Saxta profilləri  ləğv etdirməyin yolları - Əsas problem nədir?
04 may 2023 13:54 (UTC +04:00)

Saxta profilləri ləğv etdirməyin yolları - Əsas problem nədir?

Bu günlərdə müxtəlif tanınmış şəxslərin sosial şəbəkə profillərinin oğurlanması ilə bağlı müxtəlif xəbərlər yayılır. İlk baxışda təhlükəli kimi görünməsə də, əslində çox qorxunc bir vəziyyət yaranır. Təsəvvür edin, sizin xəbəriniz olmadan, kimsə sosial şəbəkə vasitəsilə əldə etdiyi şəklinizdən istifadə edib, adınıza səhifə açır və xəbəriniz olmadan sizin adınızdan istifadə edərək istədiyi adama istədiyi şəkildə mesajlar göndərir. Bu mesajlar erotik səpkidə də ola bilər, cinayət tərkibli də. İstədiyini şantaj edə və qaralaya bilər.

Bu günlərdə yaxşı tanıdığım bir xanım mesencerdə yazıb, məndən itmiş səhifəsinin bərpası üçün kömək istədi. Əlbəttə, ilk baxışda ağlına dələduzluqla üz - üzə olmağım gəlməzdi. Xanım söhbət zamanı bahalı hədiyyə kuponu almaq üçün şəxsiyyət vəsiqəmin şəklini istəyəndə şübhə yarandı. Özünə zəng etdim. Dedi “sən artıq necənci adamsan ki, zəng edirsən. Mən biabır olmuşam”. O, məsələ ilə bağlı polisə müraciət etdiyini desə də, hələlik nəticə almadığını da təəssüflə qeyd etdi.
 Polis hesab edir ki, kiberəsrdə yaşayırıqsa, bu şəkildə cinayət hallarının olması da gözlənilən idi. “Bizim işimiz fakt baş verincə araşdırmaq, cəzalandırmaqdır”,- deyə polisdən sualımıza cavab olaraq bildirdilər.

Bəs o vaxta qədər şəxsiyyəti təhqir olunmuş kibercinayətə məruz qalan şəxs nə eləməlidir? Bu müddət ərzində onun şəxsi yazışmaları, şəkilləri ələ keçirilir, haqqında xoş olmayan rəy yaradılır, çox böyük ehtimalla ailəsində söz-söhbət , qalmaqallar başlayır. Axı adətimizdir, biz cəmiyyət olaraq əvvəlcə dovşanın qulağını kəsib, sonra sayırıq.

Günümüzü internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Bəs virtual dünyada təhlükəsizliyimizi necə qorumalıyıq?

İKT sahəsi üzrə mütəxəssis Osman Gündüz Lent.az-a verdiyi açıqlamada bildirdi ki, sosial şəbəkə cinayətlərinin açılması Amerikada, Avropada, lap elə qardaş Türkiyədə uzaqbaşı 1 saat zaman alır. Çünki, “WhatsApp”, “Facebook” və digər sosial şəbəkələrin həmin ölkələrdə yerli nümayəndəlikləri var. Yerli nümayəndəliklərə müraciət etməklə “klaviatura cinayətkarlarını” tapmaq, cəzalandırmaq daha asandır. 

“Bizdə yerli nümayəndəliyin olmaması ən böyük problemdir. Lakin üzvü olduğunuz sosial şəbəkənin administrasiyasına müraciət etməklə dəstək almaq, itmiş, oğurlanmış səhifəni geri almaq, saxta profilləri ləğv etdirmək mümkündür.

Bundan əlavə Azərbaycanda Elektron Təhlükəsizlik Xidməti mövcuddur. Bu xidmət bir çox məsələlərdə vətəndaşlara dəstək ola bilər. Əlavə olaraq, “Kibercinayətkarlıq haqqında” Konvensiyanın üzvüyük. Kiberinfrastrukturun böyük hissəsinin özəl və ya şəxsi mülkiyyətdə olması hüquq - mühafizə orqanlarından müxtəlif sektorlarla əməkdaşlığı tələb edir”,- deyə o bildirib.

 Xülasə, tez - tez sosial şəbəkələrdə müxtəlif proqramlar vasitəsilə şəkillərinizi və adınızı axtarışa verin, adınıza saxta profillərin olub - olmamasını yoxlayın. Dostluq siyahınıza təhlükəli bildiyiniz adamları daxil etməyin, hamıya güvənməyin. Şəxsi həyatınızla bağlı paylaşımlar edərkən iki dəfə düşünün. Kiberdünya həyatımızı asanlaşdırdığı qədər, çətinləşdirə də bilər. Bunu heç vaxt unutmayın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar