Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqaqməti üzrə
Elmi-texniki inqilablar dövrünü yaşayırıq. İndi güclü ölkələr ərazisi və əhali sayı çox olanlar deyil, güclü iqtisadiyyatı və elmi texniki tərəqqiyə nail olanlar sayılır. Hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı, gələcək potensialı ilə birbaşa bağlıdır Elmə güvənərək Cənubi Koreya öz şimal qonşusunu qat-qat geridə qoyaraq, dünyaya müasir texnologiyalar satan, Sinqapur beyin mərkəzinə çevrilir. Çin yenidən qüdrətli bir dövlət olmaq yolunda irəliləyir. Dünya ölkələrini öz texniki tərəqqiisi ilə az qala 50-100 il qabaqlamış Yaponiya ilə bağlı xatirələrini danışan pedaqoqlarımızdan biri belə xatırlayır:
“Bu ölkəyə səfər zamanı ölkəmizdə elmə, biliyə yüksək qiymət verildiyini dedim. Hətta elm və müəllimlər günü kimi xüsusi günlərin olduğunu da qeyd etdim. Yaponiyalı müəllimlər bu sözlərimi təbəssümlə qarşıladılar və onlarda müəllimlər günü olmadığını dedilər. Təbəssümün mənasını çox sonra anladım. Məni müşayiət edən müəllimlərdən biri ilə mağazaya girdik, alış-veriş etdi. Sonda müəllim vəsiqəsini göstərincə ona aldığı məhsullarda 50 faiz güzəşt tətbiq olundu. Bəzi məhsulları isə ümumiyyətlə pulsuz aldı. Bu ölkədə müəllimə verilən dəyər bu qədər böyükdür”. Nə üçün müəllim? Çünki elmin mənbəyi, qaynağı, ötürücüsü onlardır.
Müasir dövrdə bütün sahələri əhatə edən inkişaf proqramları tətbiq edilir. Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının qəbulu və uğurlu tətbiqi ölkənin güclənməsi baxımından çox vacib amildir. Ölkəni dünyanın elm-mədəniyyət beşiyinə çevirə biləcək proqramların hazırlanması xüsusi beyin mərkəzləri tərəfindən həyata keçirilməlidir. Onların gördüyü iş növbəti onilliklərdə bütöv nəsillərin necə formalaşmasına xidmət edəcək. Məhz bu səbəblə həmin proqramların hazırlanması dövlətin prioritetinə çevrilməlidir.
Məsələ ilə bağlı Lent.az-a danışan fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun fikrinə görə, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması məsələsindən danışarkən ilk növbədə bir neçə suala cavab verilməlidir.
“Öncə bizə hansı təhsil lazımdır sualına cavab tapmalıyıq. Təbii ki, həyatda praktiki surətddə tətbiq edə biləcəyimiz faydalı təhsil. Bizə faydalı təhsil lazımdırsa, biz onu hansı formada əldə etməliyik? Şərq və Qərb mədəniyyətlərinin araşdırılması nəticəsində əldə olunan nəticə belədir. Heç bir cəmiyyət təhsilsiz inkişaf etmir. Dünyanın ən inkişaf etmiş ölkələrində -Yaponiyada, Kanadada, Amerikada təhsilə xüsusi önəm verilir.Əgər meyar inkişafdırsa, onların metoduna nəzərə salaq. ABŞ-da bir professorun əmək haqqı bəzən illik 1milyon dollara çatır, onun yazdığı kitab dünyanın 30-40 dilinə, o cümlədən Azərbycan dilinə tərcümə olunur. Deməli, təhsil həm də gözəl maliyyə əsası ola bilər. Azərbycanda son 30 ildə xalq arasında yayılmş bir fikir var, elmdə pul yoxdur. Faydalı təhsil eyni zamanda sosial rifaha xidmət etməlidir. Faydalı təhsili necə alaq? Biz buna inanırıq ki, təhsil vacibdir amma öyrənmə metdodunu bilmirik. Təhsili asan təqdim edən müəllimdən almalıyıq. O müəllim ki, tədrisin dilini qəlizləşdirir, tələbəni əzab-əziyyətə salır, deməli onun tədris metodikası səhvdir. Bunu necə anlamaq olar? Dünya ölkələri ilə müqayisə eləməklə. Dünynın inkişaf etmiş ölkələrində tədris metodikasını asanlaşdıran üslublar təqdim edilir, öyrənilir və tətbiq olunur. Hətta Harvardın professoru Maykl Sendlinin çıxışlarına adi insanlar gəlib qulaq asır, öyrənirlər. Siyasi filosofdur. O qədər asan, anlaşılan danışır ki, onu istənilən şəxs rahatlıqla anlayıb, söz acdığı mövzu barədə fikir sahibi ola bilir. Asan, anlaşılan danışmaq, məzmunsuz danışmaq deyil. Ola bilər bir adam sadə bir mövzunu qəliz danışsın və ya dərin məzmunu çox sadə, anlaşılan dillə danışsın. Ağır terminlərdən istifadə etməklə həmin sahəyə marağı olan, öyrənmək istəyən insanları özündən uzaqlaşdırmaq olar. Terminlərdən istifadə həmin elmə tam yiyələnmək deyil. Bu həm tədrisdə, həm dərs kitablarının, elmi vəsaitlərin yazılmasında önəmli faktordur”, - deyə alim qeyd edib.
Bəs elmin kütləviləşdirilməsi nə deməkdir? Suala cavab verən Mail Yaqub qeyd edib ki, elm universitet auditoriyalarından çıxıb insanların həyatına daxil olmalıdır.
“Son 30 ildə internetin və kommunikasiyaların inkişafı nəticəsində biz dünyanın ən ucqar nöqtəsində belə oturub dünyanın ən nüfuzlu universitetlərində dərs deyən alimlərin çıxışlarını, dərslərini izləyə bilərik. Bu elmin kütləviləşdirilməsidir. Elmin kütləviləşdirilməsi vacibdir, o, abstraktlıqdan çıxarılmalı, konkretləşdirilməlidir. Məsələn, ədəbiyyat nəzəriyyəsi üzrə professor olan bir müəllim ədəbiyyatın praqmatik cəhətlərini sadə insanlara izah etməyi, sevdirməyi bacarmalıdır. Yoxsa, ədəbiyyat abstrakt bir məfhum kimi qalacaq. Həmçinin psixologiya, sosiologiya, fəlsəfə barədə də bunu demək olar. Deyə bilərsiniz ki, tibb, hüquq, mühəndislik kimi bəzi sahələr kütləviləşdirilə bilməz. Onun da bir yolu var. Azərbaycanda gözəl tibb mütəxəssisləri var ki, onlar efirlərdə danışanda insan həzz alır, dinlədikcə dinləmək istəyirsən. Elmin kütləviləşdirilməsində əsas məsuliyyət müəllimlərin öhdəsinə düşür. Adi insanlar özlərinə əziyyət verib gəlib bu elmləri əxz etməyəcəklər, biz bunu etməli, onlara əl uzatmalıyıq. Bu müəllimlərin. Elm adamlarının borcudur”, - deyə Mail Yaqub vurğulayıb.
Təhsil eksperti Kamran Əsədli Lent.az-a bildirib ki, ən böyük təbliğat vasitəsi olan telekanallarda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması sahəsində problemlər var. Bu tip proqramlar hazırlanarkən Azərbayan reallıqları nəzərə alınmalı, milli ideyalara üstünlük verilməlidir.
“Məlum məsələdir ki, bir çox verilişlər, layihələr hazırlanarkən xarici telekanallardakı proqramlara bənzətmələr edilir və ya həmin layihələr alınır. Milli ruh önəmlidir. Elmi-kütləvi proqramların sayının yetərli olmadığını da vurğulamaq istərdim. Günün hansı saatında televizoru açsan, mətbəx və ya ailə qalmaqallarından bəhs edən proqramlar qarşıına çıxır. Amma televiktorinalar, elmi müsabiqələr, öyrədici verilişilərin sayı azdır. Təhsillə bağlı proqramlar hazırlanarkən mütəxəssisləri cəlb etmək, işıqlı ideyalara açıq olmaq, xüsusilə müxtəlif yaş qruplarını nəzərə almaq lazımdır. Reytinq ardınca qaçmaq bu məsələdə böyük yanlışlara, geri dönüşü olmayan xətalara səbəb olacaq. AMEA hərəkətə keçməli, telekanallara layihələr təqdim etməlidir. Bu layihələrin hamısı tətbiq olunmasa belə, onlardan yararlanmaq olar”, - deyə ekspert vurğulayıb.
Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb