“4 aylıq oğlum da hiss etmişdi ki...” -  QADIN DRAMI
12 dekabr 2013 17:14 (UTC +04:00)

“4 aylıq oğlum da hiss etmişdi ki...” - QADIN DRAMI

Azərbaycanda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşəbbüsü ilə “Qadınlara qarşı zorakılıqlara yox!” həftəliyi keçirilir. Qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə qadına qarşı hər hansı şiddətin qınanılması, aradan qaldırılması məqsədilə keçirilən bu kampaniyada ölkənin bir çox nüfuzlu, tanınmış xanımları iştirak edir. Həmin xanımlardan bir neçəsi, bu məsələdə ibrət alınacaq həyat hekayətlərini Lent.az-a təqdim ediblər. Həmin yazıları silsilə şəklində oxucularımıza təqdim edirik. Bununla yanaşı, Azərbaycan qadınlarından, başına gələn zorakılıqları qələmə ala bilən hər kəsi bu silsiləni davam etdirməyə, öz həyat hekayətlərini Lent.az-a təqdim etməyə çağırırıq...

 

Bu dəfə  jurnalist Aytən Fərhadovanın yazısını təqdim edirik.

 

 

 

Özüm haqda yazmaq mənə çətindi. Amma düşünəndə ki, bu ölkədə zorakılığa məruz qalan insanların sayı çoxdu, yazmaq istədim. Bir də mən fikirləşmirəm ki, zorakılığa təkcə qadınlar məruz qalır. Eyni zamanda kişilər də zorakılıq qurbanıdır...Bunu unutmayın...

 

26 yaşımda ailə həyatı qurmuşam. O yaşlarda mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, jurnalistikanın Qərb standartlarını öyrənmək üçün dayanmadan müxtəlif kurslara müraciət edən və seminardan-seminara qaçan biriydim. Eyni zamanda işlədiyim “Ekspress” qəzetində öyrəndiklərimi tətbiq etməyə çalışırdım. Lid yazmaq, bunu bacarmaq ən böyük istəyim idi. Peşəkar jurnalist olmaq bir arzuydu. Və bu düşüncələr içərisində olan birini... evləndirdilər.

 

 O aralar qardaşım narkoitik istifadəçisi idi. Elə mənimlə evlənmək istəyən adamın da qardaşı narkotikə meyli olanın biriydi. Ətrafımdakıların narkoistifadəçilərə, onların ailələrinə qarşı dedikləri hər söz məni ağrıdırdı.

 

Beləcə taylı tayını tapıb düşüncəsi ilə evliliyə qərar verdim. Ancaq çox keçməmiş yanlış qərar verdiyimi anladım və nişanı pozmaq istədim. Atamın bir kəlməsindən keçə bilmədim : “Dəvətnamələr paylanıb, mənim iş yoldaşlarım, dostlarım bilir. Mən utanacam...”

 

Toydan az keçməmiş bütün narazılıqlar başladı. Məsələ burasındadır ki, taleyi ilə bir növ barışan mən idim. Amma bu dəfə fərqlilik ortaya çıxmışdı. Səhəri dava-dalaşla açıb, gecə də gözünü söyüşlə bağlamalı idin. Bu da mənə çatmırdı. Heç cür qəbul etmək istəmirdim. Mən orda döyülməmişəm, ancaq o qədər təhqir olunmuşam ki... Və nəhayət dözmədim, aşağılanaraq bir küncə qısılıb yaşamaq mənə görə deyildi. Və buna “evlilikdi, dözməliyəm” adını verib sürdürmək kimi bir gücüm də yox idi. Bitdi...

 

***

 

Geriyə atamın evinə qayıtdıqda isə hər şey mənə qarşı çevrilmişdi. Elə orda da az təhqir, danlaq, hədə eşitmədim. Ər evinə qayıtmaq şərti vardı önümdə. Üstəlik hamilə idim.  Qardaşlarım və anam bunu heç cürə həzm edə bilmirdilər. Halbuki əri də mənə anam seçmişdi. Məsələlərin sonrakı inkişafı anamın yürütdüyü siyasətlə inkişaf edirdi – “gözləyək uşağı olsun, sonra işi həll edərik”.

 

9 ay ərzində işlədim, heç dayanmadım. Bir mükafat aldım. Onu heç vaxt unutmayacam, çünki ən ağır zamanlarımda sevindirmişdi məni. Çoxuna görə ola bilsin kiçik mükafat idi. Ancaq həmin an üçün mənə ümid işığı təsiri bağışlayırdı.

 

Unutmadığım bir epizod var. Oğlum 4 aylıqdı, anamla qardaşım işdən evə gəlmişdi. Oğlum yemək otağında uşaq arabasında qardaşım uşaqları ilə oynayırdı. Birdən iki yaş kiçik qardaşım mənə hücum çəkdi. Bu zaman oğlum anidən çevrilib düz gözlərimin içinə baxdı. O mənim tənələrə məruz qaldığımı necə hiss etmişdi, bilmirəm. Ancaq hiss etmişdi. Bu hadisədən sonra bacardıqca otağımdan çölə çıxmamağa çalışırdım. Oğlumun qorxu ilə böyüdüyünü görmək daha da ağır edirdi vəziyyətimi. Ancaq hər şeyə dözüb geri qayıtmaq istəmirdim.

 

Bir dəfə evdən qaçdım. Atamın yalvarışlarına dözmədim. Geri qayıtdım, lakin yenə də heç nə dəyişmədi...

 

Məsələ yalnız o zaman çözüldü ki, həyat yoldaşım dünyasını dəyişdi. Onun ölümü haqda ölüm kağızında astma xəstəliyi yazılıb. Mən də elə bununla kifayətlənmək istəyirəm. Ancaq ölüm belə mənim üstümə yağan tənələri dayandırmadı. Uzun bir müddət birinin axırına çıxan kimi xatırlandım...

 

Uzun müddət beləcə davam elədi.

 

Sonra oğlumu uşaq bağçasına qoydum, yenidən işə başladım. Jurnalist idim, həmişə də jurnalist kimi fəaliyyət göstərdim. Oğlumu heç vaxt xoş münasibət görmədiyim ərimin ailəsindən gizlətmədim. Görüşə icazə verdim. Oğlumun o ailəni tanımasını istədim, çünki böyüdükcə hansı sualları verə biləcəyini təxmin etmişdim.

 

Hazırda oğlumun 5 yaşı var. Onun üçün həyatda əsas anasıdı. Bunu hamı hiss edir. Elə mənim də həyatımın mənası işim və oğlumdu. Necə deyərlər, mən öncə insanam və o insanlığın da içində oğlum Tunar dayanır.

 

Zorakılıq bitdimi həyatımızda? Bitmədi. Mənə görə zorakılıq bu gün də var və daha da şiddətli hala gəlib. Bir insan, jurnalist olaraq da mən zorakılıqdan yox, onun bitməsindən yazmağı daha çox arzulayıram. Və bir gün bütün zorakılıqları yenmək ümidiylə,

 

 Aytən Fərhadova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4281
avatar

Oxşar yazılar