[b]Lent.az-ın əməkdaşı müsabiqənin qalibi oldu [/b]
20 iyul 2018 20:13 (UTC +04:00)

[b]Lent.az-ın əməkdaşı müsabiqənin qalibi oldu [/b]

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuat Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkilləri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

 

Fondun icraçı direktoru Vüqar Səfərli 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib.

 

Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərli ümumilikdə 114 nəfər jurnalistin mükafatlandırıldığını diqqətə çatdırıb. O bildirib ki, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub. Dövlətin mətbuata olan yüksək münasibətindən danışan V. Səfərli əlavə edib ki, indiyədək dövlət tərəfindən mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayrılıb.

 

Tədbirdə çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan üçün əlamətdar hadisələrlə yadda qalır. O, Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu xatırladaraq, milli mətbuatın tarixinin Cümhuriyyət tarixindən bir qədər əvvələ təsadüf etdiyini diqqətə çatdırıb: “Milli mətbuatımızın ilk nəşri olan ”Əkinçi” qəzetinə qədər gələn yol mədəni-mənəvi inkişafın nəticəsi idi. Milli maarifçilərimiz Həsən bəy Zərdabinin yaratdığı mətbuat orqanının ətrafında cəm olundular. “Əkinçi” qəzeti iki il fəaliyyət göstərdi. Ermənilər tərəfindən Çara donoslar yazıldı və digər müxtəlif səbəblərdən qəzet bağlandı. Buna baxmayaraq, Azərbaycan milli mediası öz inkişafını dayandırmadı, yeni nəsil ziyalılar bu işi davam etdirdilər. Onlar türkçülük, milli birlik ideyalarının əsasını qoydular və mətbuatın sonrakı inkişafında öz böyük rollarını oynadılar”.

 

Ə. Həsənov daha sonra Azərbaycan dövlətinin mətbuata olan diqqət və qayğısından danışıb. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması məsələsinə toxunan Prezidentin köməkçisi əlavə edib ki, qeyd olunan dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı: “Bu gün Azərbaycan mediasının ən qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir. Prezident İlham Əliyev Azərbaycanda medianın inkişafına böyük dəstək və qayğı nümunəsi olan bir sıra Sərəncamlar imzalayıb. Həmin diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır, bizim jurnalistlərimiz istənilən beynəlxalq media orqanında çalışma peşəkarlığına malikdirlər. Azərbaycan qəzetlərinə, jurnalistlərə dünyada istinad edirlər, onların xəbərlərini tirajlayırlar. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralistik cəmiyyət siyasətinin önəmli rolu var”

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında olan münasibətlərdən danışıb, Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

 

Mərasimdə “Anadolu yayınları”nın rəhbər Sinan Burhan “Fəxri diplom”la təltif olunub. 

 

Tədbir bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, qalib jurnalistlər arasında “APA Holdinq”ə daxil olan Lent.az İnformasiya Agentliyinin əməkdaşı Nizam Rza da var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379
avatar

Oxşar yazılar