<b>“Qobustan həbsxanasında araşdırırlar sənin arvadın kim olub…"</b>
13 iyun 2014 18:33 (UTC +04:00)

“Qobustan həbsxanasında araşdırırlar sənin arvadın kim olub…"

Mövzu:  Xəyanət  bağışlanmalıdırmı?

 

Lent.az “Svetofor” adlı layihəsinə davam edir. Tanınmış gənc yazar Şəhriyar del Geraninin aparıcı olduğu layihədə cəmiyyətimiz üçün aktual olan ictimai-sosial-mədəni məsələlər müzakirə olunacaq. Adından göründüyü kimi, layihə çərçivəsində mövzular üç rəngin – üç baxışın, üç mövqenin toqquşması üzərində müzakirə olunur.

 

Beləliklə, budəfəki  mövzumuz: “Xəyanət bağışlanmalıdırmı?”

 

RƏNGLƏR:

 

Qırmızı – Şəhriyar del Gerani, layihənin aparıcısı

 

Sarı – Jalə Mütəllimova, telejurnalist

 

Yaşıl – Azadə Balayeva, teleaparıcı

 

GETDİK...)))

 

 

Şəhriyar:

- Xəyanəti bağışlamaq mənə görə özünə hörməti itirməkdi. Xəyanət bağışlanmalı haqq-hesab deyil. “Bağışlanmalı” deyəndə mənəvi olaraq nəzərdə tuturam, fiziki yox. Yəni, belə çıxmasın ki, guya xəyanət edən tərəf  baltalanmalıdı. Əsla. Sadəcə, yollar ayrılır, vəssalam. Bu məsələdə nə dinin, nə irqin, nə də başqa nələrinsə təsirilə danışmıram. Müsəlmanların çox yaşadığı Azərbaycanda doğulmuşam deyə belə düşünmürəm. Hansısa italyan katolik olsaydım da belə düşünərdim.  Hətta Avropa filmlərindəki ən “posledni” tiplərin belə xəyanəti bağışlamadığını görürük. O demək deyil ki, mən bütün dünyanı gəzməliyəm və sonra danışmağa haqqım çatmalıdı. Ağac-ağac romanlar var, filmlər var. Oxuyuruq, baxırıq, başa düşürük. Əsasım da bu. Ki, mənə görə xəyanət bədən məsələsi deyil, ruh məsələsidi. Mənə görə bədən olaraq edilən xəyanət, ən əvvəl ruh olaraq edilir. Mənim ruhları bağışlayacaq qədər böyük müdrikliyim yoxdu.

 

Azadə:

- Yox, gəlin əvvəlcə aydınlaşdıraq görək xəyanət nədi? Sizə görə klassik anlamda xəyanət kiminsə kiminləsə intim əlaqəsidir, kiməsə görə də xəyanət birinin başqa birini sevməsidir. Rus dilində bu münasibət “izmena”, türk dilində isə “aldatma” kimi ifadə olunur. Yəni, xəyanət onlarda daha böyük neqativ yükü olan münasibət anlamında işlədilir.

 Bir qadın həyat yoldaşını deyil, başqa birini sevirsə, onunla yaxınlıq edirsə, artıq “xəyanət” dediyiniz  sevgidi, xəyanət deyil.  Qadın yalnız sevdiyi halda dediyiniz xəyanətə gedə bilər. Mən daha çox kişilərin xəyanətindən danışardım. Çünki Azərbaycanda qadınların xəyanətinə rast gəlməmişəm. Bəlkə də var, amma, çox azdı.

 

Jalə:

- Məncə Azadə xanım haqlıdı. Bizdə kişilərin xəyanətinə addımbaşı rast gəlmək olar. Amma qadın xəyanəti də yox deyil. Biz informasiyalarla, xəbərlərlə işləyirik. Son günlərin statistikasına baxanda əri tərəfindən qətlə yetirilmiş 80 faiz qadın xəyanətin qurbanı olub. Əslində mövzu bu olmalıdı: qadını xəyanət həddinə gətirən səbəblər nədi? Sən kişi olaraq həyat yoldaşınla nə vaxt qadın kimi rəftar eləməyi tərgitdin ki, o da sənə xəyanət eləməyi öyrəndi?! Qadınları xoşbəxt eləməkçün bir diş qənd dəyərində diqqət lazımdı. Daha sən arvadına evdə hər hansı məişət əşyası kimi baxacaqsansa, əlbəttə, o da səadətini başqa yerlərdə axtaracaq.

 

Azadə:

- Yox, kişi də belə arqument qoya bilər ki, “məni də sənə əşya kimi baxmağıma sən özün şərait yaratmısan”!

 

Şəhriyar:

 - Azadə, mən sənin bayaqkı fikrini başa düşmədim. Həmin o “sevən qadının”  deyirsən ha, sevgilisyilə kənarda yaxın olur-filan. Bəs həmin o qadının əri üçün onun sevgilisiylə yaxınlığının adı nədi?

 

Azadə:

-  Həmin qadın üçün sevgidi, amma, əri üçün ola bilsin xəyanətdi...

 

Şəhriyar:

-  Ola bilsin yox, tam olaraq belədi. Tamam, ayrılsın. Sevgidi getsin sevgisiylə məşğul olsun, daha xəyanət niyə eləyir ki?

 

Azadə:

- Deyirəm də, Azərbaycan mühitində bir az qarışıqdı bu söhbətlər. Ola bilsin ortada uşaq var ayrıla bilmir, ətraf var, mentalitet var. Boşanmış qadını ata evində gözləyən amansız münasibət var və sair... Qadın kimi isə deyə bilərəm ki, kişinin kişi  xəyanəti heç üzə vurulası deyil. Bir amerikan tədqiqatçının araşdırmasın oxuyuram, deyir kişilərin 48 faizi psixoloji problemlərdən, tənhalıqdan, özlərini ailədə tapmamaqdan dolayı gedirlər bu yollara. Kişi evdən uzaqlaşırsa, yadlaşırsa, bunun səbəbini axtarmalıdı qadın. Daha durub onun üstünə-üstünə getməli deyil. Belə olan vəziyyətdə həmin kişi daha da bezəcək, daha da uzaqlaşacaq. Qadın münasibətlərdəki patologiyanı tapmalıdı. Nəticə varsa, mütləq səbəb də var də, adi dialektika qanunudur.  İlkin mərhələdə xəyanət eləyən kişi öz-özlüyündə də sarsıntı keçirir. Qadın onu boş versə, üzünə vurmasa, bəlkə də bir də o hərəkəti eləməyəcək. Buna görə deyirəm bağışlanmalıdı kiçik xəyanətlər. Belə münasibət davam eləyə bilməz.  Bütün dünya kişilərinin dərdindən öldüyü dünya gözəli Adriana Lima da xəyanətə uğrayır, qadınlar fikir eləməsinlər... (gülür)

 

Jalə:

- Mənə elə gəlir kişinin xəyanəti yalnız əyləncə xatirinədi. Ona görə heç ciddiyə almaq gərək deyil. Kişilərin xəyanətinin içində başqa qadına həm də sevgi olarsa, bu adamı bir az qorxudar. Nə bilim adamda həsəd, təəssüf yaradar ki, niyə mən yox, başqası… 

 

Şəhriyar

- Bu artıq orta-statistik qadın düşüncəsidi də. Qadın kişinin bədənini bölüşə bilir, sevgisini yox. Kişilərdə isə əksinə, qadının sevgisini bölüşürlər, bədənini əsla. Qadın düşünür “getsin kiminlə yatır yatsın, sonunda məni sevir ki”. Kişi isə fikirləşir “kimi sevir sevsin də, ancaq mənimlə yatır onsuz da”...

 

Azadə:

- Mən bayaq da qeyd etdim, əgər xəyanətlər ötəri, əyləncə xarakteri daşıyırdısa,  qadın bunu üzə vurmadan bağışlamalıdır, münasibətləri  xəyanətə gətirib çıxaran səbəbi aradan qaldıraraq kişini geri qaytarmalıdır.  Yox, bu davamlı olarsa, artıq kişi ailədən soyuyubsa, evə yalnız cəmiyyətdə “nümunəvi ailə başçısı” obrazını qoruyub saxlamaq xatirinə və ya çox vaxt özlərinin də ifadə etdikləri kimi yalnız uşaqlarının xatirinə gəlirsə, qadın dərk etməlidir ki, kişinin yalnız cismini yox, artıq ruhunu da itirib və kişi evdəki qadınında itirdiyi sevgini kənarda tapıb. Deyim ki, bunu sözlə ifadə etməyə də ehtiyac yoxdur. Qadın kişinin kiçik bir xəyanətini hiss edir. Bu zaman seçim yenə qadında qalır. O, ya ayrılmalı, ya da  bu reallığı qəbul edib, özlərinin də ifadə etdikləri kimi “övladlarının xatirinə” yaşamağa davam etməlidir. Amma davasız, qalmaqalsız. Yoxsa, guya onların “övladlarının xatirinə birgə yaşamları” əksinə, uşaqların psixologiyasını pozar, onlara daha çox pislik etmiş olarlar. Çünki hər gün dava-şavalı, təhqir və alçaldılmalarla müşayiət olunan mühitdə normal insanın yetişməsi absurddur.  Uşaqlar üçün yaşayırsansa, barışıb sakitcə yaşamalısan.

 

Şəhriyar:

- Bacı-qardaş kimi yəni?

 

Azadə:

- Lap elə bacı-qardaş kimi olsun...

 

Jalə:

- Bacı-qardaş hardan çıxdı? Dost kimi...

 

Şəhriyar:

 

- Sizin bu yüksək qadın “bağışlamağ”ınızın arxasında bilirəm ki, “kişi də qadını bağışlamadı məqsədi” dayanır.

 

Azadə:

 

- Bəli, mən düşünürəm kişi də bağışlamalıdı. Niyə də olmasın? Özü bunu asanlıqla edirsə, qadın niyə eləməsin?!.

 

Jalə:

 

- Qadın olaraq kişi psixologiyasından danışmaq çətindi, amma, məncə də bağışlamalıdı. Mən istəmirəm belə çıxsın ki, bütün xəyanətlər bağışlansın, qadın-kişi fərqi yoxdu, kim nə eləyir-eləsin. Yox. Kişi-qadın bölgüsündə hansısa fərqlər olmalıdı. Amma kişi də papağını qabağına qoyub fikirləşməlidi axı? Bilməlidir ki,  elədiklərinin bədəli  ola bilər. Mən kişilər tanıyıram ki, qadınına onun ən yaxını ilə  xəyanət eləyib. Bunu necə bağışlamaq olar? Üzdə bağışlayan kimi görünə bilərsən. Amma adamın içində nəsə qırılır. O nəsənin adına hamı nəsə deyir.  Nə tibbdə, nə ədəbiyyatda, nə psixologiyada mən ona ad qoyan görməmişəm. Hamı deyir elə bil bir şey qırıldı və o adam getdi içimdən. Bax, bu kimi hallarda o kişinin yanında min il yaşasan belə faydası yoxdu.

 

Şəhriyar:

 

- Mənim müşahidə elədiyim qadın xəyanətlərinin əksəriyyəti qisasçılıq olub. Xəyanət görmüş qadın potensial xəyanətkardı...

 

 

Azadə:

 

- Hə, doğrudu. Bu qadın xislətindən doğur...

 

 

Şəhriyar:

 

- Bir şey də var. Məncə siz bu qədər də bağışlayan deyilsiz, yalan danışırsız. Qadınların kişiləri bu qədər bağışlaması onların kişilərdən asılı olmalarıdı. Necə deyərlər, hazırkı real mühitdə kişilərin mövqelərinin daha üstün olması. İstər mentalitetin verdiyi divident, istərsə də maddiyat-filan...

 

Jalə:

- Əksinə, indi elə evlər var ki,  qadın dolandırır, kişi yox. O qədər ailə tanıyıram kişi bütün günü çayxanalarda veyllənir, bütün yük qadına düşür. Hərdən mənə elə gəlir ki, indi qadınlar daha çox pul qazanmaq haqda düşünür, nəinki  bəzi kişilər.

 

Azadə:

 

- Bağışlamaq-bağışlamamaq sonrakı prosesdi e, bayaq da dedim. Əsas olan problemin kökünü axtarıb tapmaqdı. Axtarıb görsün xəyanət olunan tərəf harda səhv eləyib.

 

Şəhriyar:

 

- Belə şey olmur axı. Mən gəlirəm evə, görürəm arvadım yataqda başqa kişiylədi. Qapını örtüb, narahat etdiyimə görə, üzr istəyib keçirəm mətbəxə. Və başlayıram bir siqaret yandırıb düşünməyə ki, “ay balam, görəsən mən harda səhv elədim axı belə oldu”? Belə iş olur?! Gülməli danışırsız e...

 

Azadə:

 

- Niyə ki? Bir az ağıllı adam fikirləşib tapar. Tapır da.  Aləmi bir-birinə qatmaqla heç nə olmur! Mən demirəm ki, kişi belə bir mənzərəylə qarşılaşanda onlara uğurlar arzulayıb fikirləşməyə getməlidir. Ən tolerant insan belə vəziyyətdə emosiyalarını cilovlaya bilməz. Dalaşa da bilərlər, lap bir-iki şillə də vura bilər. Amma sonra səbəblər aradan qaldırıldıqdan və xəyanətə yol verən qadın üzr istədikdən sonra bağışlana bilər.

Jalə:

 

- Bilirsiz necədi? Ümumiyyətlə əməlinə görə xəyanəti haqq eləyən qadınlar da var, kişilər də var.

 

Azadə:

 

- Mən heç birinə haqq qazandırmıram. Amma, daha olunubsa bağışlanmasının tərəfdarıyam. Bayaq Jalə xanım bir söz dedi. Qətllərin 80 faizi qadınların xəyanətidi... Bu bədbəxtlər elə bilirlər arvadını öldürəni “içəri”də yuxarı başda oturdacaqlar. Əslində elə də deyil.

 

Jalə:

 

- Düzdü. Mən jurnalist kimi Ədliyyə Nazirliyi ilə  əməkdaşlıq etmişəm bir müddət. Həbsxanadan silsilə reportajlar hazırlayırdım Dövlət Televiziyası üçün. Qobustan həbsxanası bizdə ən ağır cinayətləri törədən məhkumların saxlandığı yerdi. Oralarda hər şeyi araşdırırlar, həm də bizə məlum olmayan qayda-qanunlarla. Sən kim olmusan, sənin arvadın kim olub, niyə öldürmüsən?  Yox, bu kişinin oğlu namus üstündə gəlib, buyur, keç otur yuxarı başda... Belə deyil. Yəni, sən həqiqətənmi namus üstündə gəlmisən,  ya yox,  bu sonra bilinəcək. Sumqayıt yolunda gecəqondularda qabyuyan işləyən arvadını öldürən bir adam vardı. Özü ayağını ayağının üstünə aşırıb siqaret pulu, araq pulu gözləyir. Arvadın da göndərib qab yumağa. KAMAZ sürücüsü sataşıbmış arvadına, bu da onu görüb. Gəlib arvadın öldürüb. İndi bu oldu “namus statyası”? Guya oradakılar bunu bilməyəcəklər? Əlbəttə bilirlər...

 

P.S Bu mövzu ətrafında söhbətimiz də belə keçdi. Mən tərəf olaraq “qırmızı”nın müdafiəçisi oldum. Xəyanət nisbi anlayışdı. Ümumilikdə isə bu qərara gəldim ki, Azərbaycan reallığında kişilər sözün bütün mənalarında “keyf” çəkirlər. Belə bağışlayan, genişürəkli qadınların ətrafında xoşbəxt olmağa nə var? Özüm ölüm, əladı. Evlənməkdən qorxan bütün dostlarıma ərmağan edirəm bu söhbəti...)))

Növbəti müzakirəmiz dolayısıyla bu dəfəki mövzumuzun davamıdı. Növbəti mövzumuz isə belədi: “Ayrılığın və boşanmağın gətirdiyi iztirablar”. İztirab sözü çox təntənəli səsləndi, bilirəm. Amma, həqiqətən də bizdə ayrılmaq problemi var. Bir-birimizdən qopa bilmirik. Ayrılırıq, nə vaxtsa bir-birimizə olan sevgimizi burnumuzdan gətirincəyə qədər əl çəkmirik. Beləcə, hələlik deyək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5255

Oxşar yazılar