Bu günki qəhrəmanımız torpaqlarımızın işğalı dövründə düşmən səngərinə ən yaxın yerlərdə xidmət etmiş, Azərbaycan ordusunda mundirini şərəflə daşımış mayor Ramid Hacıyevdir. O Ramid Hacıyev ki, Vətən müharibəsinin ilk günündən müdafiə xəttində dayanıb, sonda isə döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Bu kadrlar Cəbrayıl rayonun Mirək kəndində çəkilib. Bir evi doğma yuva edən onun divarları çərçivəsində isti nəfəslərin, xatirələrin olmasıdır. Bu ev düşmən tərəfindən uçurdulub, dağıdılsa da bir zamanlar doğma bir ailəyə yuva olub. O ailə ki, illər sonra Vətən müharibəsində bir oğlunu torpaq uğrunda fəda verib. Evin üzərində də şəhidimizin şəkli asılıb. Mayor Ramid Hacıyev… Zabitimiz 1987-ci il 11 fevral tarixində burda doğulub. Düşmən Ramidin həm evini, həm də gəncliyini əlindən alıb. Hacıyevlər ailəsi Cəbrayıl rayonu işğal edildikdən sonra Bakıda bir bağçada məskunlaşıb. 25 illik məcburi köçkün həyatı yaşayan zəhmətkeş ailə 2014-cü ildə bu binada dövlət tərəfindən mənzillə təmin olunub. Bir vaxtlar Ramid də bu evdə yaşayıb. İndi o otaqlardan biri şəhidin xatirələrini əks etdirən guşə ilə bəzənib. Hər bir şəkil, hər bir diplom, fəxri fərman Ramidin hərb yolundan danışırsa, ailəsi, dostları, hərbiçi yoldaşları də onunla olan xatirələrindən, döyüşlərdəki şücaətindən danışacaq.
Ramid Hacıyev 1994-cü ildə Xətai rayonundakı 249 saylı orta məktəbə getsə də, 1998-ci ildən 2002-ci ilə qədər təhsilini Xətai rayonu 48 saylı orta məktəbdə davam etdirib.
Ramid hərbiçi olsa da, Allah ona xüsusi bir istedad bəxş eləyib. Yəqin ki, Qarabağ torpağının sehrindəndir ki, Ramid gözəl səsə sahib olub. Kim bilir, bəlkə də hərbini seçməsəydi bu günün məşhur xanəndələrində olardı. Tale isə onu əlində qaval tutmağa yox, silah tutmağa vadar elədi...
Savaş meydanında düşmənə öz gücünü göstərmək üçün atılan addımların başlanğıcıdır Cəmşid Naxçıvanski adına hərbi lisey... 2002-ci ildə Ramid Hacıyev liseyə qəbul olub, 2005-ci ildə buranı bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub və 2009-cu ildə məktəbi motoatıcı ixtisası üzrə bitirib.
Onun hələ 16 yaşı var idi, sevginin qığılcımlarını hiss edəndə... Hələ kursant olarkən Sevinc xanıma aşiq olur qəhrəmanımız...8 ildən sonra isə bu sevginin təməli onların evliliyi ilə möhkəmlənir. Hərbiçinin həyat rejiminə uyğunlaşmaq məsuliyyət, bir o qədər də çətinlik tələb edir. Hacıyevlər ailəsi də bu sınaqların olduğu yolda Ramidə dəstək olub, onunla xoşbəxt bir ömrü paylaşacaq xanımla ailə qurmasına xeyir-dua verib...
Övlad şirin nemətdir... Tanrı elə bu nemətdən Ramid Sevinc cütlüyünə 3 övlad bəxş edib. Bir oğul, iki əkiz qız övladı... Əli, Dəniz və Yağmur... Əli artıq böyüdüyünün fərqindədir. Qızlar isə hələki çox hadisələri dərk etmir. Ramid o atalardan olub ki, vətən qarşısındakı vəzifələrini hər şeydən üstün tutub. Övladları bəzən onunla vaxt keçirə bilib, bəzən isə ən əlamətdar günlərdə atalarını yanlarında görə bilməyiblər.
Hərb peşəsini seçmək qürurvericidirsə, vətəninə xidmət etmək o qədər şərəflidir. Ramid Hacıyev xidməti dövründə hər zaman ön xətdə, düşmən mövqelərinə yaxın ərazilərdə xidmət aparıb. Tovuzun N saylı hərbi hissələrindən tutmuş, Tərtərin N saylı hərbi hissəsinə qədər müxtəlif vəzifələrdə - qərargah rəisi, tabor komandiri vəzifələrində fəaliyyət göstərib.
Məlumdur ki, Vətən müharibəsi başlayan gündən Tərtər rayonu düşmənin artilleriya zərbələrinə məruz qalıb. Sözsüz ki döyüşlərə ilk girən bölmələrimizdən biri Tərtərdəki hərbi hissələrdə xidmət aparan hərbiçilərimizdir. Elə bu baxımdan mayor Ramid Hacıyev və şəxsi heyəti Tərtər ətrafı döyüşlərdə müdafiədə dayanıb.
İnsanlıqdan çıxmış düşmənə hünər göstərib, işğalçılığa son qoyan ordumuz ən çətin yolları keçərək erməni silahlı qüvvələrinə layiqli cavabı verib. Düzdür, bu yolda şəhidlər versək də, məqsədimizə çatıb, hədəflərimizə doğru irəliləmişik. Bu irəliləyiş azad edilən hər rayonumuzda, kəndimizdə bayrağımızın dalğalanmağına səbəb olub. Elə o 3 rəngli bayrağımız tapdaq altında olan ərazilərimizdə dalğalansın deyə Ramid Hacıyev və silahdaşları ən vacib döyüş əməliyyatını icra etməyə başlayıb...
Ailəsi nigaran qalmasın deyə Ramid döyüşlərdən vaxt tapdıqca onlarla əlaqə saxlayıb. Hər dəfə onun səsinin gəlməyi ailəyə bir ümid olub. Oktyabrın 16-sı ailəyə verilən ağır xəbər onların ümidini puç edib. Doğmalarına əvvəl yaralı olduğu deyilsə də, Tərtərdə Ramidi soraqlayan ailəsi 2 gün onun döyüş meydanından nəşinin çıxarılmasını gözləyib. Əsgərlərimiz düşmən mərmisinin altında güclə də olsa, onun cansız bədənini ərazidən çıxartmağı bacarıb. Sonda isə mayorumuzun cənazəsi ailəsinə təhvil verilib.
Hər bir ana, ata övladını yanında görmək, hər bir övladda atasının nəvazişi ilə böyümək istəyər. Təsəllisi olanlar da var, olmayanlarda. Amma Hacıyevlər ailəsinin xüsusi ilə də Solmaz ananın gözündəki kədər hissi qəlbindən gələn qürurlu və mətanətli sözlərə təsəlli tapır...
İnsanların and yerinə çevrilən bu xiyabanda məzarları çiçəkli şəhidlər hər gün bura gələnləri donmuş daş şəkillərdən təbəssümlə qarşılayır. Ziyarətçilər isə burdan gedəndə özü ilə şəhidlərimizin qəhrəmanlıq yolundan nümunə aparır. Bu igidlərimizin sırasında olanlardan biri Ramid Hacıyev də, bizə, həm də gələcək nəslə böyük bir örnəkdir. Ruhun şad olsun, cənab mayor, xatirən hər zaman səni sevənlərin qəlbindədir.