Hamı övladının təhsil almasını istəyir. Amma təkcə təhsil almasını yox, həm də bir peşə sahibi olmasını arzulayır. Reportajımın mövzusu da elə budu: “Təhsil almağı üstün tutursunuz, yoxsa peşə sahibi olmağı?”
Əvvəlcə şəhərdə bir neçə bir sakinlə müsahibə edirəm. Rəyini öyrəndiklərimin əksəri peşə sahibi olmağı daha önəmli bilir. Onlar bunu təhsilin yetərincə yüksək səviyyədə olmaması, çox adamın təhsilli olması, lakin peşəkar ola bilməməsi, ixtisasına uyğun iş tapmamasıyla əlaqələndirdilər.
“Təhsilsiz peşə qazanmaq mümkün deyil. Təhsil vacibdir, mütləqdir”. Bunu isə Təhsil Şurasının sədri Əjdər Ağayev deyir. Amma buna baxmayaraq, vurğulayır ki, zamanla ilkin peşə qazanmaq xüsusi bir məktəbi bitirmədən də mümkün olub: “Məsələn tutaq ki, dərzi yanında şagird olaraq altı aya, bir ilə dərzi peşəsini qazanmaq mümkündür. Bərbərxanada çox eşitmişik, deyir, oğlumu apardım bərbər yanında şagird qoydum. Görürsünüz, şagird qoydum, o da məktəbdir, təhsildir. Ancaq bu yazı təhsili deyil, əlifba təhsili deyil. Bu görüb götürməklə və kiminsə bacarığını formalaşdırmaqla aşılanan təhsildir və peşə bu cür öyrədilir”.
Müsahibimiz qeyd etdi ki, bizim dediyimiz bu xırda peşə sahələri sürətlə yetişir və sürətlə işə cəlb olunur. Amma gələcəkdə bəsit kurslar halında olan bu peşələrə ehtiyac olmayacaq: “İndi elektron vasitələrdən istifadə olunur. Elə vasitələrdən istifadə olunur ki, tutaq ki on adamın gördüyü işi bir adam elektrotexnikanın gücü ilə həyata keçirir. Bunun üçün savad lazımdır, təhsil lazımdır ki, maşının dilini bilsin, cihazın dilini bilsin. İdarəetməni bacarsın və gələcəkdə bunlardan istifadə olunsun”.
Əjdər Ağayev təhsilin vacib olduğunu desə də, maddi tərəfdən ,yəni dolanışıq baxımdan peşələrin daha üstün olduğunu bildirdi: “Adam var ki, ali təhsil diplomu ilə bəzən heç iş tapmaq olmur və bir peşənin də sahibi deyil. Ona görə də çətinlik çəkir. Hətta ali təhsillilər qayıdıb, hər hansı peşədən istifadə etməyə çalışırlar. Yəni o peşəni öyrənməyə çalışırlar. Bu mənada həyati zərurət olaraq, özünü sosial baxımdan təmin eləmək üçün peşənin aktuallığı irəlidədir”.
Təhsil eksperti onu da əlavə etdi ki, dolanışıq baxımdan peşə irəlidə olsa da ali təhsillə təkcə peşəyə yiylənmirlər: “ Təhsil dünya haqqında məlumat verir, dünyagörüşü aşılayır, həyatı ,təbiəti, cəmiyyəti öyrədir”.
Ə. Ağayev “ali təhsilliyəm, iki diplomum var, ancaq buna baxmayaraq bazarda satıcıyam” deyənlərin fikirləri ilə də razılaşmır: “Ali məktəbi necə bitirmək məsələsi var. Yüksək keyfiyyətlə bitirən insanların danışığından, davranışından, biliyindən anlaşılsa ki, kadr olaraq lazımdır, onların hamısına iş var. O adam ki üç qiymət alaraq ali məktəb bitirib, təbii ki, o, bazarda satıcılıq edəcək”.
Elvin Əhmədov isə deyir ki, ali təhsili olsa da maşın ustası işləyir: “Bu peşəni seçməyimə peşman deyiləm. Uşaqlıq arzum olub. Atam da sənətkardı. Bu sənət bütün peşələrdən irəlidir mənim üçün. Çünki həm dolanmaq barəsinə görə, həm də ki, hökumət işində istədiyin vaxt işdən çıxa bilmirsən, amma belə işdə çıxa da bilirsən, özün qazancını qazana da bilirsən”.
Usta deyir ki, o öz peşəsini üstün tutur: “Amma bizə həkim də lazımdır, müəllim də. Bir şərtlə, gərək hamı işinin peşəkarı olsun. 200-300 bal toplayıb, qalanını hansı yollasa düzüb qoşub oxumaqdansa, sənət önəmlidir. Savadsız müəllim, həkim olmaqdansa, elə bu peşəni öyrənmək yaxşıdır”.
Məqsəd varsa, istədiyin ixtisasa, ya da peşəyə sahib olmaq mümkündür. Amma əsas olan bir həqiqət var. Dahi şairimizin dediyi kimi, kamil bir palançı olsa da insane, yaxşıdır yarımçıq papaqçılıqdan.
Almaz Qasımova, APA TV