“Universitet yarandı”. 1919-cu ildə səslənən bu ifadə BDU-nun ilk rektoru V.İ.Razumovskinin dediyi kimi “Şərqlə Qərbin qovşağında alovlanan məşəl” kimi parladı! Bu - bir xalqın min illik arzusu kimi pöhrələnib ilk çiçəklərini açan ağaca bənzəyirdi! Bu ağac möhtəşəm bir nemət kimi böyüyəcək, yüz illərlə bu xalqa xidmət etmək edəcəkdi! Onun bağbanı, memarı, fəhləsi və ideoloqu olanlar- Məmmədəmin Rəsulzadələr, Nəsib bəy Yusifbəylilər, Fətəli xan Xoyskilər, Əlimərdan bəy Topşubaşovlar bu xidmətə görə tarixin daş yaddaşına yazılacaqlar! Ancaq bunlar hələ gələcəkdə olacaq və hələ ki, 1919-cu ildir! Birinci dünya müharibəsinin qoxusu çəkilməyib, imperiyanın paytaxtı Peterburqda fevral burjua inqilabı və oktyabr çevrilişləri baş tutub, dünya silkələnir, aclıq, səfalət, mövhumat, bir tərəfdə də bu tarixi məqamdan yararlanan müdrik insanların çox müdrik əməli: 1918-ci il mayın 28-də Azərbaycanı müstəqil dövlət elan etmək sevinci! Bu nəhayətsiz sevinci bəxş edənlər-yuxarıda adı çəkilən və çəkilməyənlər dövlətçiliyin atributlarını-milli pulu, gerbi, bayrağı, parlamenti, güc strukturlarını yaratmaqla, ölkənin beynəlxalq statusunu təmin etməklə bərabər, xalqın universitetini də yaratmaq iddiasındaydılar. Onlar - Avropanın qabaqcıl universitetlərində təhsil alıb ölkəyə qayıdanlar Universitetin xalq üçün nə demək olduğunu yaxşı bilirdilər, bu müdriklər siyasi uzaqgörənliklə hiss edirdilər ki, Dərbənddə eşidilən rus çəkmələrinin səsi bir gün gəlib buralarda işğalçılığını edəcək! Onda... Gümanlar düz çıxdı! Universitet böyük məşəqqətlərlə yaranandan cəmi 7 ay sonra-1920-ci ilin aprelində Rus ordusu bu dəfə qırmızı şinellərlə Azərbaycana girib bütün yaradılanların, arzuların, ümidlərin, sevinclərin üstündən xətt çəkdi - min əzabla qurulan dövlətçilik atributları da tarixin arxivində 70 illik həbs cəzasına məhkum edildi - növbəti müstəqillik arzuları cücərənə kimi... Yaradılanlardan ancaq bircəsi bu 70 ili yaşadı-böyük həqiqətləri gələcək nəsillərə ötürmək üçün-bu, Bakı Dövlət Universiteti idi! Yuxarıda adı çəkilən və çəkilməyənlərin böyük müdrikliklə və çətinliklə yaratdıqları, bunu İrəvanda yaratmaq istəyən ermənilərlə, 6-7 aydan sonra hakimiyyətə gəlməyi planlaşdıran və Universitet açılmasını da öz hökumətlərinin tarixinə yazmaq istəyən bolşeviklərlə, dünyəvi elmlərin öyrənilməsini kafirlik hesab edən yerli mövhumatçılarla, bu işə pul xərcləmək istəməyənlərlə və daha kimlərlə mübarizə apara-apara qura bildikləri Universitet 70 il, necə deyərlər, ayaqda durdu. Daş atanlar, ayağını dartanlar, başına min oyun açanlar çox oldu, 1930-da bağladılar, 37-də alimlərini güllələdilər, 41-də tələbələri qarışıq rektorunu müharibəyə - güllə qabağına göndərdilər, 4 dəfə adını dəyişdirdilər, ancaq qayəsini, əqidəsini, əsas missiyasını dəyişdirə bilmədilər: o, yaşayaraq milli ziyalı təbəqəsini formalaşdırdı, elmin, təhsilin bünövrəsini yaratdı, alimlər ordusu yetişdirdi, elmi məktəblər və ali təhsil şəbəkəsi qurdu, ən əsası isə - millətin ruhunu ölməyə qoymadı, müstəqillik illərinə qədər bu ruh ruhdan düşmədi!
Bu gün “Universitet nədir?” sualı önündə düşünərkən, bütün dünya durumu gözlərimin önündən keçir. O ölkələrdə ki, Universitetin tarixi qədimdir, onlar dünya mədəniyyətinin, dünya sivilizasiyasının beşiyi hesab olunurlar - Fransada Sarbonna, İngiltərədə Kembric kimi! Həmin ölkələrə dünyada baş verən ən böyük fırtınalar güc gələ bilmir- on illərdir zəif iqtisadiyyatına görə Avropa Birliyindən çıxarılmaq təhlükəsində olan, ancaq qədim Afina universitetinə malik Yunanıstan kimi! “Ərəb baharı” siyasətində Liviya, Suriya, İraq və başqa ölkələr alt-üst oldu, ancaq Misir ən sivil yolla bu mücadilədən çıxa bildi - böyük Qahirə Universiteti olduğuna görə! Dünyanın ən ağıllı adamlarından biri hesab edilən ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt deyib ki, ABŞ universitetləri ona görə qüdrətli deyillər ki, onlar dünyanın super dövlətinin universitetləridirlər, ABŞ ona görə super dövlətdir ki, onun qüdrətli universitetləri var.
Bu gün bizim Sarbonnamızda, bizim Kembricimizdə ilk dərs başlayan gündür - 97 il bundan əvvəl Bakı Dövlət Universitetində dərslər başlandı və necə deyərlər, Azərbaycan qatarı da yollara çıxdı! Yolun uğurlu olsun, qatarım!