“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi İmişli şəhərində “Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin cəmiyyətdə təbliği” adlı tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən istər milli, istərsə də dini tolerant münasibətlər dövlətimiz tərəfindən bu gün də mühafizə edilməkdədir: “Ölkəmizdə mültikultural dəyərlərin qorunması Azərbaycan dövlətinin ən böyük uğurudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi multikulturalizmin dövlət siyasətinə və xalqımızın həyat tərzinə çevrildiyini bir daha sübut edir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bidirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin, mədəni irsimizin həqiqi təəssübkeşi ölkə başçısı İlham Əliyevdir: “Ancaq təəssüflə bildirməliyəm ki, dövlətimizin uğurlu tolerant siyasətindən sui- istifadə edən bir qrup milli dönüklər, təkfirçi vətəndaşlarımız da var. Hər kəs Azərbaycanın bütövlüyü naminə zərərli qüvvələrin vaxtında ifşası üçün dövlətin yanında olmalıdır”.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı Hüseyn İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhramov, rayon ziyalıları və fəal gənclər iştirak edib.