“Milli Parklar hüquqi rejimə uyğun turizm fəaliyyəti həyata keçirən təbiət əraziləridir”
06 iyun 2014 12:56 (UTC +04:00)

“Milli Parklar hüquqi rejimə uyğun turizm fəaliyyəti həyata keçirən təbiət əraziləridir”

Bütün dünya ölkələri hər il ətraf mühitin mühafizəsi gününü qeyd etməklə insanları onları əhatə edən təbiətə, onun varlıqlarına diqqət yetirməyi, gələcək nəsillərə dayanıqlı və sağlam təbii mühit miras qoymağı tövsiyə edir. Təqdirəlayiqdir ki, Azərbaycanda da inkişaf etmiş digər ölkələrdəki kimi ətraf mühitin sağlamlaşdırılması həm ictimaiyyətin, həm də dövlətimizin daimi diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının ilbəil artması isə ölkədə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən səmərəli fəaliyyətin nümunəsi sayıla bilər.

Xüsusi mühafizə olunan təbiət ərazilərindən biri - Şahdağ Milli Parkı nəinki Azərbaycanda, hətta  Cənubi Qafqazda ən böyük əraziyə malikdir və bu milli park ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirir. Lent.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Şahdağ Milli Parkının direktoru Arzu Mustafayev bu unikal ərazinin mühafizə prinsipləri, mövcud problemlər və turizm perspektivləri barədə sualları cavablandırıb.

 

- Şahdağ Milli Parkının yaradılmasının məqsədi və bunun turizmin inkişafına  təsirləri, o cümlədən turizm fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı görülən işlər haqqında fikirləriniz?

 

- Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosistemini qorumaq və bərpasına nail olmaqdan əlavə, həm də böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2006-cı il tarixli sərəncamına əsasən 130508,1 hektar sahədə yaradılan Şahdağ Milli Parkının unikal təbiəti, xüsusən dağlıq əraziləri və yüksək zirvələri ilə  istər yerli, istərsə də xarici vətəndaşların diqqətini çəkdiyindən bölgəyə böyük turist marağı var. Bu potensialı önə çəkmək, Azərbaycanın təbliği və dünyaya tanıtdırılması istiqamətində görülən genişmiqyaslı işlərin bir parçası olaraq bu fəaliyyətdə yer almaq vəzifəmizin əsasını təşkil edir.

Son dövrlərdə bu istiqamətdə görülən və uğurla davam etdirilən irimiqyaslı layihələr sırasında Milli Parkın normal fəaliyyətini təmin edəcək infrastrukturun yaradılması və genişləndirilməsi, İnzibati Bina Kompleksinin tikilərək istifadəyə verilməsi, bölgələrdə giriş qapılarının, treninq və məlumat ofislərinin yaradılmasını  misal göstərmək olar.

Azərbaycanda milli parkların yaradılması və fəaliyyəti təcrübəsi çox gənc olduğundan və yalnız XXI əsrin ilk illərindən keçən dövrü əhatə etdiyindən bir sıra bölmələr, xüsusən ekoturizm fəaliyyətinin tənzimlənməsi kimi sahələr normativ hüquqi bazanın olmaması və ya günün tələblərinə cavab verməməsi səbəbindən müəyyən problemlər və boşluqlarla  üzləşib.

Xüsusən Şahdağ Milli Parkının ərazisində turist-rekreasiya zonalarının ölkənin müxtəlif  bölgələrini  əhatə etməsi, xüsusən Azərbaycanın ən yüksək dağlıq ərazilərinin burada yerləşməsi və turist obyekti kimi maraq dairəsində olması bu boşluqları daha da qabardıb. Həmçinin ərazidə turist marağına səbəb olan əsas zirvələrə gedən marşrutların birbaşa dövlət sərhədi boyunca yerləşməsi də problemin müvafiq dövlət strukturları arasında razılaşdırılmaqla həllini vacib edərək yeni normativ sənədlərin qəbulu zərurətini yaradıb.  

Bu səbəbdəndir ki, 2006-cı ildən etibarən “Azərbaycan Respublikasının Milli Parklarında ekoturizm fəaliyyətinin təşkili, mövcud problemlər və inkişaf perspektivlərinə dair Milli Konsepsiya” , “Milli Parkların ərazisindən istifadənin nümunəvi Qaydası”, “Milli Parkların ərazisində ekoturizm xidmətlərinin göstərilməsinə dair Təlimat”, “Milli Parklarda təhlükəsizlik və profilaktika tədbirlərinə dair Təlimat”, “Milli Parkların yüksək dağlıq ərazilərinə turistlərin giriş-çıxışının tənzimlənməsi və onlara bələdçi xidmətinin göstərilməsi Qaydaları”, “Milli parkların yüksək dağlıq ərazilərində bələdçilik xidməti göstərmək istəyən şəxslər üçün akkreditasiya qaydaları və şərtləri haqqında Əsasnamə” və digər bu kimi ciddi baza sənədləri hazırlanaraq, müvafiq qaydada təsdiq olunub.  

 

- Qeyd olunduğu kimi Milli Parkların yüksək dağlıq əraziləri həm əhəmiyyətinə, həm də sərhəd zonalarında yerləşdiyinə görə daha çox diqqət mərkəzindədir. Buraya daxil olmaq istəyən turistlər hansı prosedur qaydalara əməl etməlidir və bu sahə necə tənzimlənir?

 

- Milli Parkların yüksək dağlıq ərazilərində turizm fəaliyyətinin tənzimlənməsi ilə bağlı xüsusi qaydalar hazırlanmışdır. Mövcud Qaydalara əsasən, Milli Parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlər milli parkın müvafiq giriş və çıxış məntəqələrində qeydiyyatdan keçməli və onların əraziyə birdəfəlik girişi zamanı müvafiq sənədlər təqdim olunmalıdır. Bu barədə daha geniş məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytından və Şahdağ Milli Parkının giriş məntəqələrindən alına bilər. Həmçinin turistlər öncədən fərdi anket vərəqələrini doldurmaqla müvafiq marşrutları seçməlidirlər.

Onların ixtisaslı bələdçilərin müşayiəti altında yüksək dağlıq ərazilərə daxil olması və hərəkət etməsi isə vacib  məsələlərdəndir. Qrupun hər hansı idman növü üzrə hazırlıq səviyyəsindən asılı olmayaraq, milli parkların ərazisində xüsusi qaydada akkreditasiyadan keçmiş bələdçilərin müşayiəti altında hərəkət etməsi vacib şərtlərdəndir. Öz növbəsində bələdçilərin hər hansı idman növü üzrə hazırlıq səviyyəsinə görə deyil, kompleks biliklərə və bacarığa malik olan, xüsusi mühafizə olunan təbiət əraziləri barədə bilikləri olan, həmçinin ekstremal şəraitdə fəaliyyət göstərmək bacarığı olan şəxslər sırasından seçilməsi tələb olunur. Bununla bağlı Milli Parkların yüksək dağlıq ərazilərinə səfər etmək istəyən ekoturistlərin təhlükəsizliyinin təmin olunması və onların ixtisaslı gid-bələdçilərlə təmin edilməsi məqsədilə Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentində müvafiq  Akkreditasiya Komissiyası yaradılmışdır. Dövri olaraq KİV-də elan verilərək bu peşə ilə məşğul olmaq istəyənlər üçün Komissiya tərəfindən imtahanlar təşkil edilir. 02 iyun 2014-cü il tarixində Komissiyaya müraciət etmiş növbəti 24 nəfərdən 10 nəfəri “Yüksək dağlıq ərazilər üzrə turistlərə bələdçi xidmətinin göstərilməsinə dair” test-sınaq imtahanlarından uğurla keçərək onlara, etibarlılıq müddəti bir il olan yüksək dağlıq ərazilər üzrə bələdçi xidmətinin göstərilməsi hüququ verən Şəhadətnamələr təqdim edilmişdir. Bu proses Akkreditasiya Komissiyası tərəfindən gələcəkdə də davamlı olaraq həyata keçiriləcək.

Bu prosedur və qaydalar Milli Parkın ərazisindən idman və yürüş məqsədləri üçün istifadə edən qruplara da şamil olunur. Eyni zamanda, yürüş iştirakçılarından Şahdağ Milli Parkının ərazisində olarkən Milli Parkın daxili davranış və təhlükəsizlik qaydalarına əməl etməsi, yürüşün sonunda əraziyə atılan bərk və məişət tullantılarının yığışdırılması, yalnız əvvəlcədən müəyyən olunmuş yerlərdə düşərgələrin salınması tələb olunur.

 

- Bəzi qruplar və ayrı-ayrı şəxslər tərəfindən yüksək dağlıq ərazilərə tətbiq olunan giriş qaydalarının öz sərtliyi ilə fərqləndiyi və onun tətbiqi zamanı ayrı-seçkiliyə yol verildiyi bildirilir...

- Bu deyilənlər qanun-qaydanı sevməyənlərin əsassız iddialarıdır. Qaydalar birmənalı olaraq bütün şəxslərə və təşkilatlara eyni qaydada şamil edilib və qüvvədə olduğu müddətdə Nazirlik və onun qurumları tərəfindən heç bir ayrı - seçkiliyə yol verilməyib.

Bu qaydaların müəyyən mənada sərt göstərişlərinə insanların təhlükəsizliyinin təminatı və təbiətin istismarçılardan müdafiəsi kimi baxılmalıdır. Bundan əlavə istər mövcud qadağaların sərtliyi, istərsə də ödəniş məbləğləri mövcud dünya ölkələrində olan analoji qaydalarla müqayisədə  bizdə dəfələrlə aşağı səviyyədə müəyyən olunub.  

Məlumdur ki, uzun illər bəzi dağçılıq  təşkilatları ölkənin təbiət ərazilərini heç bir normativləri gözləmədən, mənəvi dəyərləri saymadan istismar etmiş, ərazi tonlarla məişət və bərk tullantılarla zibilləyib.  

Uzun illər boyu müxtəlif təşkilatların təmsilçiləri tərəfindən qayaların gələcəkdə aşınması və dağılmasına gətirib çıxaran bərkidici vasitələrin vurulması kor-koranə həyata keçirilib, turistlərin təhlükəsizliyi nəzərə alınmadan yoxlanılmamış marşrutlardan istifadə olunub. Yüksək dağlıq ərazilərdə və sərhəd bölgələrində yerləşən Milli Park ərazilərinə müvafiq ixtisası və hazırlığı olmayan şəxslərin müşayiəti ilə insanların aparılması faktları qeydə alınıb. Dağçılıq sahəsində baş verən bu xaos Nazirliyin səyləri nəticəsində son 3-4 ildə  tənzimlənib, ölkənin yüksək dağlıq ərazilərində nəzarət-buraxılış sistemi tətbiq edilib, sahəni tənzimləyən qaydalar qəbul olunub, uzun illərdən bəri qalaqla yığılıb qalan tonlarla tullantı  ərazidən çıxarılıb, Milli Parka daxil olan turistlərin öz məişət tullantılarını yığması üçün onlara pulsuz məişət tullantısı paketlərinin paylanılması işi təşkil edilib,  bələdçilərə və istifadə olunan marşrutlara olan tələblər ciddiləşdirilib. Belə sualların qarşısının qəti alınması təbii ki, hamı tərəfindən eyni qarşılanmayacaq, itaətsizlik və xaosa meylli şəxsləri narazı salacaq.

Narazılıqlara yol açan növbəti geniş yayılmış fakt isə bir neçə şəxsdən ibarət qrupların özlərini klub, dağçılıq birliyi adlandıraraq Milli Parkın yüksək dağlıq ərazilərinə istədikləri vaxt, istədikləri müddət ərzində və istədikləri marşrutla getmək arzuları ilə bağlıdır. Məlumdur ki, milli parklar nadir fauna və flora obyektlərinin yayıldığı ərazilərdir. Hər bir milli park, xüsusən ölkənin ən yüksək dağlıq ərazilərinin yerləşdiyi Şahdağ Milli Parkı turist marşrutlarını, turistlərin hərəkət qrafikini ərazinin təbii amillərini, o cümlədən hava şəraitində baş verə biləcək dəyişiklikləri, növlərin yayılma və çoxalma ərazilərinin xüsusiyyətlərini, miqrasiya və yerdəyişmə faktorlarını nəzərə almaqla müəyyən edir.

İstənilən vaxt və arzu olunan marşrutla Milli Park ərazisinə daxil olunmasına icazə verilmədikdə bu, bəzi qrupların narazılığı ilə qarşılanır və onlar ictimai rəyə təsir etməklə müvafiq dövlət təşkilatı haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Olmazmı ki, özlərini “dağçılıq klubu” adlandıranlar rəsmi müəyyən olunmuş Federasiyanın idarəçiliyi altında təşkilatlanaraq yürüşlər təşkil etsin. Əlbəttə ki, bu daha səmərəli olar. Əminik ki,  bu yanaşma,  həm yürüş iştirakçılarının təhlükəsizliyi, həm də ekosistemlərin mühafizəsi nöqteyi-nəzərdən daha düzgün yanaşmadır.

 

- Belə çıxır ki, Şahdağ Milli Parkı üçün təbiətin mühafizəsi dağ turizminin inkişafı ilə müqayisədə  daha prioritet məsələ hesab edilir?

 

- Əlbəttə, Şahdağ  Milli Parkının yaradılması və Qafqazda bir nömrəli qorunan ərazi statusunu əldə etməsi üçün təbiəti mühafizə prinsipləri və ekosistemlərin qorunaraq gələcək nəsillərə çatdırılması hər şeydən daha mühüm şərt hesab edilib. Ümumilikdə Milli Parklar bir turizm fəaliyyəti göstərən qurumdan çox təbiəti mühafizə təşkilatlarıdır. Bu idarələrin yaradılmasında və idarə olunmasında təhlükə altında olan, xüsusi həssaslığı ilə seçilən ekosistemlərin bütöv şəkildə mühafizəsi başlıca vəzifə kimi qarşımıza qoyulub. Əsas hədəf təbiətin bütövlüyünün, ayrı-ayrı vəhşi heyvan və bitki növlərinin dayanaqlılığının təmin edilməsi, areallarının qorunması, sonda isə yol verilə bilən həddə, təbiətə minimum ziyan vurmaqla davamlı turizm fəaliyyəti üçün mövcud olan şəraitdən planlı və elmi cəhətdən əsaslandırılmış formada faydalanaraq onun tətbiqindən ibarətdir. Bu səbəbdən milli parklarda təbiət komplekslərindən rasional istifadə olunması və təbiət obyektlərinin mühafizəsi məqsədilə müvafiq ərazilərdə rekreasiya yüklənməsinə yol verməmək və bu yüklənmənin qarşısını almaq (onu maksimum azaltmaq) bizim vacib vəzifələrimizdəndir.

Şahdağ Milli Parkı, qarşıya qoyulmuş bu hədəflərə nail olunması istiqamətində ən ciddi formada bütün zəruri tədbirləri həyata keçirməklə yanaşı idarədaxili nizam-intizam qaydalarına ciddi şəkildə riayət olunması, Milli Park əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının qəti və qeyd-şərtsiz şəkildə alınması istiqamətində də lazımi işlər həyata keçirməkdədir. Mütəmadi olaraq  nəzarət qaydasında aparılan reydlər, mühafizə əməkdaşlarının işə məsuliyyət səviyyəsinin yoxlanılması nəticəsində təşkilatımızda çalışmağa layiq olmayan, işinə məsuliyyətsiz, qanunsuz əməllərə meyl edən əməkdaşlar dərhal kollektivdən uzaqlaşdırılır və barələrində ən ciddi intizam tənbehi tətbiq edilir.

- Pozuntu halları necə, tənzimetmədən sonra azalıbmı?

- Birmənalı olaraq azalıb və azalmaya səbəb həm tətbiq olunan ciddi sanksiyalar, həm aparılan təbliğat işləri, həm də daxili nizam-intizamın səviyyəsinin yüksəldilməsidir.

İstisna deyil ki, əvvəlki illərdə də istər milli parkın hüquqi rejiminin, giriş və daxili qaydalarının pozulması, istərsə də yüksək dağlıq ərazilərdə hərəkət rejiminə əməl olunmaması halları baş verib. Lakin son illər biz bu halları qeydə alaraq onlara adekvat cəza tədbirləri,  həm də profilaktik tədbirlər həyata keçiririk. Xüsusən Parkın heyətinin sağlamlaşdırılması  bu işlərdə xüsusi rol oynayır.  Məsələn, 2013-cü ildə Milli Parkın İsmayıllı rayonu ərazisində intensiv ov faktı qeydə alınaraq bu işlərə Milli Parkın mühafizə əməkdaşlarının şərait yaratdığı müəyyən edilib və onlar cərimə olunaraq tutduqları vəzifədən azad ediliblər. 2014-cü ildə Milli Parkın Xınalıq postunun ərazisində milli park əməkdaşlarının səhlənkarlığı nəticəsində ərazinin hüquqi rejiminin pozulması faktı qeydə alınıb, bu səbəbdən əraziyə cavabdeh mühafizə əməkdaşının əmək müqaviləsinə xitam verilib.

Bundan başqa, bələdçilik vəzifəsini yerinə yetirən şəxslərlə aparılan işə və onların üzərinə qoyulan tələblərə də xüsusi diqqət yetirilir. O cümlədən son illərdə yüksək dağlıq ərazilərdə və sərhəd bölgələrində yerləşən milli park ərazilərinə müvafiq ixtisası və hazırlığı olmayan şəxslərin müşayiəti ilə turistlərin aparılması faktlarının qeydə alınması, qeydiyyatdan keçən bələdçilərin öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsi buna misal ola bilər. Bu səbəbdəndir ki, bizim baş idarə və bütövlükdə Nazirlik daim bu sahənin tənzimlənməsi üzərində fəaliyyətini davam etdirir, istər sağlam kadrların Milli Parka işə cəlb olunması, istərsə də bələdçi kimi akkreditasiyadan keçirilməsi məsələsinə diqqət yetirilir.

Milli parkın  daxili davranış qaydalarını pozan şəxslərə gəldikdə isə onların adları  “Qara siyahı”ya salınır və bu şəxslərin gələcəkdə Milli Park ərazilərinə daxil olması məhdudlaşdırılır.

Ümumiyyətlə, bizim Milli Parkda fəaliyyətimiz Azərbaycan dövlətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar