Əməliyyatdan video paylaşan həkimlə bağlı RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
05 iyun 2025 12:19 (UTC +04:00)

Əməliyyatdan video paylaşan həkimlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan hallarla bağlı rəsmi müraciət daxil olduqda, təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq məsələ ətraflı şəkildə araşdırılır. 

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qanunvericiliyin pozulması halları müəyyən edilərsə, plandankənar yoxlama həyata keçirilir:

"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir.

Mediada və sosial şəbəkələrdə yayılan “Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək.

Ümumiyyətlə qeyd olunan fəaliyyət, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, reklamı qadağan olunmuş müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının təqdiminə görə vəzifəli şəxslər 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək, hüquqi şəxslər isə 1000 (bir min) manatdan 2000 (iki min) manatadək cərimə edilə bilər.

Belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Bundan əlavə, AEM tərəfindən həkimlər, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli 137 nömrəli əmri – “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” sənəd barədə məlumatlandırılır.

Həmin sənədin VI bəndinə əsasən, tibbi nəşrlər, həkimlərin elmi forum və cəmiyyətlərdə çıxışları, habelə media vasitəsilə maarifləndirmə fəaliyyəti etik normalara uyğun olmalı, yalnız obyektiv elmi-praktik məlumatlarla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünüreklam elementlərini əks etdirməməlidir. Əmrdə həmçinin vurğulanır ki, həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir.

Bu kimi hallarda həkimlərdən izahat alınır və analoji hadisələrin təkrarlanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir.

Qeyd edək ki, Mərkəzin rəsmi saytında əməliyyat zamanı canlı yayım etmək istəyən həkimlərə dair xəbərdarlıq yerləşdirilib.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qarşılaşdıqları hər hansı problem barədə AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırma aparılır və zərurət yaranarsa, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".

***

00:06

"Yayılan videoda gördüyümüz hadisələr xəstənin şəxsi istəyi ilə baş verib və heç bir məcburiyyət olmayıb. Ultrasəs və biopsiya heç vaxt steril şəraitdə aparılmır, bunun üçün əməliyyat otağında olmalıyam. Mən əməliyyat həkimi deyiləm".

Lent.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında pasiyentini prosedur zamanı videoya çəkən və sözügedən görüntülərə görə tənqid olunan mammoloq-radioloq Günel Qəmbərova deyib.

O qeyd edib ki, prosedurun qeyri-steril şəraitdə aparılmasında heç bir problem yoxdur:

"Mən mammoloq-radioloqam, prosedurlar heç vaxt steril şəraitdə aparılmır, buna ehtiyac da yoxdur. İstifadə edilən əlcək belə steril deyil, əməliyyat əlcəklərindən fərqli olaraq bu, tibbi əlcəkdir. Əlcəyi də ona görə taxıram ki, pasiyentdə dəri xəstəliyi olsa, mənə keçməsin.

Mən süd vəzi həkimiyəm. 2014-cü ildən bu günə qədər süd vəzi prosedurlarını aparıram. Xəstələrin üzünü həmişə bağlamışam. Radioloq əməliyyat həkimi deyil. Qadının görüntüsünü isə özü istədiyi üçün paylaşmışıq. Xəstə ultrasəs müayinəsindən qorxurdu, dedi ki, istəyirəm, ərimin acığına o mahnını qoyub oynayasınız. Yerə düşən iynəni isə biz təkrar istifadə etmirik.

Tibb Universitetində 17 illik müəlliməm, tələbələrim var, məsələni böyütməsinlər. Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var. Azərbaycandan ABŞ-yə gedən ilk radioloqam. Tələbələrim Azərbaycanda və dünyada tanınmış həkimlərdir", - deyə G.Qəmbərova qeyd edib.

***
23:03

Daha bir həkim əməliyyat zamanı çəkdiyi videonu izləyicilərinə nümayiş etdirib.

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, bu dəfə tanınmış Mammoloq-Radioloq Günel Qəmbərova bu addımı atıb.

Məlhəm Beynəlxalq Hospitalında pasiyentin intim bölgələrini yayımlamaqdan çəkinməyən G.Qəmbərovanın proses zamanı bayağı davranışı da birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əməliyyat zamanı yayım açan həkimlərə xəbərdarlıq edib:

“Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.

Yuxarıda qeyd olunan fəaliyyət, “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz (300) manatdan beş yüz (500) manatadək məbləğdə, hüquqi şəxslər min (1000) manatdan iki min (2000) manatadək məbləğdə cərimə edilir”, - məlumatda vurğulanıb.

Göründüyü kimi, G.Qəmbərova sözügedən videonu yaymaqla dövlət qurumunun xəbərdarlığını heçə sayıb.

Həkimdən fərqli olaraq, sözügedən videonu etik qaydalar çərçivəsində təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4292

Oxşar yazılar