Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəb müşavirləri xidməti” pilot layihəsinə start verib.
Məktəb müşavirlərinin ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçiriləcək.
Təhsil Nazirliyinin “Məktəb müşavirləri xidməti” pilot layihə koordinatoru Rüstəm Ağayev Lent.az-a açıqlamasında bildirib ki, məktəb müşaviri olmaq üçün müraciət edən şəxslərin ali təhsilli olması mütləqdir: “ Belə ki, 21-30 yaşa qədər ali təhsilli hər bir şəxs məktəb müşaviri olmaq üçün müraciət edə bilər. Seçimlər zamanı əsasən, ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən, eləcə də pedaqoji təhsilli namizədlərə üstünlük veriləcək”.
Müşavir olacaq şəxs məktəbdə psixoloq və tibb bacısının da bəzi vəzifələrini icra edəcəyindən kadr ixtisarlarının gözlənilmədiyini deyən R.Ağayevin sözlərinə görə, bu layihə pilot olaraq başlanılıb. Ona görə də heç bir kadr dəyişikliyi nəzərdə tutulmayıb: “Məktəb müşavirləri pedaqoji heyətə, məktəbdə çalışanlara kömək üçün fəaliyyətə başlayacaqlar. Tibbi xidmətə gəldikdə isə, nəzərə alsaq ki, bütün təhsil müəssisələrində tibb məntəqəsi olmur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmət göstərilir. Məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanlar yaşadıqları ərazi poliklinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin edilirlər. İlk peşə-ixtisas, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsilalanlara onların yaşadıqları ərazi poliklinikaları, təhsilalanların olduğu yer ilk peşə-ixtisas, orta ixtisas, ali təhsil müəssisələrinin yerləşdiyi yerdən kənarda olduqda, onlara həmin təhsil müəssisələrinin aid edildiyi ərazi poliklinikaları tibbi xidmət göstərilir".
R.Ağayev əlavə edib ki, məktəb müşaviri olmaq üçün müraciətlər online formada qəbul olunur. Bunun üçün Təhsil Nazirliyinin və “ASAN xidmət”in “Facebook” səhifələrində elan yerləşdirilib. “Məktəb müşavirləri xidməti” pilot layihəsində iştirak etmək üçün namizədlər müraciət anketi vasitəsilə bu linkə daxil olaraq qeydiyyatdan keçə bilər: http://goo.gl/Ambd4d Bu günə qədər məktəb müşaviri olmaq üçün xeyli sayda müraciət olunub və bu proses sentyabrın 10-dək davam edəcək.
Qurum rəsmisi qeyd edib ki, layihə pilot olaraq, ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Müəssisələrin adları nümayəndələrin seçimi başa çatdıqdan sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, “Məktəb müşavirləri xidməti” pilot layihəsi üzrə qeydiyyat hələ də davam edir. Məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.