rast gələrsə, nə olacağını bilmək istəyirdim”.  Biz də bunu öyrənmək istərdik, amma hər şeyi itirmək bahasına yox.

Hələliksə yalnız onu demək olar ki, texnologiyaların inkişafı və dəmir pərdələrin dağılması başqa divarların hörülməsinə və yeni sərhədlərin çəkilməsinə səbəb ola bilər. Və istisna etmək olmaz ki, Corc Oruel “Bəşəriyyətin tərəqqisi sadəcə bizim illüziyamızdır” deyərkən haqlı imiş.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar