Şəhid qızı rəisdən şikayətçidir: “Qəsdən cəzalandırılıram”
11 yanvar 2023 18:50 (UTC +04:00)

Şəhid qızı rəisdən şikayətçidir: “Qəsdən cəzalandırılıram”

Azərbaycanda şəhid qızı məmurlardan şikayətçidir. 

Bu barədə Lent.az saytına şikayət daxil olub. Şikayəti Ağdam rayon Mahrızlı kənd sakini, şəhid qızı Səma Məmmədova ünvanlayıb. Səma Məmmədovanın Qaradağlı kəndində fəaliyyət göstərən Musiqi məktəbində fortepiano dərsi verir. O, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovdan şikayətçidir. Səma xanım bildirib ki, dözülməz vəziyyətlə qarşılaşır.

Qalib Əsədov

“Korrupsiya faktları barədə Mədəniyyət Nazirliyinə şikayət məktubları göndərsəm də, nazirlik həmin məktubları geriyə, Qalib Həsənovun üstünə göndərir. Bu da “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında qanunun 7-ci maddəsinə ziddir”,- deyə o bildirib.

Səma Məmmədova qeyd edib ki, Qalib Həsənov şikayət məktublarına məsuliyyətsiz yanaşır, şikayətçiyə cavab bildirmir. Onun bu addımı vətəndaşlarda rəsmi dövlət qurumuna qarşı etimadsızlıq yaradır.

“Mən hökumətimizin korrupsiyaya qarşı mübarizə çağırışlarına qoşulduğum üçün Qalib Həsənov tərəfindən cəzalandırılıram. Şəhid övladının çörəyini kəsməklə ona cəza verilir. 6 aydır şikayətlərimə cavab verilmir”,- deyə Səma xanım bildirib.

Məktubda bildirilir:

“2022-ci ili mayın 26-da sabiq Mədəniyyət naziri Anar Kərimov Ağdamda vətəndaşları qəbul edərkən onun qəbulunda oldum. Qəbul zamanı şəhid övladı olaraq boş qalmış məktəb direktoru vəzifəsini icra etmək istədiyimi bildirdim.
Anar Kərimov şəhid övladı olmağımı nəzərə alıb, Regional İdarənin rəisi Qalib Həsənova göstəriş verərək, xahişimin həll olunacağını və Qalib Həsənovun məni çağıracağını bildirmişdi. Qalib Həsənov məni çağırmadı və başqa bir nəfəri direktor təyin elədi.

Qaradağlı kənd Uşaq Musiqi Məktəbinin 52 şəxsdən ibarət rəsmi etiraz ərizəsinə baxmayaraq, Qalib Həsənov iş stajı az olan Qarayev Fəqani Elburus oğlunu məktəb direktoru təyin etdi. Mən qanun pozuntuları barədə hüquq mühafizə orqanlarına müraciət etdiyim üçün Qalib Həsənov tərəfindən təqib olunuram. Dərs saatlarım əlimdən alınıb. Əvvəl 30 saat olan dərs saatımı 18 saata salıblar.

Mən şəhid övladı olaraq bir daha bildirirəm ki Qalib Həsənov tərəfindən müxtəlif variantlarla cəzalandırılıram. Əlaqədar qurumlardan və şəxslərdən mənə kömək etmələrini xahiş edirəm”.

Səma Məmmədovanın şikayətlərinə Qalib Həsənovun da münasibətini öyrəndik.

Qalib Həsənov Lent.az-a bildirdi ki, onun musiqi məktəbin direktor təyin etmək səlahiyyəti var. Lakin, nazirin Səma xanımı direktor təyin etmək barədə göstərişi olmayıb. “Ümumi qəbul olub, qəbulda iştirak edən 10 nəfər dediyimi təsdiq edə bilər. Dərs saatları barədə dediklərinə gəlincə, Səma xanımın yetərli qədər dərs saatı var” deyə rəis bildirib. O başqa heç nə danışmaq istəməyib.

Şikayət məktubunu haqqında şikayət edilən şəxsin üstünə göndərmək Sovet dönəmindən qalma anlaşılmaz bir qaydadır. Nazirliyin və idarə rəisinin bu məsələni yenidən gözdən keçirəcəyinə, obyektiv yanaşma sərgiləyəcəyinə ümid edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5724
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar