[b]Nizami rayonunda yanğından zərərçəkən sahibkarlarla görüş keçirilib[/b]
Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 28-də görüş keçirilib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov, sektor müdiri Tağı Tağıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev, vergilər nazirinin müşaviri Elçin Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov, Nizami rayon prokuroru Pərviz İbayev və rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov məlum hadisə ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin aidiyyəti qurumlara tapşırıqlarını zərərçəkən sahibkarlara çatdırmaq üçün sözü Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümova verib.
Hüseyn Mövsümov “Diqlas” ticarət mərkəzində yanğın başlanan andan hadisənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ciddi nəzarəti altında olduğunu bildirib. Şöbə müdirinin müavini dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdıraraq qeyd edib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumların və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil ediləcək, ədalətli araşdırma aparılaraq hər bir sahibkara dəymiş zərər dövlət tərəfindən ödəniləcək.
Görüşdə iştirak edən sahibkarlar Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini və dövlətimizin başçısının onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, zərərçəkən sahibkarlar martın 27-də də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən qəbul edilib və onların fikirləri dinlənilib.
650