Sentyabr ayı idi. Qadın Koloniyasında cəza çəkən Fərzanə adlı xanımla, 11-ci müəssisənin məhbusu Rüfətin nikah mərasimi keçirilirdi. Mən o nikahda qız tərəfin şahidi idim. Musiqiçilər də var idi mərasimdə. Birdən elə bildim ki, arxada Azər Zeynalov oxuyur. Eyni ifa, eyni səs, eyni üslub, eyni mahnı, “Şükriyyə”...
Geri döndüm. Bəstə boylu, qarayanız, bir az da utancaq, yanaqları allanmış,
22-23 yaşlı bir oğlan idi oxuyan. Çox təsirləndirmişdi hamını səsiylə.
Həbsxananın rəisi Mahir müəllim mənə sarı dönüb yavaşca “həyat adamlara acımır. Buralıq uşaq deyil, heç deyil” dedi. Mərasim bitdi. Ona yaxınlaşıb adını soruşdum. Səbuhiyəm dedi, Səbuhi Hüseynov. Zamanımız çox az idi bircə bunu deyə bildim onda: “Səni mütləq tapacam Səbuhi”...
***
İki ay keçdi. Və mən yenə həbsxanalardan reportaj hazırlayacaq jurnalistlərin siyahısında idim. 11 saylı cəzaçəkmə müəssisəsi də vardı gedəcəyimiz yerlər arasında. Müəssisəyə çatar-çatmaz rəhbərlikdən ilk xahişim bu oldu. O oğlanı tapın mənə, Səbuhini. Çox az zaman keçdi xahişimdən. O gəldi, mənin salam verməyə belə zamanım olmadı. İçəri girən kimi danışmağa başladı:
“Siz gedəndən gözləyirəm! İnanmazsınız, amma mən doğurdan gözləyirdim! Bilirdim gələcəksiniz! Məni mütləq tapacaqsınız! ”...
Hiss olunurdu, qaçaraq gəlib. Təngnəfəs idi. Üzü pörtmüşdü. Alnının tərini əlinin dalıyla silə-silə gülümsədi. Sonra onu gətirən mühafizəçiyə tərəf baxıb bu dəfə ona “vallah bilirdim eee gələcək” dedi. Alnının tərini sildiyi əlini görüşmək üçün mənə uzatdı, amma özü heç fərqinə varmadı bunun. Danışmağa davam elədi: “Xoş gördük, xoş gəldiniz. Hər şey bu gündən başlayacaq. Bu gündən hər şey daha yaxşı olacaq”.
Hər şeyi elə ürəkdən və sürətlə deyirdi ki, dayanıb üzünə baxırdım. O qədər sevincli idi, elə bil günlərdir hazırlaşırdı bu görüşə. Bu boyda ümidin, sevincin qarşısında ağlıma ilk gələn bu oldu: Həmişə kimisə gözləmək lazımdır, mütləq! Lap o adam heç zaman gəlməyəcək biri olsa belə, onu çox, lap çox gözləmək lazımdır... Gözləməsə yaşaya bilməz insan...
Lap qəribə oldum. Mühafizəçi də gülümsəyirdi, yaranmış mənzərəyə görə. Mənim ikisinə də baxıb gülümsəməkdən başqa yolum qalmamışdı. O danışırdı. Mən nəsə eşidirdim. Amma nə? Bunu bilmirdim. Əslində nə cavab verəcəyimi bilmirdim. Kiminsə, haradasa məni bu qədər ümidlə gözləyə biləcəyini ağlıma gətirməmişdim. Həm də inanılmazdı. Bilirsinizmi nə? Heç xəbərin olmadan kiminsə ümid yerisən. Kimsə inanır ki, bir gün sən gələcəksən. Və bütün yaxşı şeylər sənin gəlib onunla üzbəüz oturub, söhbət edəcəyin andan, haqqında nəsə yazmaq istədiyini deməndən başlayacaq.
...Birdən ayıldım ki, bu uşağın əli bayaqdan havada qalıb axı. Əlimi uzadıb görüşdüm. Və söhbətə başladıq. Ondan həbsxanaya necə düşməsini danışmağı xahiş elədim:
- Elə çox yaşım yoxdu, 1990-cı ildənəm. Neftçalada doğulmuşam. Valideynlərim sadə adamlardır. Bir də özümdən kiçik bir qardaşım var. Dayımı öldürmüşəm...
Dediyi sözdən utandı həm də. Gözünü yerə dikib başını buladı: “Özüm də bil-mi-rəm necə oldu bu? O bıça.. bıçağı əlimə necə, nətər aldım? Necə vur...vura bildim? Necə baş verdi eee o hadisə?”
Bütün bunları qırıq-qırıq deyir. Əli ilə saçını qarışdırıb, ovcunun içi ilə alnına vurdu. Və yenə davam elədi danışmağa:
- Türkiyədə bizneslə məşğul olurdu böyük dayım. Çox yaxşı adam idi. Ailənin bir problemi olanda təkcə biz yox, hamı onun üstünə qaçardı. Bir də kiçik dayım vardı. Cüdo ilə məşğul idi. Amma yeri-gəldi gəlmədi, böyük-kiçik bilmədən hamını təhqir eləyir, əl qaldırırdı. Maraqlanmışdıq, narkotiklə, içki ilə arası yox idi. Sadəcə adamın xarakteri belə idi. Kimsəylə yola getmirdi. Böyük dayım yanına aparmışdı onu. Elə bilirdi ki, özü nəzarət eləsə adam olar qardaşı. O gedəndən az sonra Türkiyədən bir xəbər aldıq. Elə bir xəbər ki, bütün ailəmizin taleyini həll elədi. Böyük dayım yaşadığı binanın onuncu mərtəbəsindən özünü atıb intihar eləyib dedilər. Amma biz bu rəsmi məlumata inanmadıq. Bilirsinizmi niyə? Onun maddi durumu çox yaxşı idi. Kiməsə borcu filan yox idi. Hər ay yaxınlarına köməklik edirdi. Ailəsi əla yaşayırdı. Özü də qanunlara zidd işlər görməkdən çəkinən adam idi. Qaranlıq işləri olmazdı. Deyirdi az qazan həmişə qazan. Amma kiçik qardaşının onun yanına getməsindən sonra danışıqlarında narahatlıq hiss eləmişdik. Üzə vurmaq istəmirdi özü. Deyirdi hər şey yaxşıdır. Nə başınızı ağrıdım böyük dayımın faciəsindən sonra hamı əminliklə dedi ki, mütləq o, kiçik dayım, nəsə bir iş görüb orda. Və qardaşı onun əməlinin qurbanı olub. Yəni özünü onuncu mərtəbədən atmamışdı dayım. Onu öldürmüşdülər. Bizim o işin dalınca düşmək imkanımız olmadı. Təbii ki, maddi baxımdan. O hadisədən sonra kiçik dayım Rusiyaya getdi. Orda yaxşı pul qazanmağa başladı. Burda hamının şübhəsi bir az da artmışdı. Amma nəsə sübut eləmək olmazdı deyə susurdu hamı. Həm də nə əhəmiyyəti vardı ki?! Pul qazansa da, xarakteri heç dəyişmirdi. Özü də bilirdi ki, hamı ondan bir az şübhəlidir. Bu bir az da qıcıqlandırırdı onu. Heç nə danışmırdı amma. Özünü aparmasından bəlli idi ki, bizim bilmədiyimiz nəsə bilir böyük dayımın ölümü haqda. Amma demirdi. Xarakteri üzündən ailəsindən ayrıldı. Və daha Rusiyaya da getmədi. Ortancıl qardaşının evində qalırdı. Bacıları, elə anam da tez-tez baş çəkirdilər ona. Bir gün dayımın arvadı “başıalovlu” bizə gəldi. Ağzından az qala köpük daşırdı. Hirslə anama “ “vsyo”, mən day dözə bilmirəm, gəlin yiyə durun dəlinizə. Mənim uşaqlarımı qırdı batırdı. Qız bilmir, oğlan bilmir, ağzını açıb danışanı sillələyir. Siz yiyə durmasaz, mən vurub onu öldürəcəm bir gün yatdığı yerdə”...
İstədim qalxım gedim danışım. Atam qoymadı ki, sən qarışma. Uşaqsan. Heç mən də qarışmıram. Anan getsin, bacı qardaş yığışıb özləri həll eləsinlər” dedi. Oturdum. Anam getdi. Qayıdandı dəhşətə gəldim. Anamı döymüşdü. Üzü, gözü pis vəziyyətdə idi. Bu dəfə də ayağa durmaq istəyəndə xalaoğlum dilləndi: “Sən ondan uzaq dur. O qaşınır. Bir gün... Nəysə ee sən uzaq dur” söylədi. Yenə oturdum. Atam anama nə özü bir söz dedi, nə də məni yaxın qoydu ona. Çox ağladı anam. O gündən bizim kiçik dayımla münasibətimiz kəsildi. Qulağımız dinc idi. Bizə gəlib getmirdi. Anam dindirmirdi deyə, kimsə ondan anama danışmırdı da. Üstündən bir neçə ay keçdi. Eşitdik ki, yenə gedib Rusiyaya. İnanın, elə bil hamının canı, ruhu dincəldi. Az keçmədi qayıtdı. Bu dəfə xalamgildə yerləşdi. Bir gün də xalam zəng elədi ki, bu, yəni dayım, sizə gəlmək istəyir. Atam heç nə demədi. Anama dedim ki, bizimlə münasibəti olmasını istəmirəm onun. Amma uşaq idim kimdir, əhəmiyyət verən?!..
Kiçik dayı yenidən ayaq açır Səbuhigilə. Amma təkcə o deyildi ki, onunla birgə böyük bir faciə də ilk addımlarını atdı onların evinə. Və günlərin birində xalasıgildən gələn anasının üz-gözünü yenə qan içində görəndə atası səsini qaldırdı: “Yetər artıq, bu qədər olmaz. Dünya dərəbəylik deyil. Nə qədər göz yumaq?” Səbuhi kimsəyə bir söz demədən evdən çıxıb xalasıgilə gəlir:
- İlk soruşduğum bu oldu ki, niyə belə eləyirsən? Əl qaldırdığın adamların çoxu səndən böyükdür. Nə ixtiyarın var anama əl qaldırmağa?. Söydü. Çox pis söydü. O qədər pis ki, xalam “hiiiiiyyyy, Allah sənə lənət eləyər ee” dedi. Vəssalam! Mənim üçün elə bir pərdə xalamın son dediyi o cümlə ilə bağlandı. Bir də onda ayıldım ki, qarşımda bir adam oturub. Yox, hərbi geyim deyildi əynindəki. Mülki geyim də deyildi. Kimsə yaxınlaşıb ona “cənab müstəntiq” deyə müraciət edəndə, elə bil məni də çimdikləyib ayıltdılar. Yavaş-yavaş yaddaşım bərpa olundu. Dindirmə zamanı uzun müddət xalamın “hiiiiiyyyy, Allah sənə lənət eləyər” sözündən başqa heç nə xatırlamırdım. Çox ağladım. Uşaq idim axı. Elə müstəntiqə ilk sualım da uşaq sualı idi. Soruşdum ki, neyləmişəm? “Dayını öldürmüsən” cavabından sonra susdum. Yavaş-yavaş xatırlamağa başladım. İki... yox üç... deyəsən dörd...yox, yox üç dəfə vurdum onu. Ayaq üstə idik. O yıxıldı qucağıma, can verən adamın üstünə yıxılıb çabalaması, həm də isti qanının paltardan süzülüb sənin də bədəninə toxunması adamı üşüdür, titrəyirsən. O üstümdə çabalayırdı. Xalam bərkdən qışqırırdı. Mən bircə bunu dedim ki, vəssalam, hamının canı səndən qurtardı, amma mən də öldüm səninlə. Bir də o yadımdadır ki, Mənsuməyə zəng elədim. “Alo” deməsini eşidən kimi “məni tutacaqlar, istəyirəm sənə deyim ki, sənə hər şeyi halal eləyirəm. Kimə desələr, ona get. Amma özün adam seçmə. Pis olaram yerimə başqasını özün seçsən. Qoy evdəkilər seçsin” dedim. O sevdiyim qız idi axı.
***
Səbuhi tez ailə qurmaq niyyətində olub. Mənsumə ilə uşaqlıqları bir yerdə keçib. O, uzaq qohumlarının qızı idi. Amma nə olsun ki, qohum idilər, qızın ailəsi bu evliliyə razı deyildi:
-Qınamırdım onları. Bizim evdə hər gün dayıma görə dava olurdu. Kim istəyər ki, qızı mübahisələrlə dolu bir evə gəlin olsun, heç kim. Amma Mənsumənin də valideynlərinin problemləri var idi. Onlar uzun mübahisələrdən sonra ayrıldılar. Anası ilə qalırdı Mənsumə. Anası hətta ayrılandan sonra da bizim evlənməyimiz istəmirdi. Bir dəfə ona dedim ki, “sən qoyma, amma sənə söz verirəm, bu dünyanın ən qaranlıq, ən axırıncı yerində olsam belə, onunla evlənəcəm”. Qadın heç nə demədi mənə. Dayımı vurmuşdum. Yəni elə bir hadisə baş vermişdi ki, mən doğurdan da dünyanın həmin o axırıncı, qaranlıq yerinə gedirdim. Bir də məni dəhşətə gətirən bilirsinizmi nə idi? Bayaq dedim axı ki, onu vurandan sonra üstümə düşüb çabalayırdı. Çox uzun müddətdən sonra xatırladım bu sözü. “Məni tutacaqlar, mən bitdim” dediyimdə mənə cavab vermişdi: “Qorxma, qoymaram səni tutsunlar, ölməyəcəm ki”. Amma öldü. O, məzara, mən məhbəsə getdim.
Dişi ilə dodağını bərk sıxdı: “Amma siz bilmirsiniz, mənim nə arzularım vardı, bilmirsiniz”. Başımı silkələyib zorla da olsa gülümsədim. Bu “nə arzuların vardı ki?” soruşmaq idi həm də...
- Xatırlamış olarsınız ATV kanalının bir layihəsi vardı, “Tanıdım səni” adlı. Mən o layihədə finalçılardan biri idim. Səsimi çox bəyənirdilər. Elə o ərəfələrdə xalq artisti Azər Zeynalovun yanına da getmişdim. Düz iki il fərdi məşğul oldu mənimlə. İncəsənət Universitetinə, sonra Milli Konservatoriyaya qəbul olmaq istəyirdim. Savadlı ifaçı kimi tanınmaq idi arzum. Çox mütaliə eləyirdim, ciddi hazırlaşırdım, olmadı. Azər müəllimin ifaçılıq sənəti ilə bağlı mənə verdiyi, məsləhət bildiyi kitablar var idi. Onları o qədər böyük həvəslə oxuyurdum ki, heç təsəvvürünüzə gətirə bilməzsiniz. Amma noolsun, görün hara düşdüm... Mən tutulandan sonra qarşısında utandığım adamlardan biri də Azər müəllim idi. Məni bəyənmişdi. Zaman sərf edib öyrədirdi. Mən özümün də, onun da zəhmətini yerə vurdum. Özümə haqq qazandırmıram. Adam öldürmüşəm. Özü də doğma dayımı. Amma 21-22 yaşlı bir oğlan, üstəlik anası hər gün təhqir olunur gözünün qarşısında. Anamı görəndə indi də utanıram. Yanıma gəlməsəydi də inciməzdim ondan. Zarafat deyil, qucağında böyütdüyü cavan qardaşını doğmaca balası qətlə yetirib. Bir dəfə özünə dedim ki, istəyirsən gəlmə, səni anlayaram. “Qələt eləmə, gələcəm” dedi. Daha qorxumdan ona nəsə deyə bilmədim. Anam çox güclü qadın imiş. Amma xalamı, o biri dayımı yanıma gəlməyə qoymuram. Onlar gəlmək istəyir. Deyirəm gəlməyin. Utanıram. Mənə elə gəlir ki, anam xaric, onlardan hansınısa üzbəüz görsəm, o dəqiqə ölərəm. Belə rahatam bir az. Amma əvvəl günlər burda da dözə bilmirdim. Bütün gün, başıma vururdum. Qorxulu vahiməli gəlirdi mənə hər şey, hər yer, hamı. Hətta özümə qəsd eləmək də istəmişdim.
Qollarında kəsici alətlə cızılmış yerləri göstərir danışa-danışa:
- İndi öyrəşmişəm. Amma burda dərdi, problemi, qayğısı olan adamlardan uzaq dururam. Öz dərdim o qədər böyükdür ki, tək bunu çəkə bilməyimə heyrət eləyirəm hərdən. Heç kimlə yaxın deyiləm burda. Kitabxanaya gedirəm çox vaxt. Kitab oxuyuram. Musiqiyə, fəlsəfəyə, tarixə aid kitablarla maraqlanıram. İki ildir burdayam. Məhkəmə on bir il cəza verib mənə. Doqquz ilim qalıb qabaqda. Amma bilirəm ki, tez çıxacam. Hamı bilir ki, mən buralıq adam deyiləm. İnamsız adam olmaz. Bilirəm ki, məndən mütləq kimsə olacaq. İnamım böyükdür bundan sonrama. Sizə bir söz deyim, təkcə insanın həyatı yox, həm də gözəl musiqilər, kitablar da böyük inamların nəticəsində yaranıb. Adamlar mütləq əmin olmalıdırlar ki, o gün, onların günü mütləq var və gələcək. Hərdən oturub yazıram. Şer də, hekayə də var gündəliyimdə. Zümzümə eləyib musiqi də bəstələyirəm. Yaxın dostlar bir təklif ediblər mənə. Deyirlər həbsxana rəhbərliyində razılıq al, mahnılarından ibarət disk buraxaq. Çox istəyirəm bunu eləyim. Mahir müəllimə deyəcəm. Bilirəm ki, köməklik edəcəklər. Burda o diski buraxdıra bilsək, azadlığa çıxandan sonra daha yaxşı işlər olacaq, əminəm. Qardaşıma, valideynlərimə, bir də yoldaşıma lazımam axı....
- Yoldaşımaaa?
Bayaqdan yanımızda duran mühafizəçiyə sarı baxdım. O da: “Hə, evləndi axı burda” dedi.
- Nə evlənməsi?
Səbuhiyə baxıb “özü desin də” söylədi mühafizəçi. O da söylədi:
- Ötən il Mənsumənin anasına məktub yazdım. Axı sizə söyləmişdim ki, ona “dünyanın ən qaranlıq yerində olsam da bu qızla evlənəcəm” demişəm. Yazdım ki, dünyanın ən qaranlıq yerindəyəm. Xahiş eləyirəm icazə və halallıq ver onunla evlənim. Üstündən bir az keçmiş mənə dedilər ki, ziyarətçin var. Gördüyümə inanmadım. O, Mənsuməni də götürüb gəlmişdi. Dedi ki, hallalıq da, icazə də verir evlənməyimizə. Mən səs-küy istəmədim. O üzdən həbsxana rəhbərliyindən xahiş elədim ki, mətbuata xəbər verməsinlər. İstəmədim Mənsumənin adı mətbuata düşsün. Rayonda kimsə desin ki, getdi həbsxanada evləndi. Buna fəxr olunacaq yer deyil. Həbsxananın rəhbərliyi çox anlayışla qarşıladı dediklərimi.
Bayaqdan diqqətlə qulaq asan mühafizəçi də müdaxilə elədi söhbətimizə bu dəfə:
- Düz deyir, o istədi, biz də elədik, sakit, səssiz-küysüz....
Yenə Səbuhi davam eləyir:
- İndi bizdə qalır. Ata-anamın yanında. Rahatam. Bəlkə də özümə mütləq nəsə edərdim bu nikah olmasaydı. Amma istəmirəm bura gəlib getsin. Burda ailəli adamlar üçün nəzərdə tutulan yerdə qalsın. İstəyirəm onunla həyata mən burdan çıxandan sonra başlayaq. Ona qədər elə bizdə qalsın, bu yetər...
SON: Hərdən barışa bilmirəm, bəlkə üsyan da demək olar buna. Düşünürəm ki, içində istedadı, gözəl ruhu, bacarığı olan xeyli adam var, uğursuzdur həyatı. Məsələn heç kimin ağlına gəlmədiyi halda gedir həbsxanaya düşür. Bataqlığın düz ortasında gözəl bir çiçəyi yaratmağa, sonra çirklənməsinə, məhv olub getməsinə yol verməyə nə ehtiyac var ki? Sonra da düşündüm ki, yəqin yaranmalıdır. Çünki bütün pisliklər, uğursuzluqlar həm də yaxşı bir nümunədir. İnsanlar baxıb dərs ala bilsələr təbii ki...