<span style="color:red;">“Trekking”:  <b>Azərbaycanın kəşf edilməmiş xəzinəsi</b> - <span style="color:red;">ARAŞDIRMA
09 iyun 2016 14:28 (UTC +04:00)

“Trekking”: Azərbaycanın kəşf edilməmiş xəzinəsi - ARAŞDIRMA

“Trekking” nədir, treker kimdir?

 

“Trekking” ingilis sözüdür. Mənası - təbii əngəllərlə dolu ərazini heç bir nəqliyyat vasitəsindən istifadə etmədən piyada aşmaqdır. Tarixi Nepaldan başlayır və rus əsilli İngiltərə vətəndaşı Boris Lisaneviçin adıyla bağlıdır. O,  Nepalda ilk trekkinq turizmini açıb. 1905-ci ildə Odessada doğulan Boris mehmanxana və restoranlarda menecer işləyib. Sonradan Nepala gələrək öz otelini açıb.

 

Bu gün trekkinq şəhər stressindən qurtulmaq, həftə sonunu əyləncəli keçirmək, yaxud xarici ölkələrdə 2-3 həftəlik turlar şəklində professional bir rəhbərin nəzarəti altında həyata keçirilən idmana çevrilib. Trekkinq turizmi bütün Şərqi Avropa, Qərbi Avropa, ərəb ölkələrində, Şimali Afrikanın Tunis, Mərakeş, Misirdə və s. kimi dövlətlərdə çox inkişaf edib.

 

Azərbaycanda imkanlar, perspektivlər...

 

“Azərbaycanda trekkinq turizmini inkişaf etdirmək üçün böyük imkanlar var. Ölkəmizin arid və semi-arid ərazilərində trekkinq turizmi üçün turlar təşkil edilə bilər. Dağ ətəyi, dəniz qırağında turizm sahələri artıq təşkil olunub. Əlavə trekkinq turizminin yaradılmasına ehtiyac yoxdur. Biz gərək Azərbaycanın hər bir guşəsinin turizm potensialından istifadə edək. Bunun üçün bizim az istifadə olunmuş, potensialı olan regionlarımız - Saatlı, Sabirabad, Kürdəmir, Ucar, Qobu və s. uyğundur”.

 

Bunu Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir. Onun sözlərin görə, Kür və Araz çayı sahili boyu trekkinq turizm marşrutları yaratmaq olar. Bu çayların ayrı-ayrı hissələrində dəyişən landşaftlar var: bataqlıq, qamışlıq ərazilər, Tuqay meşələri. Bir tərəfi quraqlıqdı, digər tərəfi su.

 

Trekkinq turizmi səyahət turizmidir. Turizmin bu növündə komfort axtarılmır. Su, qida, yatmağa rahat çarpayı olmur. Xüsusi marşrutlar müəyyən olunur, nəqliyyatsız səyahət edilir. Marşruta uyğun 1-2 günlük, 1 həftəlik səyahətə çıxılır. Hətta 1 aylıq da ola bilər. Təbii ki, bu, bütün turistlər üçün cəlbedici deyil. Turizmin bu növüylə əsasən gənclər - ekstrim sevənlər maraqlanır.

 

Trekkinqin müddəti qarşıya qoyulan hədəfin çətinliyinə görə dəyişir. Əgər hədəf çox çətindirsə, trekkinqin müddəti də qısa olur. Orta məsafəli hədəflərdə trekkinqin müddəti adətən 5-7 saat davam edir. Yürüşçülər adətən bu müddətin 3-də birini dırmanışa, 3-də birini düz yollarda yeriməyə, yerdə qalan zamanı isə eniş-yoxuşlu yollara sərf edirlər. Yürüş hər mövsümdə edilə bilər. Ancaq hava şərtlərinə, uzunluğa və çətinlik dərəcəsinə görə lazımı hazırlıq görülməlidir.

 

Ç.İsmayılovun fikrincə, gəncləri plansız və rəhbərsiz trekkinq bölgələrinə yollamaq olmaz: “Turizm şirkətləri Kür çayı boyunca, xüsusən də Tuqay meşələri boyunca gölməçələr zonasında marşrutlar müəyyən etməli, ərazinin xəritəsi hazırlanmalıdır. Onlarla mütəmadi əlaqə saxlanılmalı, hər hansı bir ekstremal vəziyyətə düşəndə yardım çatdırılmalıdır. Bu, çox ciddi məsələdir. Təhlükəsizliyin təmin edilməsi trekkinq turizmində çox vacibdir”.

 

“Azərbaycan Qafqaz regionunda yeganə ölkədir ki, təbiətin bütün müxtəlifliyi burda var. Gürcüstan, Ermənistan, ya da Şimali Qafqazda belə quraqlıq arid zonalar, Tuqay meşələri yoxdur. Bizdə nadir müxtəliflik var. Əfsus ki, biz bu potensialın heç 10 faizini istifadə etmirik. Dövlət bu sahədə yüksək diqqət göstərir. Ola bilsin, qarşıdan gələn 10-15 ildə istədiyimiz nəticələri əldə edəcəyik”, deyə professor əlavə edir.

 

Azərbaycanda bir çox insanın trekkinqlə bağlı təsəvvürü yoxdur. “Turizm” deyəndə dağ və dəniz qırağını düşünürlər. İki çarpayı qoydun, kabab bişirdin, vəssalam. Bu da oldu turizm mərkəzi. Bu yolla da potensial turisti yalnız bir dəfə cəlb edə bilərsən. İkinci dəfə turist ora gəlməyəcək. Əsl turist müxtəlif təəssürat qazanmaq istəyir. Bir yerdə dağda, digər yerdə dəniz qırağında, başqa bir yerdə səhrada, bataqlıqda və s. Trekkinq həddindən artıq maraqlıdır. İnsanlarda torpağa, təbiətə sevgini artırır, yolda sadə insanlarla görüşüb söhbətləşirsən, dünya görüşün dəyişir, zənginləşir. Trekkinqin çoxşaxəli effekti var.

 

Treker nəyə diqqət etməlidir, necə davranmalıdır, necə hazırlaşmalıdır?

 

Bu idman növündə yürüşü asanlaşdırmaq və xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün sukeçirməz, əsas da rahat ayaqqabılar şərtdir. Əşyaları daşıyacağınız bel çantası, rahat geyimlər, qida və gedəcəyiniz ərazi haqqında məlumata ehtiyacınız olacaq.

 

Trekkinq edərkən diqqət edilməsi vacib və xüsusən də seçilməsi lazım olan iki şey var: ayaqqabı və geyim. Ayaqqabı və geyim doğru seçilmədikdə trekkinq zamanı daha çox yorulacaq və hətta xəstələnmə riskiniz artmış olacaq. Yürüş ayaqqabısı mövsümə uyğun, eyni zamanda ortopedik olmalıdır.

 

- Geyimlərdən ən vacibi papaqdır. Düzgün seçilmiş papaq sizi qışda soyuqdan, yayda günəş şüasından qoruyacaq.

 

- Səfərə çıxmazdan əvvəl özünüzlə yağışdan və küləkdən qorunmaq üçün xüsusi üst geyimi də götürün. Fasilə verdiyiniz vaxtlarda tərli olacağınız üçün sizi xəstələnməkdən, yağışda islanmaqdan qoruyacaq. Geyimin papaqlı olmasına diqqət edin.

 

- Qışda yürüşə çıxmısınızsa, bel çantanız böyük olmalıdır. Lakin trekkinq yaya təsadüf edirsə, çantanın kiçik olmasına önəm verin. Çanta seçərkən ciblərin çox olması məsləhətlidir.

 

- Ən sadə yürüşdə belə gedəcəyiniz yeri təyin etmək üçün sizə kompas lazım olacaq. Trekkinq edərkən ən vaciblər şeylərdən biri də gedəcəyiniz ərazinin xəritəsidir.

 

- Yeridikcə suya olan tələbatınız da artacaq. Ölkəmiz su baxımından zəngin olduğundan susuzluq çəkmək ehtimalınız azdır. Amma hər ehtimala qarşı üstünüzdə su götürmək lazımdır. Diqqət edin ki, su qabınız alüminium olsun. Suyu kapron qablarda saxlamağınız məsləhətli deyil.

 

- Yolunuzu azmaq ehtimalını nəzərə alıb, özünüzlə fit götürün. Yürüş zamanı fiti boğazınızdan asın, yaxud da geyiminizin yaxa cibinə qoyun.

 

- Alışqan trekkinq zamanı ən vacib əşyalardan biridir. Səfər zamanı gecələyərkən lazımınız olacaq.

 

 

- Təbiətdə yürüş zamanı kiçik bir cızıq infeksiya verə bilər. Bunun üçün də üstünüzdə ilk yardım çantası olmalıdır.

 

- Bütün bunlardan əlavə, trekkinq zamanı çantanızda əlavə qida da olmalıdır. Konservləşmiş olması daha məqbuldur.

 

Azərbaycanda trekkinq turizminin mövcud vəziyyətini öyrənmək üçün sektordakı ən böyük 5 şirkətlə əlaqə saxladıq. Onlar arasında yalnız bir şirkət trekkinq turları təşkil edir: Silky Way Travel. Şirkətin Daxili turizm menegeri Nihat Zağıyevin sözlərinə görə, şirkətdə trekkinq turları 2 marşrut üzrə təşkil edilir: Lahıc-İsmayıllı və Qubanın Cek kəndi

 

Turizm sektoru nə deyir?

 

- Məhz dağlarda trekkinq turistləri daha çox maraqlandırır. SW Travel hər kəsə Xızı dağlarından keçməklə Xəzər dənizinədək macəralarla bol olan trekkinq turunu təklif edir.

 

Lahıc-İsmayıllı marşrutunda trekerlər komfortlu avtobusla Bakıdan Xızıya (Lahıc) aparılır. Ordan Baybəyim dağını piyada aşaraq Beşbarmaq dağına çıxılır. Bu, trekkinq turunda dağlar arasında gözəlliyi ilə seçilən kiçik göl ətrafında istirahət etmək də mümkündür. Beşbarmaq dağını aşaraq, Xəzər dənizinə çıxmaq. Yekunda dənizdə çimmək də mümkündür. Beşbarmaq dağının ətəyində avtobus turistləri qarşılayır və geriyə - Bakıya qaytarır. Turun davametmə müddəti 10-11 saatdır. Trekkinq zamanı trekerlərə təcrübəli bələdçi yoldaşlıq edir.

 

N. Zağıyev trekkinqə daha çox xarici turistlərin maraq göstərdiyini deyir.

 

- Trekkinqə yerli turistlərin marağı çox azdır. Əsasən Avropadan gələn qonaqlardır. Ərəb ölkələrindən gələn turistlər də olur. Lakin onlar ərazini piyada yox, daha çox xüsusi avtomobillərlə gəzməyə üstünlük verirlər. Bizdə trekkinq turları yaz və payız aylarında olur. Yay çox isti keçdiyindən onlara çətin gəlir. 

 

“Trekking” həyəcanı trekerin dilindən...

 

Azərbaycanda trekkinq turizmi hələ tam inkişaf etməsə də, bu sahəyə maraq göstərən gənclərimizin sayı çoxdur. Onlardan biri də Hüseyn Məmmədovdur. Hüseyn ilk trekkinqini uzaq Nepala edib. Sadəcə bilet alıb Nepala gəlib. Nepal turizm polisindən rəsmi icazə və yol xəritəsi alıb səyahətə başlayıb. Deyir, orada səyahət etmək Azərbaycanda yaşamaqdan ucuz başa gəlir: “1 günlük səyahəti 12-15 dollara başa vurmaq olur. Otel və gündə 3 dəfə yeməklə birgə”.

 

Bu, müsahibimin ilk səfəri olduğu üçün təcrübəsizlik etdiyini etiraf edir. Səyahət üçün düzgün ləvazimatlar götürmədiyini deyir: “Mən bura gələndə əşya məsələsində çox səhv etdiyimi gördüm. Misal üçün “notebook” götürmək ağılsızlıqdı. Sonra yolda xeyli geyim, əlavə götürdüyüm ayaqqabımı atmalı oldum".

 

Səyahətə Nepalın Besisahar adlanan bölgəsindən başlayan trekker  5416 metr yüksəklikdə yerləşən Muktinatha dırmaşıb. Hüseyn bildirir ki, 4200 metrə qədər rahat olub: "Ondan sonra sürəti azaltmaq məcburiyyətində qaldıq. Baş gicəllənməsi, baş ağrısı yuxarı qalxmağa imkan vermirdi. 4850 metr hündürlükdə düşərgədə qaldıq. Özümü çox pis hiss edirdim. Hətta geri qayıtmağı belə düşünürdüm. Dərman verdilər, özümə gəldim və yoluma davam etdim".

 

Hüseyn Everesti - dünyanın ən hündür zirvəsini də fəth etməyi düşünür: "Everestə getmək üçün xeyli zirvə təcrübəsi yığmaq lazımdı. Ora birdən-birə getmək mümkün deyil. Trekkinq turizminin Azərbaycanda da inkişafı üçün xeyli təkliflərim var. Çünki bizdə bunun üçün əla imkanlar var. Hətta burda xeyli əcnəbini artıq cəlb etmişəm".

 

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar