Şagirdləri dərsdə çətirlə oturan məktəblə bağlı  NAZİRLİKDƏN AÇIQLAMA
27 fevral 2023 18:21 (UTC +04:00)

Şagirdləri dərsdə çətirlə oturan məktəblə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Bir neçə gün əvvəl Azərbaycanda şagirdlərin dərsdə çətirlə oturduğu məktəb haqqında xəbər vermişdik. 

Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən şəhid Sübhi Mahmudovun adını daşıyan həmin məktəb qəzalı vəziyyətdədir.

Belə ki, yağış yağan vaxt şagirdlər sinif otaqlarında çətirlə otururlar, pəncərələrə şüşə əvəzinə karton vurulub, döşəmə də çürüyüb...

Eyni zamanda, yay və yaz aylarında sinif otaqlarında gürzə ilanları, siçovullar, digər həşəratlar gəzir. Həmin məktəbdə hazırda 12 sinif otağı var, 300-ə yaxın da şagird təhsil alır.

Lent.az məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq bildirilib ki, regionalın tabeliyində fəaliyyət göstərən Kürdəmir rayonu Axtaçı kənd Sübhi Əhmədağa oğlu adına tam orta məktəbinin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı məlumatlıdır.

Həmçinin qeyd edirik ki, sözügedən məktəb binasının yenidən tikilməsi və maddi infrastruktur bazasının yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramına daxil edilmişdir.

Əlavə olaraq bildiririk ki, cari il üzrə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Yevlax və Göyçay rayonlarının hər biri üzrə 1, Ucar rayonu üzrə 2 məktəb binasının yenidən tikintisinə, eləcə də Göyçayda 1 məktəb binasının əsaslı təmirinə başlanılmışdır.

# 2421
avatar

Fidan İlqar

Oxşar yazılar