Və ya bu ailəni ifşa edək, qoy məhv olsun...
Naftalanda bir ailə var idi. 4 uşağın 3-ü sapsarı, düz, ipək saçlı, incə səsli. İlkləri isə qapqara, qıvrım, cod saçlı, bariton səsli. İlk uşaqla digərlərinin yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Hamı bu mənzərəni təəccüblə izləyirdi. Amma elə bununla da kifayətlənirdilər. Heç kim bircə dəfə də olsun yüksək səslə digərinə demirdi ki, bu ilk uşaq elə bil bunlardan deyil? Bu necə ola bilər axı, uşağın atası başqasındandır görən? Balaca bir şəhərdə bu sual demək olar ki, hamını narahat edirdi, amma sakitliklərini də qoruyurdular. Böyük ərdəm...
Uzun illər boyunca bu ailə ailəliklə bir yerə gedəndə, ələlxüsus də toylarda iştirak edəndə bütün gözlər onlara çevrilirdi. Amma bircə nəfər də digərinə sual etməzdi ki, axı bu nə məsələdir? Bütün suallar sadəcə gözlərdə qalırdı, ondan uzağa getməzdi.
Amma iş bununla da bitmirdi. Bir müddət sonra öyrəndiklərimiz daha dramatik idi...
Məlum oldu ki, Naftalana demək olar ki, bitişik bir kənddə bir ailə var. Onların da evində uşaqların sayı az deyildi. Uşaqların hamısı qapqara, qıvrım, cod saçlı, bariton səsli, təkcə biri sapsarı, düz, ipək saçlı, incə səsli. Daha sonralar məlum olacaq ki, bu uşaqlar xəstəxanada dəyişik düşüb. Həmin kənddən və Naftalandan olan hamilə qadınlar eyni xəstəxanada doğurdular. Və elə oradaca sarı bala qaraşın ailəyə, qara bala sarıyanızların yanına gedir. Qan və rəng yadlığı isə bu ailələrdə doğmalığa mane olmayıb. Ailələr onlara heç uyğun olmayan bu uşaqları bağırlarına basıb digərlərindən ayırmadılar. Hətta həqiqət ortaya çıxdıqdan sonra da o uşaqlar dəyişdirilmədi. Sonuna qədər qara bala sarıların yanında, sarı oğul da əvvəlcədən düşdüyü ailədə yaşamağa davam etdi. Heç bir-birinə qonaq belə getmədilər. Hətta bu işdə böyük günahı olan xəstəxananı belə şikayət edən olmadı ki, həqiqət daha da ortalığa saçılmasın.
Bunları sizlərin diqqətinə çatdırmaqda məqsədim o idi ki, insanlar birinin sirrini və ya hansısa eybini bilsə belə susmağı bacarırdı. İfşa sözü bəlkə də yalnız siyasi məqsədlər üçün istifadə olunurdu. Bəs indi nə oldu o susan, humanist insanlara? Hazırda əksər insanın əlinə nəsə bir video, sirr keçirsə onu təngnəfəs paylaşır. Orada kimin üzü göründü, kimin taleyi, arzuları, xəyalları zibil qutusuna atılacaq... Bunu düşünən yoxdur. Deyirəm yaxşı ki, yuxarıda bəhs etdiyim ailələrin vaxtında vəziyyət indiki kimi deyildi. Yoxsa bu hadisədən yüzlərlə videolu paylaşımlar olardı. O ailələrdən kimsə intihar edənə kimi əl çəkməzdilər.
İndi ən çox aktual olan, bəlkə də sizin üçün bayağı gələcək sualı bir dəfə də səsləndirək - Günah günü-gündən inkişaf edən sosial mediadadır, yoxsa “paylaşım qəhrəmanlarının” daşlaşmış, qəzəblə qaralmış, komplekslərdən məhv olmuş vicdanlarında?
Qadın olmağımın məsələyə heç bir dəxili olmadan onu da deyim ki, kimisə ifşa edəcəksiniz, qisas alacaqsınız deyə xanımların üzünü paylaşmaqdan çəkinin. Allahınız olsun! Məni hadisələrə seksist yanaşmada qınamağa da haqqınız olmasın. Çünki elə bir cəmiyyətdə yaşayırıq ki, şərq psixologiyası ilə kişilər vəziyyətdən əksər hallarda daha az itki, zərərlə çıxırlar. Qadınlar və uşaqlar isə məhv olurlar. Anadoluların bir el sözü var “Alma mazlumun ahını, çıkar aheste aheste”...
İndi gələk bu yazının başlığına. Bilərəkdən belə vicdansız başlıq seçdim ki, “paylaşım qəhrəmanlarının” diqqətini çəksin, bəlkə oxuyub az da olsa əməllərini bir götür-qoy edərlər? Çünki hər hansı insani, humanist başlıqla onların maraq dairəsinə düşəcəyimə heç inanmıram.