İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə
İnternetin 1 saata kəsilməsini təsəvvür edirsiniz? İnsanların əksəriyyətinin həyatında internet dedikdə telefonla danışmaq, kompüter qarşısında iş başa düşülür. Sadə xalq üçün internet hələlik insani münasibətlərin fərqli bir məcrada axını ilə səciyyələnir. Artıq sosiallaşma fəaliyyətimizi internet üzərindən həyata keçirir, sosial şəbəkələrdə dostluqlar, işgüzar əlaqələr, hətta ailələr qurulur. İndi iş o həddə çatıb ki, evdar xanımlar belə məişətin idarə edilməsində internetin xidmətindən faydalanırlar. Evdəki paltaryuyan maşını, qaz plitəsini, kondisioneri, sobanı uzaq məsafədən işə sala və ya söndürə bilirlər.
Sənayedə isə informasiya və kommunikasiya texnologiyalarının tətbiq imkanları daha ciddi və sonsuzdur. Hətta iş o yerə çatıb ki, süni intellekt artıq insan ağlını üstələmək üzrədir.
İKT mütəxəssisi Röyal Şükürov Lent.az-a bildirib ki, həyat tərzimizi kökündən dəyişəcək növbəti texnoloji inqilabın astanasındayıq:
“Süni intellekt, robototexnika, əşyaların interneti (məişət cihazlarının və başqa digər əşyaların üzərinə quraşdırılmış proqram təminatları, sensorlar), 3D çap, 5G, kvant hesablamalar kimi yeni texnologiyalar sayəsində bioloji və rəqəmsal aləm bir-birinə inteqrasiya olub. Bir zamanlar xəyal dediyimiz çox şey gerçəyə çevrilib. İKT cəmiyyətin inkişafı üçün vacibdir, lakin yanlış əllərə düşərsə məhvi üçün də üçün böyük potensiala sahibdir”,- deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, dördüncü sənaye inqilabının çoxlu sayda yeni iş yerləri yaradacağı və ya əksinə robotların insanların işini əlindən alacağı müzakirə mövzusudur.
“Hətta Almaniya Federal Əmək və Sosial Məsələlər Nazirliyinin məlumatına görə, 2030-cu ildə əmək bazarının gələcəyi ciddi narahatlıq doğurur. Robotların vergiyə cəlb olunması bir neçə ildir müzakirə olunur. 2017-ci ildə Avropa Parlamenti robotların vergiyə cəlb olunmasını da nəzərdə tutan robotlar haqqında qanun layihəsini səsverməyə çıxarmışdı. Microsoftun qurucusu Bill Qeyts də robotlara verginin tətbiq edilməsi fikrini bəyənib. Hərçənd burda qazanan tərəf yenə istehsalçı, elə Qeytsin özü olacaq. Bəs nə üçün biz istehsalçı olmayaq?”,- deyə ekspert bildirib.
“Gələcək İz” şirkətinin təsisçisi, “Sky Life İndustry” şirkətinin rəhbəri, futuroloq Tural İismayılzadə Lent.az–a bildirib ki, onların tərəfindən hazırlanan layihələr müxtəlif çempionatlarda qalib olur.
“Beynəlxalq arenada çalışdığımız üçün yerli və xarici partnyorlarımız var. Onların sayəsində bizim startap xaricdə inkişaf edə bilir. Çox zaman layihələrimizdə öz adımız istifadə olunmur. Bu təəssüf doğursa da, bizi ruhdan salmır. Daha böyük zəfərlər üçün kiçik qurbanlar verməyi qəbul edirik. Mərkəzimizdə "SkyBee", "BiGardens", "LifeX", "Smart Azərbaycan Xəritəsi", "TechEvim" və "BirAna" layihələrinin ilkin mərhələsi uğurla tamamlanıb. Layihə çərçivəsində xalqımıza, dövlətimizə və insanlığa yararlı smart texnologiyalar qazandırırıq və bundan məmnunuq. Tezliklə "İnnovativ Azərbaycana Açıq Qapı Günü" keçirəcəyik. Maraqlananlar gəlib uğurlarımızı öz gözləri ilə görə bilərlər. Qərbə, texnologiyaları yüksək inkişaf etmiş ölkələrə çatmağımıza zaman lazımdır. Geridəyik. Lakin edə bilərik. Bunu bacaran mütəxəssislər az olsa da, belə kadrları yetişdirmək olar, potensialımız çoxdur. 2023-cü ildən etibarən bizim bütün layihələrimiz artıq xaricdə olacaq və tətbiqə başlayacaq. “SkyBee“ İnnovativ Texnologiyalar üzrə Avropa çempionatında mükafat qazandı. “Niyə özümüzdə tətbiq etmirik?” sualını çox soruşurlar, cavab verim, biz bu texnologiyalara tam hazır deyilik. Tutaq ki, hazırladığım texnologiya ağıllı fermada tətbiq olunmalıdır. Belə ağıllı ferma yoxdur. Hazırladığımız texnologiya kənd təsərrüfatı, enerji, nəqliyyat və bir çox sahələrdə tətbiq edilə biləcək. Layihələrimizi xaricə təklif edəndə daha çox maraq və dəstək görürük. Bizim iş adamları layihələrimizi qəbul etməyə hazır deyillər. Xarici və yerli iş adamlarına müraciət edərkən arada fərqin nə qədər çox olduğunu görürük”,- deyə Tural İsmayılov bildirib.
Azərbaycanda da İKT-nin inkişafı sahəsində addımlar atılır “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Məqsəd bu sahədə aparıcı ölkələr arasında ölkəmizin yer almasının təmin edilməsidir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Artıq Azərbaycanda süni intellekt, Big Data, əşyaların interneti və digər rəqəmsal texnologiyaların geniş tətbiqinə əsaslanan “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) layihələri reallaşdırılır.
Rəqəmli İnkişaf və Nəqliyyat Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində “Microsoft” şirkətinin dəstəyi ilə “Əşyaların İnterneti” laboratoriyası qurulub.
2013-cü il Azərbaycanda "İnformasiya kommunikasiya texnologiyaları ili" kimi qeyd edilib.
Azərbaycanda İKT sahəsində həyata keçirilən ilkin tədbirlərdən biri "Elektron hökumət" layihəsidir. Onun həyata keçirilməsində əsas məqsəd əhaliyə verilən xidmətləri və dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır.
Dünyanın gələcəyi süni intellektdən, müasir texnologiyalardan asılıdır. Xaricə beyin axınının qarşısını almaq üçün kadrlarımıza dəyər verməli, dəstək olmalıyıq. Bax o zaman məhsullarını “bəh-bəhlə” aldığımız, həsəd apardığımız o xarici ölkələr bizim nailiyyətlərimizə həsəd aparacaqlar.
Texnologiya əsrini deyil, özümüzü qabaqlayacağıq.
Yazı MEDİA-nın maliyyə dəstəyi ilə hazırlanıb