Fevralın 19-da Avropa Parlamentində «Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü» mövzusunda konfrans keçirilib. “ASAN Xidmət”dən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilmiş islahatlar və digər əlaqədar məsələlər müzakirə edilib.
Konfransın təşəbbüskarı Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyulanddır. Tədbiri giriş sözü ilə açan Oyuland Sovet İttifaqının dağılmasından sonra Estoniyada institusional sahədə islahatların yeni texnologiyalar üzərində aparılmasının faydalarını vurğulayıb. Bununla da, «Skype»ın vətəni Estoniyada elektron xidmətlər köhnə metodları üstələyib. Oyulandın sözlərinə görə, ölkəsi Azərbaycanın da bənzər hədəflərə çatmasına yardım göstərsə də, sonradan «şagird müəllimini ötüb keçib». O, “ASAN Xidmət”in nailiyyətlərini alqışlayıb və bunun tək vətəndaşlar üçün deyil, həm də hökumət üçün faydalı olduğunu deyib. K. Oyuland fikrini onunla əsaslandırıb ki, mülki xidmətlərdə bürokratik əngəllərin aradan qaldırılması hakimiyyət orqanlarına əlavə xərclərdən yan keçməyə imkan verir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ildən etibarən “Asan İmza”nın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılmasının istifadəçilərə mobil telefonları vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratdığını deyib. Azərbaycanda “Mobil İmza” vasitəsilə 300000-dən artıq rəqəmsal imza təqdim edilib, 1000000-a yaxın əməliyyat həyata keçirilib.
Konfransda ASAN xidməti təsvir edən video-çarx nümayiş etdirilib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov 2005-dən etibarən elektron hökumətin yaradılmağa başlandığını diqqətə çəkib. O, planlı təsərrüfat və sovet sistemi səbəbindən Azərbaycanda vergi mədəniyyətinin yeni olduğunu xatırladıb, müstəqilliyin ilk illərində əhalidə vergi mədəniyyətinin yaradılması və vergi qanunvericiliyinin hazırlanması kimi işlərin görüldüyünü bildirib. S. Ələkbərov elektron vergi sahəsində görülən işləri və bu sahədə beynəlxalq partnyorların dəstəyini iştirakçıların diqqətinə çatdırıb. Onun sözlərinə
görə, Avropa İttifaqının dəstəyi ilə elektron audit sistemi hazırlanıb. Elektron vergi qeydiyyatı əvvəllər 2 ay çəkən vergi qeydiyyatının müddətini bir neçə dəqiqəyədək qısaldıb. Bütün bunlara görə Dünya Bankının "Doing Business" reytinqində Azərbaycan yuxarı yerlərdən birinə layiq görülüb. Sahib Ələkbərov elektron hökumət və rəqəmsal imza sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulayıb.
Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin Dövlət İnformasiya Sistemləri və Rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycanla rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirib. Enerji üzrə də əməkdaşlığın qarşılıqlı maraq üzərində qurulduğunu və bunun bütün sahələrə tətbiq edildiyini deyib. Yeni texnologiyaların və bu sahədə aparılan islahatların həm insanların həyatının rahatlaşdırılması, həm də yeni iş, sərmayə yerləri, rəqəmsal bazarın yaradılmasında böyük rol oynadığını da deyib.
Avronest Parlament Assambleyasının həmsədri Yevgeni Kirilov və Avropa Parlamentində Mühafizəkarlar və İslahatçılar qrupunun başçısı Martin Kallanan mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra ASAN Sertifikatlaşdırma Xidmət Mərkəzi və Estoniya Sertifikatlaşdırma Mərkəzi arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. Mərasimdə Azərbaycan vergilər nazirinin müavini Sahib Ələkbərov və Estoniya Sertifikatlaşdırma Mərkəzinin icraçı direktoru Kalev Pihl iştirak ediblər.
Müzakirələr panelinin 1-ci hissəsi "Mobil kimlik: insanların ölkələrarası əlaqələndirməsi. Estoniya və Azərbaycanın mobil kimlik sistemlərinin əməkdaşlığı" mövzusunda olub. Azərbaycan Vergilər Nazirliyinin şöbə müdiri Samirə Musayeva “Asan İmza” haqqında detallı məlumat verdikdən sonra mobil hökumətin elektron hökumət ideyasının növbəti mərhələsi olduğunu vurğulayıb. “Asan İmza”nın hansı zərurətdən doğduğu, vətəndaşlara hansı asanlıqlar verdiyini də S.Musayeva faktlarla izah edib. O, təmsil etdiyi nazirliyin “Asan İmza”nın öz xidmətlərinə necə inteqrasiya etdiyini və buna bağlı olan digər xidmətləri də təqdim edib. Onun sözlərinə görə, mobil kimliyin gələcəkdə bütün sahələrdə tətbiq olunması qaçılmazdır.
"Signwise"-ın yaradıcısı və icraçı direktoru Tiit Anmann elektron imzanın texniki tərəfləri barədə məlumat verib. O, "Signwise" iqtisadi və mülki sahədə oyunçuları necə əlaqələndirdiyini izah edib. Onun sözlərinə görə, növbəti elektron inqilab imza inqilabı olacaq.
"Gemalto Solutions" şirkətinin satış direktoru Remi Belluar Azərbaycana səfəri və səfərin təəssüratları barədə danışıb, müxtəlif ölkələrdə elektron xidmətlərin necə həyata keçirildiyini müqayisəli şəkildə göstərib.
"Signwise"ın nümayəndəsi Liisi Yürgen Azərbaycan Elektron İmza Qanunu ilə Avropa İttifaqı Elektron İmza Direktivi arasında paralel müqayisələr aparıb.
Elektron hökumətlə bağlı ikinci müzakirə panelində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsləhətçisi İsbəndiyar Əliyev elektron hökumətin cari vəziyyəti ilə bağlı məlumat verib. “ASAN Xidmət”in şöbə müdiri Azad Cəfərli təmsil etdiyi qurumun fəaliyyətini insan hüquqları kontekstində analiz edib.
Bundan əlavə, "Cybernetica"nı təmsil edən Arne Ansper ölkələrarası əməkdaşlıqdan, “ASAN Xidmət”in şöbə müdiri İlkin Vəliyev elektron vergi sistemlərində şəffaflıqdan, Avropa İnnovasiya və Texnologiya İnstitutunun idarə heyətinin üzvü Linnar Viik isə əməkdaşlığın gələcək perspektivlərindən söhbət açıb. L.Viik həm də tədbirlə bağlı yekun şərhlər verib.