2017-ci il 9 oktyabr tarixində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Ölkə başçısı giriş nitqində son 9 ay ərzində bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu diqqətə çatdırdı. İlham Əliyev Azəbaycanın dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi tanındığını qeyd edərək, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyinin dayandığını vurğuladı. İclasda söylənilən fikirlər, statistik göstəricilər son 9 ayı ölkəmiz üçün məhsuldar bir dövr olaraq xarakterizə etməyə imkan verir.
Bu aylar ərzində qeyri-neft sənayesi 3,1 faiz artmışdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmiş, Prezidentin sədrliyiylə müxtəlif sahələr üzrə müşavirələr baş tutmuş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər geniş şəkildə müzakirə edilmişdir. Kənd təsərrüfatında 2,8 faiz artım müşahidə olunub. Xarici ticarət dövriyyəmiz isə 7 faiz artmışdır və bu artımda ixrac idxalı böyük fərqlə üstələyir. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Bu dövr ərzində valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb, hazırda 42 milyard dollar səviyyəsindədir. Son 9 ayda 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Əsas infrastruktur layihələri də 9 ay ərzində uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsinə çatdırılıb və bu proses hələ də davam edir. İlin əvvəlində qarşıya məqsəd kimi qoyulmuş suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızdan 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüş, suvarma suyu təmin edilmişdir. Son 9 ayda 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir edilib. Bu il Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, 50 evdən ibarət qəsəbənin açılışı olmuş, əlavə 100 evin tikintisi prosesi isə davam etməkdədir. Kənddə məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Bu ilin may ayında Azərbaycan İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmişdir. Azərbaycan komandası bu Oyunların qalibi olaraq birinci yerə layiq görülmüşdür ki, bu, idmanımızın inkişafını təsdiqləyən çox ciddi bir göstəricidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin səyinə baxmayaraq real nəticə hələ də hasil olmamışdır. Azərbaycanın münaqişə ilə mövqeyi isə dəyişilmməz olaraq qalır. Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasındakı çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə faktlarla əsaslandırılmış şəkildə bir daha aydınlıq gətirdi.
Son 9 ay neft-qaz sektorunda, ümumilikdə isə Respublikamızın iqtisadi həyatında çox əlamətdar hadisələrlə yadda qaldı. Xüsusilə, “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanması, ““Əsrin müqaviləsi”nin uzadılması neft strategiyamızda yeni mərhələyə keçidi təmin etmiş oldu. Digər tərəfdən, bugün üçün TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi isə demək olar ki, başa çatıb və oktyabrın sonlarında təntənəli açılışı gözlənilir.
İqtisadi sahədə uğurlarımızı əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən rəqabətqabiliyyətliliyinə görə iki pillə də irəliləyərək 140 ölkə arasında 37-ci yerdən 35-ci yerə qalxıb. Bu, MDB məkanında liderliyini qoruyub saxlamağı bacaran Respublikamızın uğurlu iqtisadi strategiyasının qiymətləndirilməsi deməkdir. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur ki, onun böyük hissəsi xarici sərmayədir.
Bütün bunlar ilin 9 ayında görülən işlərin müəyyən bir hissəsidir və ilin sonunadək qalan işlər də tam şəkildə həyata keçiriləcək. Bu yekunlar göstərir ki, 9 ay ərzində xarici və daxili siyasətdə, iqtisadi sahədə bütün istiqamətlər üzrə çox yüksək nəticələr vardır. Bunun da əsasında məqsədyönlü və çoxşaxəli strateji konsepsiya dayanır. Düzgün, praqmatik dövlət strategiyası Azərbaycanın gələcək inkişafı ilə bağlı çox nikbin perspektivlər vəd edir.
Nailə Məmmədova
“Azerbaijan Realities”