““Buta” klinikasının həkimi, cərrah uroloq-androloq Araz Bayramovun səhvi, məsuliyyətsizliyi üzündən hazırda həyat yoldaşım Anar Gözəlovun beyni 3 yaşlı uşağın beyni kimidir. Araz Bayramovun bir insanın, ailənin, uşağın həyatını məhv edən əməliyyatının nəticələrinin düzgün qiymətləndirilməsini istəyirəm”.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında tanınmış telejurnalist Günel Gözəlova deyib.
O bildirib ki, həyat yoldaşının böyrəyində dəhşətli ağrı və sancı olduğundan 2020-ci ilin oktyabr ayında müayinə üçün həkim Araz Bayramova müraciət ediblər: “Həkimə müraciət edəndə onun böyrəyində mərcanvari urad-oksalat daş olduğu bildirilib. Araz Bayramov əvvəlcə kurs müalicə yazdı və bir müddət sonra Anarın əməliyyat edilməli olduğunu bildirdi. Fevralın 6-da “Buta” klinikasında həyat yoldaşımdan qan analizləri götürülüb. Həmin klinikada ötən ilin noyabr ayında da Anarın qan analizləri götürülmüşdü. Hər iki qan analizlərinin göstəricilərinə görə, əslində Anarı həmin dövr üçün əməliyyat etmək olmazdı. O, planlaşdırılmış əməliyyata hazır olmayıb. Anarın qanında trombositlərin, şəkərin, xolesterinin və digər bu kimi maddələrin miqdarı həddindən çox olub. Amma cərrah Araz Bayramov bununla bağlı bizə heç nə deməyib, əməliyyatdan imtina etməyib. Hansı ki, bu problemləri istər cərrah, istər endokrinoloq, istər anestezioloq çox ciddi nəzarətə götürməliydi. Xəstənin böyrəyi həddindən artıq kəskin ağrısa da, bu məlumatlar bizə deyilməliydi. Çünki istənilən halda böyrəksiz yaşamaq olur, ancaq başsız, beyinsiz yaşamaq olmur. Bu gün həyat yoldaşım özünü düzgün idarə edə bilmir, nitq qüsurludur, bir sözlə, həyat yoldaşım hazırda üzvi mənşəli şəxsiyyət pozuntusu yaşayır. Hansı ki, bu diaqnoz hələ Anarın indiki vəziyyətinə qoyulub. Mənim yoldaşım əməliyyatdan sonra nə danışa bilirdi, nə anlaya bilirdi. Ümumiyyətlə, nitqi demək olar ki, yox idi. Bütün bunlar 18 fevral tarixində “Buta” klinikasında Araz Bayramovun etdiyi əməliyyatdan sonra yaşanıb. Amma Araz Bayramovun dediyinə istinad etsək, əməliyyat 5 saat 40 dəqiqə çəkib, əməliyyatı anestizioloq da, endokrinoloq da, hətta Araz Bayramovun özü də düzgün idarə edib. Bu doğrudursa, bəs nəyə görə bu gün mənim yoldaşım bu vəziyyətdədir, nəyə görə şikəstdir?! Nəyə görə mənim yoldaşım ikitərəfli beyin infarktı ilə əməliyyatdan ayrılıb?! Xəstəni saat 09:00-da əməliyyata salmışıq, saat 6-ya qalmış hələ də xəstə əməliyyatdan çıxmamışdı. Uzunmüddətli əməliyyatın nəticəsi olaraq Araz Bayramov əlində ancaq bir kisə daş gətirdi və dedi ki, “perkutan üsulla etdiyimiz əməliyyatın nəticəsi əladır”. Amma heç kəs əməliyyat zamanı fərqində olmayıb ki, xəstənin beynini, sinirlərini darmadağın ediblər. Mən sonradan ölkənin müvafiq qurumunda həmin daşları analiz etdirdim. Analizin nəticələrinə görə, bu, çox ağır daş olub və belə daşları “Perkutan” üsulla əməliyyat etmək düzgün sayılmır. Çünki daşı “Perkutan” üsulla əzməyə çalışırlar, bu zaman şəkəri və təzyiqi olan xəstədə həmin göstəricilər daha da yüksəlir. Əməliyyat bitdikdən və Anar anesteziyadan ayılandan sonra mən onun yanına getdim və vəziyyətinin yaxşı olmadığını gördüm. “Buta” klinikasında baş tibb bacısı Dilarə xanıma bu barədə dəfələrlə dedim, o isə məni bu halın əməliyyatdan sonra normal olduğuna inandırmağa çalışdı. Daha sonra yoldaşımı yatırtdılar, onu videoya çəkdim və məni də yola saldılar ki, “saat 11-də zəng edin, sizi yoldaşınızla danışdıracağıq, sabah isə gəlib yoldaşınızı sadəcə çıxararsınız”. Axşam saat 11-də zəng etsəm də, Anarla heç nə danışa bilmədim, çünki o, danışa bilmirdi, rabitəsiz, heç nə anlaşılmayan sözlər deyirdi. Hətta Anar telefonu da tuta bilmirdi”.
G. Gözəlova bu qədər ağır əməliyyatlar keçirən klinikanın şəxsi nevropatoloqunun olmamasına da diqqət çəkib: “Bu, qanunsuzdur. Çünki bütün xəstələr əməliyyatdan öncə də, sonra da mütləq nevropatoloq müayinəsindən keçməlidir. Nevropatoloqu kənardan çağırdılar, o xanım gələndən sonra ilkin müdaxilə başlanıldı. Bir sutka sonra - fevral ayının 19-da mənə yoldaşımı görməyə icazə vermirdilər. Daha sonra Şəlalə xanım (red.- Araz Bayramovun köməkçisi) mənə Araz Bayramovun səhər yoldaşıma baxdığını və saat 4-dən sonra evə buraxacaqlarını yazdı. Epikrizdə isə yazırlar ki, Anar əməliyyatdan 12 saat sonra bu vəziyyətə düşüb. Yalan yazırlar. Anarı 12 saat sonra Araz Bayramov özü gəlib görüb, əməliyyatdan sonra isə onu orada hamı görmüşdü. Araz Bayramov necə uroloq cərrahdır ki, əməliyyatın risklərindən xəbərsizdir. Xəstəyə bir sutka sonra nevropatoloq diaqnoz qoymalı deyildi. Bizə əməliyyat öncəsi ölüm riski ilə bağlı kağıza qol çəkdiriblər. Orada ümumiyyətlə beyin insultu, infarkt kimi risklər qeyd edilməyib. Sadəcə böyrək, qanaxma və s. risklər qeyd edilib”.
Günel Gözəlova həmin vaxt atasına da onkoloji xəstəliklə bağlı diaqnoz qoyulmasından, vəziyyətinin ağırlığından, hadisələrin ikisinin də eyni həftədə baş verməsindən də danışıb: “Buna görə ağlım başımda deyildi, hadisələrə adekvat cavab verə bilmirdim. Mən özüm də anlaqlı durumda deyildim. Əmin idim ki, həkim məni aldatmaz, bu riski gözə almaz. Çünki söhbət insan həyatından gedir. Amma aldatdılar. 43 günə yaxın biz o xəstəxanada yatdıq və o zaman oradakı işçilərdən öyrəndim ki, köməkçi uroloq-androloq cərrah Vüqar İbrahimov fevral ayının 19-da Anarın vəziyyətinin kritik olduğunu, beynində problem ola biləcəyini desə də, Araz Bayramov bunu nəzərə almayıb. Onlar bizi başlarından etməyə çalışırdılar ki, xəstə ölsə də evdə ölsün və klinika məsuliyyəti üzərinə götürməsin. Amma mənim təkidim nəticəsində buna nail ola bilmədilər. Mən Anarın vəziyyətinin yaxşı olmadığını görürdüm. Fevralın 27-dək biz xəstəxanada qaldıq. Həmin gün Anar ayağa qalxmağa başladı. Amma buna baxmayaraq, nitqi, davranışları düzəlməmişdi. Klinikada da məni inandırmağa çalışırdılar ki, Anar artıq düzəlir. Başqa bir klinikadan nevropatoloq xanım gətirmişdilər. Mən bu gün Anarın həyatını ona borcluyam, hansı ki, Araz Bayramov bu gün bütün günahları onun üstünə atmağa çalışır. O xanım mənə təkidlə MRT müayinəsinin vacib olduğunu və yoldaşımın vəziyyətinin ağır olduğunu dedi. Nə qədər təkid etsək də, bunu etmirdilər. Həmin xanım nə qədər desə də, Anarı MRT yox, KT etdirmişdilər. Bunu mənim özüm etməyim isə mümkün deyildi. Çünki Anara katetr qoşulmuşdu və hələ də ordan qan gəlirdi. Xəstəni özbaşına ayağa qaldırmağımız mümkünsüz idi. Həmin klinikada MRT müayinəsi olmadığına, Araz Bayramovun xəstəyə məsuliyyətsiz yanaşmasına görə biz yalnız fevralın 27-si MRT müayinəsi edilməsinə nail olduq. “Baku City Hospital”da edilən MRT-nin nəticəsi göstərirdi ki, əməliyyat zamanı Anar işemik, hemorragik insult keçirib. Belə ki, onun beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol yarımkürəsində nitq və dərketmə bazası zədələnib. Yəni, Anar əməliyyat zamanı ikitərəfli beyin infarktı keçirsə də, Araz Bayramov bunu bilməyib. MRT nəticəsindən sonra Araz Bayramov fevralın 27-si bizi klinikadan çıxardı. Həmin dövr isə koronavirus tüğyan edirdi, dövlət xəstəxanalarının əksəriyyəti COVİD-19-a ayrılmışdı. Biz 3 gün xəstəxana axtardıq. Digər tərəfdən atama həkim 3 ay ömür qoymuşdu. Mənəvi olaraq çökmüş durumdaydım. Bu dönəmdə yoldaşımı heç bir dövlət xəstəxanasına yerləşdirə bilmədim. Araz Bayramov mənə təklif etdi ki, Anarı Mirqasımov adına Respublika Klinik Xəstəxanasına (“Respublikanski”) yerləşdirək. Ancaq mən buna razı olmadım. Kliniki Tibbi Mərkəzə yerləşdirmək istəsəm də, bu, mümkün olmadı. Axtarışlardan sonra Biləcəri rayonunda Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının direktoruna müraciət etdim. Hamı bildirirdi ki, MRT-nin cavablarına görə, adamın ayaq üstə olması və gəzməsi möcüzədir. Bu, məni daha da qorxudurdu. Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 6 saylı xəstəxana xəstə yanına girişə icazə vermirdi. Buna görə mən Anarı bu xəstəxanaya da yerləşdirə bilmədim, çünki o, özünü idarə edə bilmirdi, yanında yaxını olmadan onu tək buraxmaq olmazdı. Digər özəl xəstəxanaları araşdırdım, onların heç biri mənim cibimə uyğun deyildi. Bilirsiniz ki, həmin vaxt mən artıq işdən çıxmışdım, baş verən hadisədən sonra yoldaşım da işləmək gücündə deyildi. Mənim iki ağır xəstəm var idi və maddi imkanlarım çox aşağıydı. Mən yenidən Araz Bayramova müraciət etdim və Anarı yenidən “Buta” klinikasına yerləşdirmək istədiyimi dedim. Bu zaman o, bunu qəbul etdi. Hətta dedi, kənardan həkimlər gətiriləcək, dərmanları alınacaq. Mart ayının 3-də Anarı yenidən “Buta”ya apardıq. Martın 20-dək Araz Bayramov vergidən yayınmaq üçün Anarı qeydiyyata salmırdı. Martın 20-də mən güclə yoldaşımı orada qeydiyyata saldıra bildim. Araz Bayramov və digər həkimlər martın 3-dən aprelin 2-dək bizim problemimizə çox səhlənkar yanaşırdı. Anara düzgün olmayan qidalar verirdilər və mən xəstəxanaya gələndə görürdüm ki, onun təzyiqi də, şəkəri də qalxıb. Məlum oldu ki, onlar qanda şəkərin miqdarı çox olan, təzyiqi yüksək olan adama borş, şəkərli mannı, ağ çörək və bu kimi pəhriz olmayan yeməklər verirlər. Bundan sonra mən o yeməklərdən də imtina etdim və özüm ona pəhriz yeməkləri apardım. Həkimlərin hamısını şəxsən mən özüm və bizim jurnalist dostumuz İlhamə Bədəlova gətizdirirdi. Uzun zaman Araz Bayramov mənim mesajlarıma baxmırdı, cavab vermirdi”.
Günel Gözəlova həyat yoldaşının indiki durumundan danışıb: “Bu gün Anar canlı meyitdir, beyni iflic olub. Yoldaşım əməliyyata qədər iqtisadçı olub, “ASG Business Aviation” MMC-nin Logistic and Supply filialında şöbə müdirinin müavini vəzifəsində çalışıb. Bu günə qədər Anara 7-dən çox nevropatoloq, hematoloq baxıb. Hamısı qan analizlərində riskin olduğunu deyir. Sonuncu qan analizində Anarın acqarına şəkəri 190.8 göstərir, halbuki bu göstərici maksimum 110 olmalıdır. Qanda trombisitin miqdarı ilk analizdə 450, daha sonra 470 çıxıb. Araz Bayramov bu nəticələrlə Anarı əməliyyat edib və nəticə göz önündədir”.
G. Gözəlova diqqətə çatdırıb ki, Anara baxmaq üçün başqa klinikalardan gələn bütün həkimləri öz hesabına gətirib, Araz Bayramov bu proseslərin heç biriylə maraqlanmayıb: “Hətta “Buta” klinikasında qaldığı müddətdə Anara çox laqeyd, məsuliyyətsiz yanaşma göstərilirdi. Bir nüansı qeyd edim. Mən evə getdiyim vaxtlar olurdu. Çünki qızım Dəniz də evdə tək idi. Bu zaman xəstəxanada bir adam Anara baxmırdı, maraqlanmırdı, hansı ki, həmin dövrdə Anarı tək qoymaq olmazdı. Anar bir dəfə 3 saatdan artıq tək qalanda pəncərəni açmışdı və qızdırması qalxmışdı. Anarı müayinə edən nevropatoloqlar bildirdi ki, bu, növbəti insultun göstəricisi ola bilər. Həmin an mənim durumumu anlaya bilirsinizmi?!
Digər tərəfdən Anar böyrəyindən əməliyyat olunmuşdu, onun böyrəyini ultrasəs müayinəsi etmək lazım idi. Amma onlar bunu da etmirdilər. Orada çalışan və bunu etmək istəyən endokrinoloqa Araz Bayramov ikitərəfli beyin infarktı keçirən, özünü düzgün idarə edə bilməyən ağır xəstənin yanında qışqırırdı. Bununla da bitmir. “Buta” klinikasında mart ayının 20-21-də bayram elan etdilər. Baş tibb bacısı Dilarə hamıya tapşırmışdı ki, heç kəs işə gəlməsin. Onlar Anarın vəziyyətini nəzərə almırdılar. Elə ağır xəstə yatan xəstəxanada heç kim işə gəlməyəcəkdi. Anara həmin vaxt ağır sistemlər köçürülürdü. Mən o sistemləri evdə tibb bacısına etdirə bilməzdim. Çünki həm də buna maddi imkanlarım çatmırdı. Bunların məqsədi bizi klinikadan çıxarmaq idi. Onların heç birini Anarın durumunun nə qədər ölümcül olduğu maraqlandırmırdı. Bilmirəm yaşadığım bu stressə görə məni 5 il sonra hansı xəstəliklər gözləyir. Övladım həftələrlə danışmadı, yemək yemədi, xəstələndi”.
G. Gözəlova iyul ayının əvvəlində Araz Bayramovu məhkəməyə verdiyini bildirib: “Artıq iyul ayının əvvəlində bu məsələnin məhkəməyə verilməli olduğuna qərar verdim. Çünki aprel ayının 2-dən sonra Araz Bayramov məni müxtəlif formalarda başından etməklə məşğul idi. Hətta hematoloqum mənə dedi ki, Anarın qanını müalicə edək. Qan analizləri 215 manat idi və bu, mənim üçün çox baha idi. Mən Araz Bayramova müraciət etdim, çünki həmin vaxt onu ödəməyə pulum yox idi. Amma Anarın növbəti insultu keçirməməsi üçün bu müalicə çox önəmliydi. Araz Bayramov guya Fransada təhsil almış öz həkim yoldaşlarıyla məsləhətləşdiyini və bu analizlərə ehtiyac olmadığını mənə dedi. Ondan sonra hematoloqla danışanda o, mənə ciddi risk aldığımı bildirdi. Çünki mənim yoldaşım artıq şikəst olmuşdu, artıq biz onun növbəti mərhələdə insult keçirməsinin qarşısını almalıydıq. Bizim üçün ən dəhşətli günlər idi. Çünki trombositlərin miqdarı aşağı düşmürdü. Trombofiliyaya genetik meylliliklə bağlı analizləri verdik və məlum oldu ki, Anarda bu var. Bunu Araz Bayramova dedim. O da orda-burda yoldaşımın qan xəstəsi olduğuyla bağlı danışıb. Əgər mənim yoldaşım qan xəstəsiydisə, niyə sən bunu əməliyyatdan öncə verilən qan analizlərində görməmişdin, niyə onu əməliyyata almışdın?! Aprelin 9-da aparılan qan analizinin nəticəsini bu gün o mənə qarşı istifadə etməyə çalışır. Deyir ki, mən onu əməliyyata məcbur etmişəm. Bir cərrahı öz klinikasında əməliyyata necə məcbur edə bilərəm?!”.
G. Gözəlova bu məsələnin ədalətli şəkildə həll ediləcəyinə əmin olduğunu bildirib: “Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokurorluğa, daxili işlər nazirinə, səhiyyə nazirinin müavininə, dövlət təhlükəsizlik xidmətinin rəisinə məktub yazmışam. Həmən məktublara anında reaksiya verilib. Məktublar Baş Prokurorluğa göndərilib. Baş Prokurorluq da məktubların cavablarına uyğun olaraq işi Nərimanov Rayon Prokurorluğuna göndərib. Artıq Nərimanov Rayon Prokurorluğunda məhkəmədən əlavə iş üzrə araşdırma da başlanılıb. Mən inanıram ki, bir ailənin, bir insanın həyatını məhv edən klinika və məsul şəxslər cəzalandırılacaq. Məhkəmənin artıq birinci iclası keçirilib, iyulun 27-nə növbəti iclas təyin edilib. Bu məsələnin ədalətlə həll olunmasını istəyirəm. Mən zatən mənən məhv olmuşam, çəkdiyimi çəkdim, yaşadıqlarımı yaşadım. Mən sadəcə istəyirəm ki, bundan sonra heç bir Dəniz atasız qalmasın”.
G. Gözəlova nəzərə çatdırıb ki, aylarla onunla, həyat yoldaşıyla maraqlanmayan Araz Bayramov artıq məhkəmədən imtina etmək üçün pul təklif edir: “Araz Bayramov son günlər peyda olub və jurnalist dostlarım vasitəsilə mənə söz göndərir, pul təklif edir. Bu nə deməkdir?! Anar artıq avqust ayının sonunda əlilliyə gedir. Mən yoldaşımın sağlamlığını itirdim. Bu gün mənə dövlətimin müvafiq qurumlarının, məhkəmə sisteminin, Baş Prokurorluğun bu məsələni ciddi araşdırması lazımdır. Eyni zamanda mən dostlarımın dəstəyinə ehtiyac duyuram. Bu məsələnin ört-basdır edilməsinə yol verilməsin. Araz Bayramovun bir insanın həyatı bahasına başa gələn bu məsuliyyətsiz əməliyyatının nəticələri düzgün qiymətləndirilsin. Bundan sonra heç bir Dəniz atasız qalmasın. Bu gün Dənizin atası artıq onun dostu deyil. Dəniz artıq ata qayğısından məhrumdur. Hətta indiki durumunda Anar öz övladıyla çox sərt, kobud, düşmən kimi davranır. Bunu görmək çox çətindir...”.
Anar Gözəlovun əməliyyatını həyata keçirən “Buta” klinikasının həkimi, cərrah uroloq-androloq Araz Bayramov G. Gözəlovanın ittihamlarına cavab verib.
A. Bayramov APA-ya açıqlamasında bildirib ki, ona qarşı irəli sürülən əsassız və qanunsuz ittihamdır: “Fransada və vətənimdə çalışdığım illər ərzində Avropa Uroloqlar cəmiyyətinin konqreslərində Anar Gözəlov üzərində etdiyim “perkutan nefrolitotomiya” əməliyyatının Azərbaycanda əldə etdiyimiz nəticələri haqda elmi çıxışlarım var. İttiham olunan əməliyyat da Avropa Uroloqlar Cəmiyyətinin protokolu üzrə həyata keçirilib. Əməliyyatdan 5 ay öncə sidik axarı daşının kəskin ağrıları ilə gecə saatlarında mənə müraciət edib və təmənnasız olaraq dərman müalicəsi tövsiyəmlə sidik axarı daşını salıb, çox məmnun qalıb. Ötən ilin oktyabrında bizə müraciət edib və müayinəmiz zamanı mərcanvari, çox iri ölçülü böyrək daşı və 3-4-cü dərəcə hidronefroz aşkarlanıb. Kəskin əlamətləri olmasına baxmayaraq, Anar Gözəlovu dərhal əməliyyata götürmədik və dərman müalicəsi təyin etdik. Sonradan o, ötən ilin dekabrında koronavirus xəstəliyinə tutulub. Fevralın 6-da olan sonrakı görüşümüzdə kəskin böyrək ağrıları və sidikdə qan əlamətləri ilə müraciət edərək təkidlə əməliyyat olunmasını istədilər. Əməliyyatönü müayinələr və əməliyyat Avropa və Amerika Uroloqlar Cəmiyyətinin protokolları əsasında aparılıb. Bu günə kimi eyni şəkər və trombosit göstəriciləri olan pasientlərdə “perkutan nefrolitotomiya” əməliyyatı heç bir fəsad olmadan tərəfimizdən həyata keçirilib və konqreslərdə ingilis dilində təqdimatları olub. Anar Gözəlovun da böyrək daşı əməliyyatı heç bir fəsad olmadan ideal səviyyədə həyata keçirilib”.
A.Bayramov Anar Gözəlovun qan analizlərinin nəticəsinə baxmayaraq, onu əməliyyat etməsini səbəblərini açıqlayıb: “Anar Gözəlovda şəkər və trombositlərin göstəriciləri kliniki protokollara əsaslanaraq yüksək hesab olunmur. Protokollar əsasında bu analiz nəticələri adı gedən əməliyyat üçün heç bir əks göstəriş sayılmır. Xəstə həm əməliyyat günü, sabahısı və digər klinikada yatdığı günlərdə daim yoxlanılıb. Axşam saatlarında bitən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti keçirtdiyi əməliyyata və aldığı narkoza tam uyğun olub. Gecə saatlarında xəstə yatdığına görə növbəti gün təkrar yoxlandıqda danışığındakı qeyri adekvatlığı sezilmiş və dərhal nevropatoloqun göstərişi ilə beyin KT-i edilib, beyində xroniki işemik insult ocaqlarının və birinin də yarımkəskinləşməsi aşkar olunub ki, bu problemlə əlaqəli bütün lazımi tədbirlər və müalicələr edilib”.
A. Bayramov Günel Gözəlovaya pul təklif etməsiylə bağlı iddialara da münasibət bildirib: “Günel Gözəlova və onun həyat yoldaşı Anar Gözəlov klinikada VİP otaqda təmənnasız olaraq həftələrlə yatdığı müddətdə də onlara yüksək səviyyədə diqqət və qayğı olunub. O cümlədən əməliyyatla əlaqəsi olmayan vitamin D, şəkər xəstəliyi ilə əlaqəli və o cümlədən çətin tapılan nevroloji dərmanlarına kimi öz hesabıma təmin etmişəm. Həmçinin keçirtdiyi böyrək əməliyyatı ilə heç bir əlaqəsi olmayan, xroniki işemik insult ocaqlarının yarımkəskinləşməsi səbəbi ilə xəstədə yaranmış nevroloji vəziyyətə görə KT, MRT kimi müayinələr öz hesabıma edilib, Anar Gözəlovun klinikada VİP otaqda qaldığı və klinikadan çıxdıqdan sonrakı evinə çatdırılan dərmanları daxil ümumi smetası 4000 manatı keçib. Problemin uroloji, yəni bizim əməliyyatla heç bir əlaqəsi olmamasına rəğmən mənim pasientim olduğu və Günel Gözəlovanı ailəvi tanıdığımız üçün və həmçinin atasının xərçəng xəstəsi olması və müalicəsini özü təmin etdiyi üçün maddi imkanının yaxşı olmamasını nəzərə alaraq yaranmış nevroloji problemi ilə əlaqəli xərcləri təmənnasız olaraq öz hesabıma çəkmişdim. Buna baxmayaraq araşdırmadan məni günahlandırdığına, telefonlara cavab vermədiyinə görə dostlarının köməkliyi ilə üzbəüz görüşüb məsələyə aydınlıq gətirmək istəyirdim. Bir sözlə, “mərdi qova-qova namərd etməyin”.
Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlik tərəfindən məsələ ilə bağlı "Buta" Klinikasının rəhbərliyinə müraciət olunub. Araşdırma yekunlaşandan sonra nəticəsi barədə həm şikayətçiyə, həm də nazirliyə məlumat veriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən də APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Günel Gözəlovanın qeyd olunan müraciəti əsasında Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. Vurğulanıb ki, araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin olunacaq.