Sualı dünyanın gündəmi oldu, mediada “lyuboy oğlan” xətrini istəyir – 50 yaşlı baş redaktorla MÜSAHİBƏ
17 may 2023 15:01 (UTC +04:00)

Sualı dünyanın gündəmi oldu, mediada “lyuboy oğlan” xətrini istəyir – 50 yaşlı baş redaktorla MÜSAHİBƏ

İçərişəhərlidir, onunla söhbəti azca uzada bilsəniz, dadlı-duzlu Bakı ləhcəsini də yaxalayacaqsınız. Amma gərək səmimi olduğunuza inandırasınız. Yoxsa quru-quru, rəsmi danışıb keçəcək. Özü “qara oğlandır”, lakin deyir ki, “dostlarım məni rəng olaraq ağ görürlər”. Sosial şəbəkələri bir az yaxından izləyənlər bilir ki, onu Azərbaycan jurnalistikasında çoxu sevir. Özü də bu sevginin fərqindədir, bundan söz düşəndə dodağı qaçır, gözünün içi parıldayır. Lap Eyyub Yaqubov kimi “Bakıda (oxu - mediada) lyuboy oğlan xətrim istəyir” desə yeridi.

Bu gün onun ən başda oturduğu qonşu otaqda bir şadlıq var idi ki, gəl görəsən... Bütün işçilər elə ürəkdən sevinir, gülür baş redaktorlarını təbrik edirdilər ki, bu pozitiv enerji səni də ağuşuna alıb aparır, sehrləyirdi. Sən demə 50 yaşı olurmuş. 50 yaş? Adama elə gəlirdi ki, onun “əllisinə” hələ var. “Məqamdı” deyib, onu müsahibəyə dəvət edirik.

Lent.az-ın müsahibi APA GROUP-a daxil olan Vesti.az-ın baş redaktoru Emil Quliyevdir. Artıq 50 yaşlı Emil danışır:

- 50 yaşın zəhmi basmır hələ sizi, bir mistika hiss edirsinizmi?

- Əslində qocalmaqdan qorxmuram. Çünki bu bioloji prosesdir. Amma özümü 35-37 yaşda imiş kimi hiss edirəm. 50 yaşın doğrudan da qəribə bir mistikası var. Zarafat-zarafat əsrin yarısıdır da... Hə oturub fikirləşsən ki, əsrin yarısını yaşamışam?.. Onda çox qəribə bir hisslər yarana bilər.

- Üzeyir Hacıbəyova Allah rəhmət eləsin. Bu yaşa elə bir damğa vurub getdi ki, hər 50 yaş söhbətində yada düşür. Məşədi İbad sindromu da deyə bilərik.

- (Bir bakılı ədası ilə “yox” deyir, lap “Allah eləməsin” deyirmiş kimi) Bununla bağlı sizə maraqlı əhvalat danışım. Bir dostum var, demək onun 25 yaşı olanda yaxın bir dostunun 30 yaşını qeyd etməyə gedib. Deyir ki, mənə çox qəribə gəlmişdi artıq dostum qocalır, onun 30 yaşı olur. Mənim də təbii ki, 30-35 yaşım olanda 50-60 yaşımı çox fərqli fikirləşirdim. Elə bilirdim ki, həmin yaşlarda artıq çox qoca olacam. Amma gördüyünüz kimi elə deyil. Bəs 60-da necə olacaq? Onu hələ bilmirəm (gülür).

- Ümumiyyətlə, deyə bilərsinizmi, bir insan ömründə hesabatlıq yaşı nə vaxt başlayır?

- Bu fərdi bir anlayışdır. Amma mənim üçün həmişə hesabatlılıq yaşı 60 yaş olub. Təəssüf ki, bunun səbəbini izah edə bilmərəm. Elə fərz edirəm ki, həmin yaş konkret bir hesabatlılıq dövrüdür. Bu yaşıma qədər bir insan, jurnalist və ata olaraq nələri etdim? Nədənsə mənə elə gəlir ki, bu sualların cavabını 60 yaşımda verəcəm.

- Sizcə kənardan hansı rəngdə görünürsüz?

- Mənim rənglərim ağ və qırmızıdır. Amma bunun səbəbini izah edə bilmərəm. Kənardan dostlarım da məni ağ rəng kimi görürlər. Əlbəttə ki, bu, mənim dəri rəngimə görə yox, xasiyyətimə görədir (gülür).

- Bəs, maşın olsaydınız hansı marka olardınız?

- Bunun cavabını bütün dostlarım bilir. Mənim üçün ideal maşın “Range Rover”dir.

- Yəni həyatda bir maşın olsaydınız, “Range Rover” olardınız?

- Bəli. Özü də “Range Rover Sport” (gülür).

- Emil Quliyev imzası Azərbaycan mediası xüsusilə də rusdilli oxucular üçün kifayət qədər məşhurdur. Necə hesab edirsiniz bu imza ən çox nə vaxt parladı?

- Təhsilimi Azərbaycan bölməsində oxuyaraq bitirsəm də jurnalist fəaliyyətimin böyük bir hissəsini rusdilli mətbuatda işləyərək keçirmişəm. Asiya Universitetinin jurnalistika ixtisası üzrə həm bakalavr, həm də magistratura səviyyəsini bitirmişəm. Amma uşaqlıqdan bəri rus dili biliyim Azərbaycan dili səviyyəsində olub. Elə indi də mənim uşaqlarım Azərbaycan bölməsində oxuyurlar. Amma rus dilini də Azərbaycan dili ilə eyni səviyyədə bilirlər. Fəaliyyət dövrümdə azərbaycandilli mətbuatda da çalışmışam. Hər bir jurnalistin həyatında bir çox parlaq hadisələr baş verir. Mənim ən parlaq dövrüm isə Macarıstanda həbsdə olub, ölkəyə gətirilən hərbçimiz Ramil Səfərovun əfv olunduğu zamana təsadüf etdi. Həmin dövrdə bütün dünya erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı qalxmışdı. Bizim əleyhimizə şərh, bəyanat verməyən çox az adam qalmışdı. Azərbaycanda da rəsmi şəxslər həmçinin Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi bu təzyiqlərə cavab verirdi. Amma Prezidentin bununla bağlı nə bir bəyanatı, nə də bir şərhi var idi. Yəni həftə ərzində görüşlər tədbirlər çox idi. Biz də bilirik ki, Prezidentin bu cür strateji məsələlərlə bağlı bəyanatı digər rəsmi şəxslərin bəyanatlarından daha çox təsirli olur. Həmin dövrdə NATO-nun baş katibi Anders Foq Rasmussen Bakıda işgüzar səfərdə idi. Onu Prezident İlham Əliyev qəbul etmişdi. Bu qəbuldan sonra birgə mətbuat konfransı keçirildi. Məni də balaca bir jurnalist qrupu ilə həmin brifinqə dəvət etdilər. Təbii ki, həmin həftə aktual məsələ Ramil Səfərov idi. Beynimdə Prezidentə Ramil Səfərov haqqında sual formalaşdırırdım. Amma brifinqə gələndə protokol xidməti bizə bildirdi ki, əvvəlcədən qarşı tərəflə razılaşdırılmış protokol qaydasına görə, suallar öncə Rasmussenə verilir. Əlbəttə ki, Ramil Səfərovla bağlı Prezidentə verəcəyim sualı Ramussenə verə bilməzdim. Ramussenə isə həmin sualı başqa formada verdim. Onun cavabı isə çox diplomatik, növbətçi bir cavab idi. Protokol xidməti növbəti sualı elan edəndə Prezident İlham Əliyev “mənim də bu suala cavabım var” dedi. Prezident təxminən 10-15  dəqiqə ərzində çox ətraflı, arqumentli bir cavab verdi. Həmin sualıma verilən cavab aparıcı dünya mətbuatının əsas mövzusuna çevrildi. Bir jurnalist olaraq yəqin ki, yaşadığım  o qürurlu anları az-çox hiss edirsiniz. Məhz elə bu səbəbdən hesab edirəm ki, fəaliyyətimin ən parlaq nöqtəsi bu dövr idi.

- Bu gün Azərbaycanda rusdilli jurnalistlərin ən çox qarşılaşdığı problem nələrdir? Maraqlıdır, Azərbaycanda rusdilli jurnalist olmaq nə deməkdir?

- Belə deyək də, rusdilli media daha məsuliyyətli olmalıdır. Bu gün əlbəttə ki, insanlar internet vasitəsilə Azərbaycan dilində yazılanları da tərcümə edirlər. Amma rus dilində yazılmış xəbərləri, yazıları ən azı MDB məkanında bəlli auditoriya oxuyur. Yəni rus dilində yazdıqlarımızı digər ölkələrdən oxuyanlar çoxdur.

- Rusdilli həmkarlarımız bir az sərt desək, “düşmən mediası” ilə debatlara, müzakirələrə daha çox qoşulur. Maraqlıdır, özünüzü bir savaşdakı kimi hiss edirsinizmi?

- Nəinki qarşı tərəfin mediası ilə, ümumiyyətlə bu Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikir səsləndirən hər bir kəslə sanki mübarizədəyik. Bu həm kifayət qədər vacib, həm də çox əsəbi bir cəbhədir.

- Hər dəfə erməni mediasında növbəti böhtan, şantaj xarakterli material görəndə, bizdə bir əminlik var ki, “vesti.az” onların layiqli cavabını verəcək. Bu missiyanı daşımaq da asan olmasın gərək...

- Təbii ki... Özü də onlar bəzi yalanlara artıq özlərini inandırıblar, ya da belə görünmək istəyirlər. 30 il işğal dövründə ermənilər həmişə onların qalib gəldiyini düşünürdülər. Amma 44 günlük müharibədə ordumuzun qələbəsi azərbaycanlı jurnalistlərə böyük bir arqument verdi və o cəbhədəki mövqeyimiz də yaxşılaşdı.

- Bütün müqayisələr qüsurludur, lakin insan düşünmədən edə bilmir, sizcə bizim mediamızın üstünlüyü çoxdur, yoxsa qarşı tərəfin?

- Bizim arqumentlərimiz çox güclüdür. Qarabağ məsələsində mövqeyimiz tarixi həqiqətə bağlıdır. Bu faktı heç kim inkar edə bilməz, heç bilmirlər də. Amma onların istehza, yumor bacarığı da pis mənada güclüdür. Yumorun özü zəka tələb edir, lakin biz düşməni onlar kimi pis şəkildə aşağılamırıq. Onlarda bu bacarıq sanki qara yumora çevrilib. Necə deyirlər arqumentləri zəifləyən kimi, beldən aşağı vurular guya. Ümumiyyətlə qarşı tərəfi axmaq, bacarıqsız kimi qiymətləndirməyin əleyhinəyəm. Biz onları ağıllı və güclü kimi görməliyik ki, onlarla düzgün mübarizə apara bilək.

- Bəs, ictimai rəyə təsir imkanlarınız nə qədərdir?

- Məncə, cəmiyyətə müəyyən dərəcədə təsir edir və nələrisə formalaşdıra bilirik. Çünki bu gün sosial şəbəkələrdə kifayət qədər reaksiya gəlir və cəmiyyətdə müəyyən mövzular müzakirə edilir. Təbii ki, jurnalistika günü-gündən dəyişir. Texnologiya günü-gündən inkişaf edir. Amma indiki jurnalistikamızın səviyyəsindən heç razı deyiləm. Burada söhbət nə Həsən Bəy Zərdabinin vaxtından, nə də 80-ci illərin SSRİ jurnalistikasından gedir. Söhbət özümüzün 90-cı illərdə və 2000-ci ilin əvvəllərində olan jurnalistikasından gedir. Bu gün vəziyyət elə bir səviyyəyə gəlib çatıb ki, artıq xəbərləri bir yerdən “kopyalayıb”, xəbərin mahiyyətini bir kənara qoyub, onun içində olan çox ucuz bir şeyi yalandan şişirdirlər.

- Azərbaycanın çox önəmli bir media qurumundasınız, sizdən əvvəl indiki yerinizdə ustad jurnalist Araz Zeynalov var idi.  Bunun da ayrıca bir məsuliyyəti varmı?

- 2021-ci ilin noyabr ayından etibarən “Vesti.az” saytının baş redaktoruyam. Bu, böyük bir məsuliyyətdir. Amma hələ də dəqiq deyə bilmərəm ki, qarşımıza qoyduğumuz məsələlərdə hər şeyi düzgün etmişəm, ya yox. Çünki Vesti.az-da  bizdən əvvəl görkəmli jurnalistlər işləyib. Buna görə ən çətini də elə budur. Sıfırdan olan bir layihəyə rəhbərlik etmək daha asandır. Sən çox qısa bir müddətə öz sistemini qurursan, özünə uyğun olan əməkdaşlarla işləyirsən və sıfırdan yuxarıya qalxmağa başlayırsan. Amma biri də var ki, artıq yuxarıda olan bir proyektə gəlirsən. Burada sənin iki məqsədin olmalıdır. Birinci məqsəd bu işi elə həmin səviyyədən aşağı salmamaqdır. İkinci məqsəd isə onu daha yuxarı səviyyəyə qaldırmaqdır. Ən böyük məsuliyyət odur ki, müqayisə eləyəndə sənin barəndə “gəldi zəiflətdi” deməsinlər.

- Ümumiyyətlə “Vesti.az” saytını Azərbaycan və dünyada yerini harada görürsünüz?

- Bu əslində indiki hadisələrlə bağlıdır. Çünki Ermənistanla müharibə bitsə də, hələ də mübarizə bitməyib. Hesab edirəm ki, sülh müqaviləsindən sonra rusdilli mətbuat olaraq yeni prioritetlərimiz olacaq. Fikirləşmək lazımdır ki, Ermənistanla münaqişə olmayan yerdə bizim əsas mövzumuz nə olmalıdır? Azərbaycan cəmiyyətinin və bizim xarici siyasətimizlə bağlı mövzular artıq gələcək məsələlərdir.

- Müharibə, yoxsa sülh? – Sizcə hətta məişət səviyyəsindəki problemləri bunların hansı ilə həll etmək daha rahatdır?

- Müharibə ölüm deməkdir. Hər bir insan, hər bir ailə üzvü onun doğmasının müharibədə iştirakına, hətta şəhid olduğuna görə fəxr edir. Amma hər bir halda ölən onun əzizidir. Bu baxımdan sülh tərəfdarıyam. Amma bu 30 il onu göstərdi ki, sülhün hər zaman əldə olunması mümkün deyil. Müharibə sanki cərrahi bir əməliyyatdır. Qarşı tərəf sözü sözlə başa düşür və arqumenti qəbul edirsə, burada sülhdən danışmaq olar. Amma bu 30 ildə ermənilər nəinki rayon, heç bir kəndi də vermək istəmirdilər. Onlar hələ də öz canımız bahasına aldığımız torpaqları öz torpaqları hesab edirlər. Bu cür düşüncələrlə də insanları aldadırlar. Məsələ təkcə Qarabağın dağlıq hissəsindən getmir, həmçinin Ermənistana ümumiyyətlə, aidiyyəti olmayan yeddi rayondan da gedir.

- İndiyə kimi bir jurnalist olaraq müsahibə almaq istədiyiniz, lakin əlinizin çatmadığı biri oldumu? Məsələn, ona nə sual verərdiniz, elə burdan səsləndirin... 

- Mən o dövrdə yaşasaydım, çox böyük həsrətlə və ləzzətlə mərhum Vaqif Mustafazadə ilə müsahibə etmək istərdim. Ona çox suallarım var. Onu musiqiçi kimi hamı bilir, tanıyır. Amma mən onunla söhbət edib, daha sonra həmin söhbətin əsasında müsahibə hazırlamaq istərdim. 

- İçinizdə, ruhunuzda ona paralel nə görürsünüz?

- Bilmirəm. Bəlkə də Vaqif Mustafazadə də İçərişəhərdə böyüyüb mənim kimi (gülür). Sadəcə caz həvəskarıyam. Əlbəttə ki, Azərbaycanda Vaqif Mustafazadədən əvvəl də caz üslubu olub. Amma Vaqif Mustafazadə caz üslubunun banisidir.

- Sizin sosial şəbəkədə dostlarınızın arasında, ətrafınızda, hətta oturduğunuz otaqda belə çoxlu sayda xanımları görürük. Bəs, qadınlar sizə olduğunuz , haqq etdiyiniz kimi qiymət verə bilirlərmi?

- Qadınlarla münasibətim çox gözəldir (gülür).

Bunun səbəbi isə onlarla səmimi münasibətdə olmağımdan irəli gəlir. Qadınlar da məhz o səmimiliyə qiymət verirlər. Bu gün mənim çox yaxın qadın dostlarım var. Kimlər ki, mənim onlarla olan dostluğum kişilərlə olan dostluğum kimidir.

- 20-lərdə 50 yaşı belə təsəvvür edirdinizmi?

- Yox. Heç jurnalist olmağımı belə təsəvvür etmirdim. Həmin vaxtlar texniki elmlərə həvəsim var idi. Hətta ADNSU-da da bir müddət təhsil aldım. Amma daha sonra könüllü şəkildə sənədlərimi geri götürdüm. Əlbəttə ki, indiki ağlım olsaydı belə bir şey etməzdim (gülür).

- Belə kəskin dönüş etmisiniz, maraqlıdır 70 yaşınızda harda olacaqsız?

- 70 yaşında mən özümü bağda təsəvvür edirəm. Amma şəhərdə yox. Güllərin və ağacların arasında təsəvvür edirəm. Ən əsası iki ağıllı qızım var. Ümid edirəm ki, o vaxta qədər onlar ailə quracaqlar və mənə də nəvələr nəsib olacaq.

Foto - Orxan Kərimov © APA group

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18267
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar