Vətən Müharibəsinin 14-cü günü: 10 oktyabrda nələr baş verdi?
10 oktyabr 2021 03:10 (UTC +04:00)

Vətən Müharibəsinin 14-cü günü: 10 oktyabrda nələr baş verdi?

 

10 oktyabr 2020-ci il. Müharibənin miqyasının genişlənməsi, Azərbaycanın işğal altında olan torpaqlarını arda-arda işğaldan azad etməsi Ermənistan və onun havadarlarını qeyri yollar axtarmağa vadar edirdi. Başda Fransa olmaqla müxtəlif ölkələr ölkəmizə təzyiq göstərməyə çalışır, Azərbaycanı öz haqq yolundan dayandırmaq üçün cəhdlər edirdilər. Lakin bu cəhdlərin mütləq bir nəticəsinin olmayacağı da bəlli idi. Azərbaycanın tək şərti vardı, Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarından qeyri şərtsiz çıxmalıdır.

10 oktyabr gecə saatlarında, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Moskvada baş tutan 10 saatlıq danışıqlardan sonra iki ölkənin Dağlıq Qarabağda atəşkəs barədə razılığa gəldiklərini və tərəflərin bundan sonra "substantiv" danışıqlara başlayacaqlarını bildirdi. Saat 08:00-dan etibarən isə hərbi əməliyyatlar dayandırılacaq, əsir və ölülərin mübadiləsi təmin ediləcəkdi.

Atəşkəs razılığına baxmayaraq Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutmaqda davam etdi. Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqladı.

Bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri məhv edilmişdi.

Saat 10:30-da Müdafiə Nazirliyi düşmənin daha bir zirehli tank bölməsinin darmadağın edildiyini göstərən videogörüntülər yayımladı.

Ermənistan isə yenə də dinc əhalinin yaşadığı Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini hədəf seçirdi.

Çox keçmədən qəti cavab tədbiri kimi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə məxsus S-300 zenit raket sistemini məhv etdi. Ermənistan ordusunun bütün havadan müdafiə sistemini yönəldən və Xocalıda yerləşən ən bahalı radilokasiya stansiyası darmadağın edildi.

Saat 12:00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi.

Müdafiə Nazirliyi isə atəşkəs rejimini pozan düşmənin zirehli texnikasının və növbəti artilleriya qurğularının məhv edildiyini göstərən videogörüntülər yayımladı.

Saat 12:30-da Ermənistan silahlı qüvvələri yenidən Tərtər və Ağdam rayonlarının ərazisini atəşə tutdu.

Ermənistan ordusu günorta saatlarında atəşkəs rejimini pozaraq, Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərdi. Cəhdlərin qarşı alınarkən baş vermiş döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 1 artilleriya batareyası, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edildi.

Saat 18:30-da isə yenidən atəşkəs rejimini pozmaq məqsədi ilə düşmənin atəş nöqtələrinə çıxarılan ağır artilleriyası Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edildi.

Bunun ardınca Müdafiə Nazirliyi düşmənin döyüşə hazır vəziyyətə gətirilən zenit-raket komplekslərinin məhv edildiyini göstərən videogörüntülər yayımladı.

Saat 20:00-da atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini və Tərtər rayonunu müntəzəm olaraq atəşə məruz qoydu. Nəticədə bir nəfər Ağdam rayon sakini həlak oldu.

Ordumuz cəbhədə düşməni dəmir yumruqla əzdikcə, onlar dinc əhalini hədəf seçirdi. Amma bu, 30 illik həsrətdən sonra bizi dayandıra bilməzdi. Çünki biz hər şeyə hazır idik. 30 il məhz bu gün üçün hazırlanmışdıq. 30 gündən sonra isə arzuladığımız xəbəri alacaqdıq. Qələbə xəbərini.

# 2307
avatar

Oxşar yazılar